"Əsgərə arxadan zərbə vurmaq radikal müxalifətin şüarına çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

"Əsgərə arxadan zərbə vurmaq radikal müxalifətin şüarına çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

"Radikal müxalifət özünün antimilli, antiAzərbaycan çıxışları və mövqeyi ilə çoxdan tanınır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Deputatın sözlərinə görə, onlar Azərbaycan cəmiyyətini yeni heç bir şeylə təəccübləndirə bilməzlər: "Ancaq bu günlərdə verdiyi açıqlamalar bizi çox təəccübləndirdi. Azərbaycan əsgərinə arxadan zərbə vurmaq, Azərbaycan torpaqlarını Ermənistan torpağı kimi qeyd etmək, Ermənistan üçün erməni millətindən daha çox mübarizə aparmaq bu gün radikal müxalifətin şüarına çevrilib. Sanki hardansa bir tezis alıblar, bütün müxalifət eyni şeyi təkrarlayır. Hətta atası ermənilər tərəfindən öldürülən şəxs belə bu gün həmin o erməniləri müdafiə edir, onların mövqeyindən çıxış edir.

Ermənistan Azərbaycan sərhəddini tanımır. Sərhədlərin delimitasiyası və demarkasiyası haqqında razılığa gəlinməyib. Azərbaycan tarixən xəritələrlə ona mənsub olan ərazilərdə öz suverenliyini təsdiq edib. Bu baxımdan Ermənistanın ərazisinə təcavüz iddialarını dəstəkləyən bu qüvvələrin kimə xidmət etdiyi hamıya məlumdur. Azərbaycana başqa dövlətlərin bir qarış torpağı lazım deyil. Ermənistan dövləti belə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Sovet dövründə qeyri-qanunu şəkildə Azərbaycan torpaqları Ermənistana birləşdirilib.

Azərbaycan 13 sentyabrda Ermənistanın genişmiqyaslı hərbi təxribatlarının qarşını aldı. Bu lokal toqquşma deyildi. Bu faktiki olaraq 2 ildən sonra baş verən böyük həcmli döyüş idi. Azərbaycan əsgərləri qəhrəmanlıq göstərdilər. Radikal müxalifətin bugünkü çıxışları şəhid olan əsgərlərimizin ruhuna təhqirdir. Uşaq evində böyüyən Səbuhi Əhmədovun ruhuna təhqirdir. Onlar bir daha özlərini işfa etdilər və Azərbaycan üçün nə istədiklərini ortaya qoydular”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə