"Bu qələbə tarixə qızıl hərflərlə yazıldı" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
“2 il öncə 27 sentyabr tarixində Azərbaycan Ordusu əks hücum əməliyyatına keçdi. Sonradan hücum əməliyyatı yeridərək Azərbaycan Ordusu işğalçı qüvvələri darmadağın etdi”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu: “Bu Zəfəri Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi qəbul etmək olar. Biz torpaqlarımızı erməni qüvvələrindən ala bildik, amma hələ də onların qurduğu tələlərdən tam xilas etməmişik. Mina təmizləmə prosesi çox uzun prosesdir, burada həm I Qarabağ, həm də II Qarabağ müharibəsindən qalan minalar var. Bu gün dünyanın bizə ikili standartlarla yanaşdığının şahidi oluruq. Torpaqlarımızda tarixi abidələrimiz yerlə yeksan edilmiş, qabirstanlıqların məhv edilməsi erməni vandalizminin nümunəsidir. Amma dünya hələ də buna susur. 2 il keçməsinə baxmayaraq biz Ermənistana qarşı heç bir tələbin olduğunu görməmişik. Azərbaycan ordusu öz torpaqlarını öz gücü ilə, öz siyasəti ilə geri aldı. Bu qələbə tarixə qızıl hərflərlə yazıldı. Bilirsiniz ki, müharibənin dayandırılması saziş əsasında baş verib. 10 noyabr sazişi Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə tərtib edildi. Üçtərəfli sazişin bəndlərini amma hələ də Ermənistan tərəfi yerinə yetirməkdən boyun qaçırır. Həm də Rusiyanın yetərli təzyiqini görmürük. Digər tərəfdən Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz hərbi qüvvələrini tərksilah etdiyini görmədik. Sərhəddə atəşkəs tez-tez pozulurdu və Rusiya sülhməramlıları ermənilərin təsiri altına düşərək onların təxribatlarına göz yumurdu.
Mütəmadi olaraq Ermənistan tərəfi sərhəddə atəşkəsi pozurdu. Son hadisələr zamanı Azərbaycan qisas əməliyyatı keçirərək orada olan terrorçuları qovdu. Azərbaycan ordusu müəyyən yüksəklikləri əldə etdi. Əlbəttə biz burada çox şeyə nail olduq. Azərbaycan bir daha öz dəmir yumruğunu göstərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB