" Vətəninin qələbəsinə sevinməyən radikalların ermənidən nə fərqi var ki?!" ŞƏRH

" Vətəninin qələbəsinə sevinməyən radikalların ermənidən nə fərqi var ki?!" ŞƏRH

Cənab prezident son hadisələrin nəticələri, səbəbləri barədə Laçına 21 sentyabr tarixli səfərində ictimaiyyətə ətraflı məlumat verdi. Düşmən ölkəyə bir daha sərt xəbərdarlıq edərək bu kimi revanşist hərəkətlərdən əl çəkmələrinin onlar üçün ən yaxşı çıxış yolu olacağını bildirdi. Sərhəddə baş verən hadisədə Azərbaycan Ordusunun ölkəmizin beynəlxalq aləmdə tanınan öz torpaqlarında yerləşdiyini , heç bir sərhəd pozuntusu olmadığını, bu və bu kimi dezinformasiyaların erməni hərbi-siyasi rəhbərliyinin bilərəkdən qlobal arenada yaydığını diqqətə çatdırdı. Azərbaycan xalqı - torpağına, Vətəninə bağlı olan hər bir azərbaycanlı istər 44 günlük müharibə dövründə, istərsə də son sərhəd hadisələrində Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşdi. Mübarizə apardığımız bu dövrlərdə xalq-iqtidar birliyinin nəticəsi hər kəs üçün bəllidir. Ancaq çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu qələbəyə kölgə salmaq istəyən bəzi anti-milli ünsürlər var. Vətəndaşlarımız arasında yalan, şər, böhtan, çaşdırıcı məlumatlar yayaraq bu prosesləri ləngitmək onların başlıca istəyidir. Hələ bu azmış kimi ölkə xaricində sosial şəbəkələrdə etdiyi çıxışlarla son hadisələrdə Azərbaycanı işğalçı, guya Ermənistan ərazisinə daxil olub beynəlxalq normaları pozan bir ölkə kimi qələmə vermələri onların iç üzünü bir daha xalqımızı göstərdi. Bir nüans mənim üçün çox maraqlıdır: 30 ilə yaxın bir müddətdə Ermənistan bizim ölkə sərhədimizi pozub, torpaqlarımızı işğal etməmişdimi?! O zaman onların səsi heç bu qədər gur çıxırdımı?! Cavablar hamı üçün aydındır. Məlumdur ki, mübarizə apardığımız zamanlarda ikili standartlarla üzləşmişik, haqsızlıqlar, işləməyən beynəlxalq normalar və s. digər maneələrlə rastlaşmışıq. Bu vəziyyətdə hərbi-siyasi arenada əldə etdiyimiz uğurları heç xəyallarına gətirə bilməyən sapı özümüzdən olan baltaların ermənidən nə fərqi var ki?! Yeni qələbələr bizləri gözləyir! Ölkəmizin qarşısına qoyduğu bütün hədəflərə çatacağına və bu yolda xalqımızın daim əzmlə birlik olacağına əminəm! İrəli!

Orxan Mustafazadə

Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə