"Ermənistan rəhbərliyi səriştəsiz siyasətçilərdən ibarətdir" - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistan rəhbərliyi səriştəsiz siyasətçilərdən ibarətdir" - DEPUTAT ŞƏRH ETDİ

“Bildiyimiz kimi ötən gün Azərbaycan-Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü riyakar siyasət yürütdüyünü sübuta yeritdi. Azərbaycan tərəfi 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatın bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki ilə yaxın vaxt keçməsinə baxmayaraq hər zaman bəhanə gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bu hərəkətləri Üçtərəfli bəyanatdan imtina etməsi anlamına gəlir: “Kapitulyasiya aktına imza atan Ermənistan baş naziri imdad üçün Aİ-yə üz tutdu. Prezident cənab İlham Əliyevin uzaqgörən müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində Paşinyan ağır məğlubiyyətə uğradı.

Avropa Şurasının prezidenti Şarl Mişel rəhbərliyi ilə baş tutan bütün üçtərəfli görüşlərdə Azərbaycanın milli maraqları nəzərə alınmaqla Aİ rəsmisi tərəfindən bəyanatlar səsləndirildi.

Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət təklifi qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan XİN nazirlərinin görüşməsi üçün öz razılığını bildirmişdi. Ermənistan rəhbərliyinin bu razılaşmasının tələblərini yerinə yetirmədiyi açıq-aydın görünür. Bu gün Ermənistan müstəqil bir dövlət deyil. Ermənistan rəhbərliyi müstəqil siyasət yürütməyi bacarmayan səriştəsiz siyasətçilərdən ibarətdir”.

Kamilə Əliyeva sözlərinə belə davam edib: “Bu gün Ermənistanın baş naziri Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikriləri ilə hərəkət edir. Cənab İlham Əliyev Ermənistan rəhbərliyinə və onların xarici havadarlarına Azərbaycana qarşı hər hansı bir təxribat törədilərsə, nəticəsi çox ağır olacaq deyə bildirib. Ermənilərin törətdikləri hərbi təxribatların qarşısı alınıb. Onların hərbi texnika və canlı qüvvəsi məhv edilib. Hərbi qələbəmizlə Azərbaycan bütün dünyaya bəyan etdiki ərazi bütövlüyündə təhlükə yaranarsa və Azərbaycan əsgərini qətlə yetirərlərsə, cavabımız daha ağır olacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə