"Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr gözlənilən idi" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr gözlənilən idi" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr gözlənilən idi. Belə ki, 25 avqustda Azərbaycan və Ermənistan rəhbərləri arasında Brüsseldə keçrilən görüşün yekununa dair erməni baş nazirin açıqlamaları gələcəkdə hansısa xoşagəlməz hadisələrin baş verəcəyinə işarə idi". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, əsasən də Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən çıxdıqdan sonra “Azərbaycan tərəfi Ermənistanın şərtləri ilə razılaşmadı, əsasən də Qarabağın status məsələsində Bakı ilə razılığa gələ bilmədik” deməsi atəşkəsin pozulacağına, təmas xəttində gərginliyin artacağına işarə verirdi: "Əlbəttə, cəbhə xəttində silahların işə salınması İrəvanın özünə inamı ilə bağlı deyil. Ona görə ki, Ermənistanın formal olaraq ordusu olsada, faktiki olaraq Azərbaycan hərbi birləşmələrilə üz-üzə gələ biləcək qüdrətdə deyil. Görünən odur ki, Ermənistanın hərbi və siyasi rəhbərliyini körükləyən dövlətlər var. Bunun da nəticəsində təmas xəttində silahlar işə düşdü, qan axıdıldı.
Əgər dediyimiz kimi, Ermənistan öz iradəsi daxilində hərəkət edəcək gücdə deyilsə demək ki, Qafqazda gərginliyi yaratmaqda olan qüvvələr var. Həmin qüvvələr Azərbaycanla Ermənistan arasında münaqişəni alovlandırmaqla özlərinin Qafqazdakı geosiyasi maraqlarını qorumağa çalışırlar. Bu maraqlı qüvvələrin mərkəzində şübhəsiz ki, şimal qonşumuz Rusiya gəlir. Bildiyimiz kimi, Rusiya, son günlər Ukraynada müəyyən mövqelərini itirməkdədir. Bu da o deməkdir ki, Moskvanın Ukraynada işləri yaxşı getmir. Əgər Kreml, Ukraynada öz istədiyinə nail ola bilməyəcəksə, demək, Rusiya bölgə dövlətlərinə də təsir imkanlarını itirmiş olacaq. Ona görə də mümkündür ki, Moskva dünyanın diqqətini yayındırmaq üçün Ermənistanla Azərbayacan arasında münaqişəni alovlandırsın və diqqəti Qafqaza yönəltməklə, Ukrayna üzərindəki nəzərləri azalsın".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə