“Sammitdə Azərbaycanın yeni siyasi və iqtisadi düzəndə mövqeyi bəyan olundu” - DEPUTAT ŞƏRH ETDİ
“Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır və bu mərhələdə Azərbaycan əsas tərəfdaşlardan biri kimi iştirak edir. Təşkilatın Səmərqənddə keçirilən toplantısında gələcək perspektivlərin konturları dəqiqləşdi. Yekun bəyannamədə də regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, təşkilatda Azərbaycanın roluna gəlincə, ölkəmiz təmsil olunduğu bütün regional və beynəlxalq təşkilatlarda yüksək nüfuza malikdir: “Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı qismində iştirak edən Azərbaycan bu platformada da vacib söz sahibi və əhəmiyyətli partnyor hesab olunur. Təşkilatın Səmərqənddə keçirilən zirvə görüşündə dövlət başçımız vacib mesajlar verərək, ölkəmizin yeni siyasi və iqtisadi düzəndə mövqeyini bəyan etmiş oldu. Bu kontekstdə Azərbaycan dialoq tərəfdaşı olaraq təşkilatın fəaliyyətinə töhfələr verir.
Eyni zamanda bu qurum çərçivəsində əməkdaşlığın dərinləşməsi rəsmi Bakının da maraqlarına uyğundur. Xüsusilə ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar əməkdaşlıq üçün yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Səmərqənd sammitində çıxışı zamanı dövlət başçısının da söylədiyi kimi, Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq. İmkanları real işə çevirmək üçün isə təbii ki, regionda dayanıqlı sülh və təhlükəsizlik mühiti yaranmalıdır. Bu mənada erməni təxribatlarına son qoyulmalı, Azərbaycanın təqdim etdiyi ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsipin praktik müstəvidə də əksini tapmasına nail olmaq vaxtıdır. “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq” deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların normallaşdırma prosesinə böyük bir zərbə vurduğunu bir daha bəyan etdi. Təbii ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu, erməni təxribatları isə qınandı: “Bir daha bəyan olundu ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir. Rəsmi Bakı Qafqazda vəziyyətin sabit olması üçün əlindən gələni bundan sonra da edəcək. Bu prosesdə ŞƏT başda olmaqla digər beynəlxalq təşkilatlar da maraqlı olmalı və dayanıqlı sülhün təmin olunmasında aktiv iştirak etməlidirlər”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB