Tovuz hadisələri ilə son təxribatlar arasında OXŞARLIQLAR – TƏHLİL

Tovuz hadisələri ilə son təxribatlar arasında OXŞARLIQLAR – TƏHLİL

Hər dəfə erməni separatçıları öz çirkin niyyətlərinə əl atanda Ermənistan böyük itkilərlə qarşılaşmalı olub və indi də belədir. Eyni ilə Tovuz hadisələrinin, 2020-ci ilin iyun ayında ermənilərin təxribatlarının ardınca 44 günlük müharibənin başlanması, ermənilərin istər canlı qüvvə, istərsə də hərbi texnika, silah-sursat baxımından böyük itkilər verməsi, məğlubiyyətlə qarşılaşması son günlərin erməni təxribatlarının nəticələri ilə oxşarlıq təşkil edir. Ona görə ki, bu dəfə də separatçı, terrorçu ermənilərin təxribatlarına layiqli cavab verildi və Ermənistan tərəfi artıq böyük miqdarda, böyük həcmdə itkilərini, bundan əvvəl olduğu kimi, etiraf etmək məcburiyyətindədir, hətta bunu təkzib belə edə bilmir.

Necə ki, ermənilərin Tovuz təxribatlarının ardınca işğal altında olan torpaqlarımız işğaldan azad edildi, işğalçılar layiqli cavablarını aldılar, həmçinin, bu dəfə də düşmən öz yerində oturduldu. Tovuz döyüşlərinin ardınca 44 günlük müharibə, eləcə də müharibənin məntiqi sonluğu, Zəfər qazanıldığı kimi, bu dəfə də, son təxribatlar fonunda düşmən hərbi gücümüz qarşısında diz çökməli oldu. Bir sözlə, nəzərə alsaq ki, İrəvan hakimiyyətindən qaynaqlanan hər iki gərginlik Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib, deməli, 2020-ci ilin iyil ayındakı Tovuz hadisələri ilə sentyabrın 12-də başlayan və hələ də davam edən gərginlik arasında müvafiq oxşarlıq var.

Diqqətə çatdıraq ki, İrəvan hakimiyyəti hər iki təxribatı törətdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər beynəlxalq təşkilatlara müraciət edib və oxşarlığın biri də məhz budur. Bəlli olur ki, təxribatların törədilməsində qaranlıq məqamlar var və bunlar məqsədli şəkildə edilir. Məqsəd də beynəlxalq təşkilatların diqqətini bölgəyə cəlb etmək, hətta müdaxilə etmələrinə nail olmaqdır. Artıq Ermənistan hakimiyyəti imzalanmış razılaşmalara əməl etmək kimi bir məcburiyyət qarşısında qalması fonunda, ölkəsindəki narazı müxalifət qüvvələrini sakitləşdirmək də istəyir və bu məqamda prosesləri, ələlxüsus sülh müqaviləsi məsələsini uzatmaqla nəyə isə nail olmağa çalışır. Elə 2020-ci ilin Tovuz hadisələrində də danışıqlar prosesinə mane olmaq, məsələni uzatmaq niyyəti də var idi. Amma eyni ilə gözlədiklərinin əksi olaraq, heç bir müdaxilə olmadı və ermənilərə məğlubiyyətlərini seyr etmək qaldı. Bu dəfə də heç bir beynəlxalq təşkilat müdaxilə etmədi və təxribatı törədənlər iki il əvvəl olduğu kimi, bunun acısını dadmalı oldular.

Əlbəttə ki, istər ötən dövrdə olanlar, Tovuz hadisələri, istərsə də son təxribatlarla bağlı bəzi məqamlar araşdırılmaqdadır və bu zamana qədər aparılan araşdırmalar zamanı çoxlu sayda oxşarlıqlar üzə çıxır. Xatırladığımız kimi, iki il əvvəlki hadisələrdə, daha dəqiq desək, Tovuz hadisələrində Ermənistan tərəfi dərhal KTMT-yə müraciət etdi, amma buna ciddi yanaşılmadı, hətta İrəvanın irəli sürdüyü iddiaların əsassız olduğu bildirildi. Şəxsən həmin təşkilatın baş katibi Stanislav Zas Azərbaycan tərəfindən münaqişə zamanı qeyri-professional hərəkətlərə yol verilmədiyini, rəsmi İrəvanın iddialarının əsassız olmasını bəyan etdi. Elə bu dəfə də, son təxribatları ermənilər törətdikdən sonra da, Ermənistanın KTMT-yə müraciətinin ardınca da Azərbaycan-Ermənistan dövlət sərhəddinə qoşun birləşmələrinin göndərilməsinə Qazaxıstanla Qırğızıstan veto qoydu və deməli, yenə də işğalçı dövlətin başı daşa dəymiş oldu. Bu da bir oxşarlıqdır, amma sonuncu deyil.

Xatırladığımız kimi, Ermənistanın təxribatı ilə 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərindən əvvəl işğalçı dövlətin keçmiş müdafiə naziri David Tonoyanın Qərb ölkələrinə səfəri olmuşdu. Həmin səfər zamanı Tonoyan hətta həyasızcasına, “yeni müharibə - yeni ərazilər”, deyə sərsəm fikirlər belə səsləndirmişdi. Bu, həm də onun məhz Qərb ölkələrində kimlərsə tərəfindən ruhlandırıldığını göstərir. Ən çox diqqəti çəkən isə, Tonoyanın səfərdən qayıtmasının ardınca Tovuz hadisələrinin, iki il əvvəlki təxribatların baş verməsi oldu. Ona görə diqqəti çəkən məqam hesab olunur ki, eyni ilə 12 sentyabr tarixində Ermənistanın törətdiyi son təxribatdan da əvvəl bu ölkənin hazırkı müdafiə naziri Suren Papikyan Qərb ölkələrində səfərdə olub. Papikyanın ABŞ-da erməni diasporu, erməni lobbisi ilə keçirdiyi görüşlərin, apardığı müzakirələrin ardınca da, eyni ilə Tonoyanın səfərinin ardınca Tovuz təxribatları törədildiyi kimi, son, 12 senytabr tarixli təxribat törədilib. Bunlar təsadüf ola bilməz, yaxud təsadüf bu qədər ola bilməz axı. Görünür, Qərb ölkələrində ruhlandırıldıqdan sonra işğalçılar yeni təxribatlar düşünür, həmin təxribatları törətmək üçün cəsarətlənirlər. Burada bir oxşarlıqlar var və bu da onu göstərir, ona dəlalət edir ki, Ermənistan tərəfi eyni şəkildə, eyni ssenari ilə hərəkət edir.

Tovuz döyüşlərindən öncə Azərbaycanın üstünlüyünü sübut edən Aprel döyüşləri olmuşdu və bölgədə diplomatik, eləcə də hərbi balansın Azərbaycanın xeyrinə dəyişdiyi bəlli idi və bu halda, danışıqlar prosesində irəliləyişin olması zərurəti yaranmışdı. Bu vəziyyətdə də, münaqişənin həlli ilə bağlı öz üzərinə öhdəliklər götürən yeni Ermənstan hakimiyyəti Tovuz təxribatları ilə danışıqlar prosesini sıradan çıxarmaq, eləcə də yeni ərazilər işğal edərək, hərbi balansı Ermənistanın xeyrinə dəyişmək niyyəti güdürdü. Əlbəttə ki, Azərbaycan Ordusu Ermənistana ağır zərbələr endirməkə bu cəhdin qarşısını aldı və işğalçı ölkənin separatçılarının niyyətləri ürəklərində qaldı, əksinə, kapitulyasiya sənədinə imza atmaqla məğlubiyyətlərini rəsmiləşdirdilər. Son hadisələrdən əvvəl də nə baş verdiyi bəllidir və Vətən müharibəsindən sonra postmünaqişə reallıqlarının fonunda ölkəmizin gündəliyinin həm hərbi, həm də diplomatik müstəvidə həlledici amilə çevrilməsi, Moskvada və Brüsseldə razılaşmaların Azərbaycanın tələbləri çərçivəsində olması, Bakının sülh müqaviləsi üçün təqdim etdiyi 5 bəndlik prinsipləri Ermənistanın qəbul etməsi və hətta sülh mətninin hazırlanması ilə bağlı öhdəlikləri üzərinə götürməsi, bir sözlə, İrəvanın qaçmağa yerinin olmaması halında yenə də İrəvan təxribatlar törətməklə, 2020-ci ildə olduğu kimi, yenə də vəziyyəti xeyrinə dəyişmək üçün bir cəhd etdi. Təbii ki, bu da məntiqi olaraq Ermənistanın növbəti dəfə zərbə alması ilə nəticələndi və yenə də təxribat törədərək vəziyyəti dəyişmək istəyənlərin arzuları ürəklərində qaldı. Bu faktlar da hər iki təxribatlar arasında oxşarlığı sübut edir və təsdiq edir ki, Ermənistan tərəfi yalnız məsələni uzatmaq, bununla da nəyə isə, hansısa çirkin niyyətləri rellaşdırmaq fikrindədir.

Tovuz hadisələri, ermənilərin iki il əvvəl törətdikləri təxribatlar yaddaşlardan silinən deyil və Azərbaycan xalqı bunu heç zaman unutmayacaq. Xüsusən də, həmin təxribatların fonunda general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin şəhid olmaları heç unudulan deyil. Son təxribatlar zamanı da ani hücum və təxribat nəticəsində iki kapitan, bir neçə baş leytenant və digər hərbçilər şəhid oldular və onların da xatirəsi unudulmazdır. Son hadisələr, son təxribatın da eyni şəkildə baş verməsi göstərir ki, hadisələr yenidən təkrarlanır və hər iki təxribat arasında oxşarlıqlar danılmazdır. Bəllidir ki, erməniləri eyni ssenari ilə hərəkət edirlər və məqsəd də eynidir, plan da ən azından, oxşardır.

İstər Tovuz hadisələri, istərsə də son təxribatlar fonunda şəhidlərimiz oldu. Ermənistanın törətdiyi hər iki təxribatın qarşısının alınması yolunda qeyrətli vətən oğulları canlarını əsirgəmədilər. Vətən uğrunda, hər qarış torpaq uğrunda, dövlətimizin suverenliyi, müstəqilliyimiz, ərazi bütövlüyümüz naminə hər iki təxribat zamanı Azərbaycan vətəndaşı qorxmadan, çəkinmədən canını sipər etdi. Bu təxribatların hər ikisinin də ardınca Azərbaycan oğulları şəhid qardaşlarının qisasını düşməndən artıqlaması ilə aldı, qanını yerdə qoymadı. Hər iki təxribatın ardınca mübarizlik ruhumuz sarsılmadı, əksinə, bir qədər də artdı və düşmənə layiqincə cavab verildi, düşmən yerində oturduldu. Göründüyü kimi, heç nə dəyişmədi və xalqımız, dövlətimiz öz haqq yolundan, ədalətli mübarizəsindən əl çəkmədi. Bir sözlə, xalqımızın mübariz ruhu da eyni ilə iki il əvvəl olduğu kimidir, eyni ilə iki il əvvəlki ruhunun oxşarı, eynisidir və vətənpərvərlik hissi öz yerinədidir, yetərincədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə