Azərbaycan Prezidenti: "İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir"
Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərinin şərtləndirən amildir. İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişafının nəticəsi olaraq İtaliya da tariximizin çətin zamanında ölkəmizlə həmrəylik nümayiş etdirdi.
Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində dost ölkələrlə yanaşı, İtaliyanın da yaxından iştirakı əlaqələrin davamlığına söykənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbirinə verdiyi müsahibəsində bildirdiyi kimi, "İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər: "İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib."
"ŞUŞADA TİKİLƏCƏK YENİ MƏSCİDİN LAYİHƏSİ İTALİYA ŞİRKƏTİNƏ HƏVALƏ OLUNUB"
İtaliyanın daha bir şirkəti Azərbaycanın xahişi ilə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. "Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var, - deyə Prezident bildirib.
İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyəri milyard dollardan çoxdur. Dövlət başçısının qeyd etdiyi kimi, "Beləliklə, İtaliya Azərbaycanda yaxşı təmsil olunub. Lakin əminəm ki, işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq".
İtalyan şirkətlərinin azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrində iştirakı dostluq münasibətlərinə əsaslanır. İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində italyan şirkətləri fəaldırlar. Azərbaycana dost olan İtaliya şirkəti ilə enerji istehsalı barədə də müqavilə imzalanıb. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün böyük potensial var. Bunlar yenilənən enerji mənbələrindən - su, günəş və küləkdən alınan enerjilərdir. Ölkəmiz azad olunmuş ərazilərdə İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də yararlanmaq niyyətindədir.
"TANAP-I 16 MİLYARD KUBMETRDƏN 32 MİLYARD KUBMETRƏ QƏDƏR GENİŞLƏNDİRMƏLİYİK"
Əlbəttə ki, siyasi münasibətlər və strateji tərəfdaşlıq, iqtisadi-ticarət sahəsində əməkdaşlıq mühüm rola malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. İtaliya həm də TAP layihəsinin iştirakçısıdır. "Hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyətinin milyard kubmetr olduğunu bildirən Cənab Prezident qeyd edib ki, onu 20 milyard kubmetrə çatdırmalıyıq. Azərbaycanın ehtiyatlarının həcminə gəlincə dövlət başçısı bunun ən azı 2,6 trilyon kubmetr qaz təşkil etdiyini vurğulayıb: "Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakin biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik… Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir".
Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir.
MÜŞTƏRƏK LAYİHƏLƏR - DOSTLUQ VƏ ƏMƏKDAŞLIĞIN DAVAMI
Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yerinə düşər ki, son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95%-i Azərbaycanın payına düşür. Azərbaycan ötən il İtaliyaya 9,6 milyard dollar, bu ilin 7 ayında isə 11 milyard dollar həcmində təbii qaz ixrac edib. Tərəfdaşlığımız uğurla həyata keçirildiyini müsahibəsində bildirən dövlət başçısı ölkələrarası ikitərəfli gündəliyimizin getdikcə genişləndiyini qeyd edib. Bunun isə əsas hissəsini enerji və ticarət təşkil edir.Lakin bunlar yeganə mövzular deyil, deyən Prezident bildirib ki, səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq: "Bunlar ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq". İki ölkənin təhsil müəssisələri arasında da əlaqələr genişlənir. Əbəs deyil ki, bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında eyni zamanda, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya arasında salınan körpünün daha da möhkəmləndirir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir.İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində fəallığı iki ölkə arasında münasibətlərdə yeni müstəviyə yüksəlir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB