Xalq antimilli qüvvələrin xəyanətkar əməllərini rədd edir! MƏQALƏ

Dağıdıcı və radikal müxalifət, eləcə də onların Qərb ölkələrindəki tör-töküntüləri Ermənistan hərbi-siyasi dairələrinin və lobbisinin əlinə oynayaraq düşmənə dəstək göstərirlər

Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi regional sülhün bərqərar olmasında maraqlı deyil. Bütün bunlar bir daha göstərir ki, işğalçı siyasətindən əl çəkmək istəməyən Ermənistan Azərbaycanla sərhəd boyunca geniş miqyaslı hərbi təxribatlar törətməklə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel və Moskvada keçirilən görüşlərdə ölkələr arasında sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı işçi qrupların yaradılmasına razılıq versə də, sonradan sözünə əməl etmir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır. Nikol Paşinyan bu günlərdə Rusiyanın Vladivostok şəhərində keçirilmiş Şərqi İqtisadi Əməkdaşlıq toplantısındakı çıxışında sülh pərdəsi altında revanşist çıxış edib. Bu, Ermənistanın Azərbaycana qarşı avantürist hərəkətlərinin bariz nümunəsi idi.

Beləliklə, Ermənistan 13 sentyabr təxribatına qədər də normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradırdı.

anti-Azərbaycan dairələrin maşası rolunu oynayan dağıdıcı müxalifət düşərgəsinin başbilərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın təmsilçilərindən olan Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, xarici ölkələrdə siyasi mühacir adı ilə məskunlaşan Qənimət Zahid, Sevinc Osmanqızı kimi xəyanətkarlar yaxşı bilirlər ki, sentyabrın 12-dən 13-ə keçən gecə nələr baş verib. Onlara yaxşı məlumdur ki, həmin gün gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin 200 nəfərdən çox canlı qüvvəsi məhv edilib, çoxlu döyüş texnikası, hərbi infrastruktur darmadağın edilib. Bütün bunları bilə-bilə ölkəmizə qarşı çirkin böhtan kampaniyası aparmaq mənəvi-siyasi əxlaqsızlığın pik nöqtəsidir. Məhz buna görə də bu gün anti-Azərbaycan dairələr, erməni lobbisi və onların təsiri altında olan bəzi qurumlar, müəyyən maliyyə və siyasi mərkəzlərin əlində təzyiq vasitəsi olan ölkəmizdəki dağıdıcı müxalifət öz ənənələrinə sadiq qalaraq əvvəllər olduğu kimi, ölkəmizə qarşı “qara piar” kampaniyası şər-böhtan kampaniyası sabun köpüyünə bənzər qara-qışqırıqdan başqa bir şey deyil.

Nəticə isə budur ki, əslində dağıdıcı və radikal müxalifət qüvvələrinin Ermənistanın son hərbi təxribatları ilə bağlı tutduğu mövqe Azərbaycan dövlətinə və xalqına açıqca xəyanət, nankorluq idi. Düşmənin hərbi təcavüzünə və qəhrəman hərbçilərimizin şəhid olmasına sevinən, bu hadisələrdən siyasi məqsədləri üçün istifadə edən yaramazlar belə uğursuz cəhdlərlə Azərbaycan xalqının nifrətini qazandılar.

Özlərini cəmiyyətə “müxalifət” kimi sırıyan, reallıqda isə açıq-aşkar düşmənə işləyən bu kimi qruplaşmalar əslində bənzər əməllərini ilk dəfədir ki, işə salmırlar. Onlar dəfələrlə öz bəd əməlləri ilə isbat ediblər ki, şəxsi mənafelərinə görə dövlətçilik və Vətən amili arxa planda qalıb, həmin amilləri satmaq və düşmənin maraqlarına işləmək isə ön planda dayanıb. Yəni onlar öz maraqlarını daim xalqın, dövlətin maralarından üstün tutublar.

Eləcə də Qərb ölkələrində yaşayan bir qrup antimilli qüvvələr bu proseslərdə son dərəcə xəyanətkar mövqe ortaya qoydular. Onların işi peşəsi onsuz da Azərbaycan dövlətinə böhtan atmaq, şər, gözdənsalma, təhqir kompaniyası həyata keçirməkdir.

Faktlar isə kifayət qədərdir. Baxın, bu kimi ünsürlər arasında Azərbaycanı təcavüzkar adlandıranlar da oldu və bu, birbaşa olaraq dövlətimizə qarşı murdar təbliğat, şəhidlərimizin uca ruhuna hörmətsizlikdir. O da sirr deyil ki, istər daxilimizdə kök salan bu cəsus şəbəkəsi, istərsə də xaricdən təhqir yağdıran - şərəf və ləyaqət kimi məfhumlardan uzaq olan ünsürlər bilavasitə Azərbaycana qarşı düşmən mövqedə olan dairələrin sifarişlərini yerinə yetirirlər.

Bu cür həssas və kifayət qədər diqqətli olmalı bir məqamda, Azərbaycanın çox mühim tarixi hadisələr yaşadığı dövrdə ölkəmizə ləkə yaxmaq isə rəzilliyin son həddidir. Ona görə də blə olan halda Azərbaycan xalqı ayıq-sayıq olmalı, xarici düşmənlərimizlə yanaşı, daxili düşmənlərə qarşı da mübarizəsini gücləndirməli, fitnəkar xainlərin ayaq açıb yürümələrinə imkan verməməlidir. Və ən əsası, bu gün dövlətini, Vətənini sevən hər bir Azərbaycan vətəndaşı daim olduğu kimi, vahid yumruq olaraq birləşib bu qüvvələrin bəd əməllərini fiaskoya uğradacaq və buna da kimsənin şübhəsi olmasın!

Məşhur Məmmədov,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə