Ulu Öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır

Ulu Öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır

İki gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşü baş tutdu. Ölkəmizin milli maraqlarının qorunması, qarşıya qoyulan hədəflərin reallaşdırılması və əsaslı nəticələrin əldə olunması baxımından olduqca məhsuldar keçən görüş ölkə rəhbərimizin növbəti siyasi uğuru kimi ekspertlər tərəfindən şərh olundu. Əslində yəqin ki, heç kəs fərqli bir nəticəni gözləmirdi. Çünki tarixin ən güclü Azərbaycanına yaraşan məhz bu idi. İstər siyasi arenada, istər cəbhədə, istər idmanda, ya da digər müstəvilərdə qalibiyyət artıq xalqımız üçün gözlənilən, hətta tələb olunan bir nəticədir. Bizi uğurlara, qalibiyyətlərə öyrəşdirən isə əlbəttə ki, dövlət başçımız cənab İlham Əliyevdir. Məhz onun simasında hər birimiz “Qalib Azərbaycan”ın təzahürlərini görürük. Bu gün xalqımızın hər bir fərdi cənab İlham Əliyevə inanır və onun qarşıya qoyduğu hədəflərə çatmaq naminə ətrafında sıx birləşir. Ancaq hər kəs onu da bilir ki, bu günlərə gəlmək heç də asan başa gəlməyib. Ölkəmizin mövcudluğunun hələ müstəqilliyinin ilk illərində beşikdəcə boğulmaq təhlükəsi var idi. Belə ki, 1990-cı illərin əvvəllərində baş verənlər hər birimizin xatirindədir. Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız, təsadüfi şəxslərin əməlləri nəticəsində respublikada gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə almışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. 1993-cü ilin 15 iyun tarixində baş verən bu hadisələrə qədər Ümummilli lider Naxçıvan Muxtar Respublikasında siyasi fəaliyyətlə məşğul idi. Mərkəzdən uzaq olmasına, Naxçıvan MR-nin Ali Məclisinə sədrlik etməsinə baxmayaraq o vaxt da Heydər Əliyev çox mühüm və cəsarətli addımlarla Azərbaycan tarixinə silinməz izlər qoymuşdu. Belə ki, 1990-cı il noyabrın 17-də məhz onun rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmış və 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatətə baxaraq, üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdi. Bununla yanaşı, 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırılmış və bütün strukturları ləğv edilmişdir. Sözsüz ki, Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana da nümunə təşkil edirdi.

Ulu Öndərin fəaliyyətindən bəhs edərkən 03 sentyabr 1991-ci il tarixindən bəhs etmədən keçmək mümkünsüzdür. Belə ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyulub. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Heydər Əliyevin Naxçıvan MR-nə rəhbərliyi dövrünə yaxından nəzər salsaq görürük ki, həmin dövrdə Ulu Öndər qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görüb. Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Liderimiz düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirib, sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edib. Bununla yanaşı, Ulu Öndər həmin dövrdə xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atıb, 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalayıb.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək demişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”. Bəli, ömrünün son anlarına kimi Ümummilli lider daima öz xalqı, dövləti üçün yaşamış, dövlətin mövcudluğunu qorumaq üçün canını heçə saymaqdan çəkinməmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin istər Ali Məclisin Sədri olduğu, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıb. Çətin və mürəkkəb dövrdə dahi şəxsiyyət yorulmaz mübarizəsi ilə yeni bir epoxa yaradıb. Bu, Azərbaycanın xilası və inkişafı epoxasıdır.

Arzu Cahangirova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə