Qələbənin başlanğıcı - 27 sentyabr ŞƏRH

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusu həlak olmuş, onlarla hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Son 200 ildə ermənilər tərəfindən Azərbaycan əhalisinə qarşı soyqırımlar, qətliamlar törədilmiş, əzəli Azərbaycan torpaqlarını öz ərazilərinə qatmışdılar. 1988-1993-cü illərdən başlayaraq Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdü.

1993-cü ilin iyun ayında xalqın təkidi və istəyi ilə Heydər Əliyev hakimiyyətə gəldi, ordu quruculuğuna mühüm əhəmiyyət verildi. Qarabağ uğrunda gedən döyüşlərdə əsaslı dönüş yarandı. 1994-cü ilin may ayında erməni tərəfi ilə atəşkəsə nail olundu. Bu, ordu quruculuğunu müasirləşdirmək və modernləşdirmək baxımından Azərbaycan üçün çox faydalı idi.

2003-cü ilin oktyabr ayında Ümummilli lider Heydər Əliyevin zəmanəti və xalqın istəyi ilə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçildi. O, qısa müddətdə daxili və xarici siyasətinin bütün sahələrdə yüksələn xətlə inkişafına, xüsusilə ordu quruculuğunun modernləşdirilməsinə müstəsna əhəmiyyət vermişdir.

Bu dövrdə Ermənistan tərəfi təmas xəttində vaxtaşırı Azərbaycanın sərhədlərini pozmağa cəhd göstərir, təxribatlar törədir, yalnız Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbəsindən sonra susmağa məcbur edilirdi. Azərbaycana qarşı Ermənistanın növbəti təxribatlarından biri 2016-cı ilin aprelində və strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlı kəndini, 2 min hektardan artıq ərazini əks-həmlə əməliyyatı nəticəsində mənfur düşməndən azad etdi. 2018-ci il mayın 20-27-də Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində strateji cəhətdən müstəsna əhəmiyyəti olan bir neçə yüksəkliyi və kəndi, bütövlükdə 11 min hektar ərazini Azərbaycan Ordusu öz nəzarəti altına aldı. 2020-ci il iyul ayında özünün bütün hərbi imkanlarından istifadə etməklə Azərbaycanın Tovuz rayonuna qarşı hərbi təxribata başladı. Azərbaycan Ordusunun əks hərbi əməliyyatı qarşısında tab gətirə bilmədi.

27 sentyabr 2020-ci ildə Müdafiə naziri Ali Baş Komandana məlumat verərək təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qaldığını bildirdi. Adekvat cavab vermək qərara alındı və

Azərbaycan müharibəyə qoşuldu.

2020-ci il 27 sentyabr hadisələriləri əlaqədar olaraq Ali Baş Komandan İlham Əliyev sonralar bildirirdi ki, münaqişə dondurulmuş vəziyyətdə olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Çünki Ermənistanın müharibə ilə əlaqəli planı vardı.Buna görə də Silahlı Qüvvələrimizin hərbi əməliyyatları düşmən üçün çox gözlənilməz olurdu. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, Hadrut, Cəbrayıl, Zəngilanı, Qubadlını azad etdi. Azərbaycan Ordusu 44 gün ərzində bütün cəbhə bölgələrində irəli getdi.Ali Baş Komandanın dediyi kimi qələbəmizin zirvəsi Şuşa əməliyyatının uğurla aparılması olmuşdur. Ali Baş Komandanın dediyi kimi Azərbaycan Ordusunun Şuşanı azad etməsi dümənin belini qırdı, bununla da düşmən praktik olaraq təslim olmuşdur. Düşmən tərəfi noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktını imzalamalı oldu.

Dünya şahidi oldu ki, kağız üzərində qalan 1993-cü ildən Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsi, sonrakı illərdə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın düşünülmüş siyasəti, xalqının əzmkarlığı, birliyi sayəsində Azərbaycan özü yerinə yetirdi.Şuşada 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Milli Məclisdə Azərbaycan-Pakistan-Türkiyə parlamentləri arasında birgə hərbi təlimlərlə əlaqəli olan daha ciddi bir sənəd Bakı Bəyannaməsi öz təsdiqini tapdı. Bunlar hamısı 2020-ci il 10 noyabr qələbəsinin sayəsində qazanılmışdır. İkinci Qarabağ müharibəsinin gedişində Ali Baş Komandan İlham Əliyev dünyanın müxtəlif ölkələrinin 30-dan artıq KİV-ə müsahibə verdi və özünün polad məntiqi sayəsində dünyanın diplomatiya tarixinə yeni nümunələr, çalarlar gətirdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlama səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır. Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə