Erməni terrorizminin daha bir ünvanı: Xəlifəliçay TƏHLİL

Erməni terrorizminin daha bir ünvanı: Xəlifəliçay TƏHLİL

20 sentyabr 1991-ci il. Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladıldı. Erməni terrorizminin daha bir ünvanı. Terrorizm həm bütün forma və təzahürlərinə, həm də miqyasına görə ən qəddar, qeyri-insani hadisə olaraq qlobal problemə çevrilib. Bir tərəfdən kütləvi insan qırğınına səbəb olması, digər tərəfdənsə maddi-mənəvi dəyərlərin məhvinə səbəb olur. Sivil dünyada terrorizm nə qədər qəbuledilməz olsa da təəssüflər ki, bu hal ilə bərabər yaşayırıq. Terror aktları insan tələfatları ilə nəticələnir və güclü psixoloji gərginliklər yaşanılır. Terrorizm haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Əlbəttə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir. Müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəmində yaranır. Bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər. Azərbaycan da terrordan, xüsusən siyasi terrordan əziyyət çəkən ölkələrdəndir. "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir. 1918-ci ilin yazında Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində - Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və "Daşnaksütyun"dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən, o zaman soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

ACI HƏQİQƏTLƏR STATİSTİK RƏQƏMLƏRDƏ

1992-ci ilin fevralında 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən "Xocalı soyqrımı"nın törədilməsi insanlıq əleyhinə, bəşəriyyətə qarşı cinayətdir. Bu soyqrım aktını törədən terrorçulardan biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Avropa Birliyindəki çıxışında da etiraf etmişdir ki, "Xocalıya qədər elə hesab edirdilər ki, biz dinc əhaliyə, qadınlara və uşaqlara rəhm edərik. Amma biz bu stereotipi sındırdıq". Bu "səmimi etiraf" ermənilərin terrorçuluq siyasətini bir daha bəyan etmiş oldu.

Düşmən əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali Ağdam rayonuna çatmaq ümidi ilə oranı tərk etməli olub. Ancaq bu istək baş tutmayıb. Şəhəri yerlə-yeksan etmiş erməni silahlıları və 366-cı motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutublar. Bu qırğın nəticəsində 613 nəfər həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocalar idi. 8 ailə tamamilə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaq idi. Faciə zamanı 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Xocalıdan əvvəl və sonra da əzəli torpaqlarımızda ermənilər tərəfindən neçə-neçə faciə törədilib. Zaman-zaman Azərbaycan qarşı ermənilər tərəfindən terror aktları törədilmiş və bunun acı nəticələrini yaşamışıq. Düz 31 il bundan əvvəl 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılması nəticəsində cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu, o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndidə ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıblar. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb olub. Bundan sonra sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərib. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş edib və onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları olublar. Bu bir daha ermənilərin terrorçu olduğunu sübut edən dəlillərdir. Belə ki. 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. 1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.

MƏNFUR QONŞULARIMIZIN ÇİRKİN XİSLƏTLƏRİ

Bu və ya digər terror aktları bir daha göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçirmişdilər. 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək, həbsdən azad edilib məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu, ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır.13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır. 24 mart 1990-cı ildə "Noraşen-Bakı" yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür. Bu siyahını artırmaq üçün əsas dəlillər çoxdur. Hər bir terror aktında insan ölümü diqqəti çəkir. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. 44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də, qoca da bu terrorların acı nəticəsini yaşamış oldu. Neçə-neçə qurbanlarımız oldu. Bu erməni faşist ideolgiyasıdır. Faşist düşmənin təfəkkürü, mövqeyidir ki, bu terrorlardan xalqımız əziyyət çəkir. Yeri gəlmişkən qeyd edək ki, "Daşnaksütyun"un 1892-ci ildə Tiflisdə keçirilən ilk qurultayında türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qəti qərar verilib. Məhz bu qurultaydan sonra "Türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmri yayılıb. Bir şüara çevrilmiş bu fikir erməni kimliyini, məqsədini ortaya qoyur. Əlbəttə ki, Azərbaycan dövləti daima terrora qarşı olan dövlətdir və bununla bağlı bir çox konstruktiv tədbirlər həyata keçirib. Buna misal olaraq "Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu"nu və "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikasının Qanunu"nu göstərmək olar. Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir ki, müasir dünya, xüsusilə də, Azərbaycan bunun acı nəticələrini hələ də yaşamaqdadır. Dünyanın gözü qarşısında.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə