Azərbaycanda aqrar sektor prioritet istiqamətlərdəndir” - TƏHLİL
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Əhalinin əsas ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul əhalisinin böyük hissəsinin çalışdığı aqrar sektorun inkişafı siyasətinin əsası 90-cı illərin ortalarında qoyulub. Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.
Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir
«Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir”.Bunu Prezident İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu qəbul edərkən deyib.Dövlətimizin başçısı qeyd edib ki, bu ilin üç ayında Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub: «Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik».
Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var
Mütəxəssislərin hesablamalarına görə, işğal kənd təsərrüfatına 20 milyard manata yaxın ziyan vurmuş, aqrar sahənin inkişafını xeyli dərəcədə ləngitmişdir. Ancaq bütün bunlara baxmayaraq, 2003-cü ildən 2020-ci ilə kimi Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, kənd təsərrüfatı isə 2 dəfə artmışdır. 2019-cu ildə əvvəlki ilə müqayisədə 7,2 faiz artım əldə edilmişdir ki, bu da aqrar sahədə ildən - ilə inkişafın göstəricisidir. İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı məlumata görə, rayonlarımızın işğal olunması nəticəsində 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb.Mərkəzin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi: “İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizində istifadə edilib. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var”.Bəli, bu gün dövlət başçısının söylədiyi kimi, son illərdə ərzaq təhlükəsizliyi istiqamətində bir çox işlər görüldüyünü qeyd edərkən bildirib ki, ən əsas məsələ azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var: «Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir».
Yeri gəlmişkən, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.
Bir sözlə, torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması reallaşacaq. Həmçinin, azad edilən torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün yararlanmaqla, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.Belə ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq hazırda işğaldan azad edilən ərazilər üzrə Strateji Fəaliyyət Planı, habelə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanır və bütün ərazilərin, habelə şəhərlərin bərpasının vahid konsepsiya əsasında həyata keçiriləcəyi planlaşdırılır. Həmçinin, işğaldan azad edilən ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq. Həmin torpaqlarda heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişafı diqqətdə saxlanılacaq. Bir sözlə, bu gün Azərbaycanın son 19 ildə əldə etdiyi möhtəşəm, əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun, bilavasitə həyata keçirdiyi düşünülmüş siyasətlə bağlıdır. On doqquz il... Bu on doqquz il ərzində Azərbaycanda həyat günbəgün dəyişir, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Və bu gün Azərbaycan vətəndaşı bu uğurları görür və 2022-ci ilin də zəfərlər ili olacağına və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır.Göründüüü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Əlbəttə ki, dövlət başçısının ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki kənd təsərrüfatının inkişaf etdirilməsi, dövlətin iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevrilməsinə stimul verəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB