Kreml separatçıları təbrik edən Zatulinin oyunbazlıqlarına son qoyacaqmı? FOTOFAKT

Yaxud, müttəfiq ölkə olaraq Rusiya Federasiyası hansı addımları atmalıdır?

Sentyabrın 2-də Ermənistan və Qarabağ separatçıları növbəti dəfə öz “artsax” adlı kvazidövlətlərinin “ildönümünü” qeyd edirlər. Məhz bu tarix erməni millətçilərinin “miatsum” xislətləri fonunda Qarabağ münaqişəsinin əsasının qoymaqla qara səhifəyə düşüb, o cümlədən, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı qaldırılan iddiaların təməlini təşkil edir.

Digər tərəfdən, o da sirr deyil ki, bu gün Azərbaycan dövlətinin və ərazi bütövlüyünün əleyhinə müxtəlif ölkələrdə çoxsaylı düşmən mövqeli insanlar erməni lobbisi ilə əlbir olaraq fəaliyyətlərini davam etdirirlər. Lakin təəssüf ki, bu gün həmin ölkələr sırasında müttəfiqlik münasibətində olanı da var, misal üçün Rusiya Federasiyası...

Məsələ ondadır ki, Rusiya Federasiyasının MDB ölkələri institutunun direktoru, Rusiya Dumasının deputatı Konstantin Zatulin Qarabağ separatçılarına yuxarıda qeyd edilən tarixlə bağlı “təbrik məktubu” göndərib və həmin məktub Rusiya Federasiyası Dumasının rəsmii blankı vasitəsi ilə hazırlanıb, imzalanıb (?!)

Məktubda erməni separatçı və quldurlarını təbrik edən Zatulin “respublika günü” münasibəti ilə və aşkar həyasızlıqla onlara dəstək göstərdiyini ifadə edib, əlavə olaraq, Rusiyada separatçılara etinasız olmayanların adından çıxış edib. Üstəlik, 33-34 il əvvəl əllərinə silah alaraq azərbaycanlıları doğma yurd-yuvalarından qovan terrorçulara haqq qazandırıb.

Təəssüf edilən isə budur ki, bu gün Rusiyanın müvafiq rəsmi siyasi dairələri Zatulin kimi bir ünsürün kirli əməllərinə heç bir reaksiya vermir. Və bizlər də ümid edirik ki, Azərbaycan XİN rusiyalı deputatın Azərbaycanın suverenliyinə qarşı göstərdiyi davranışını rəsmi şəkildə və qətiyyətlə pisləyəcək və eləcə də, Rusiya Federasiyası dumasına, habelə xarici işlər nazirliyinə həmin məsələnin araşdırılmasını tələb edəcək, Rusiyanın Azərbaycandakı səfirliyindən izahat tələb olunacaq. Belə ki, Azərbaycan Respublikasının müttəfiqi olaraq Rusiya Federasiyasının deputatları və rəsmiləri bu kimi halların yaşanmaması üçün artıq qəti və təxirəsalınmaz tədbirlər görməlidirlər.

Qeyd edək ki, Azərbaycan 44 günlük müharibə dövründə öz ərazilərini düşmən işğalından azad edərkən Konstantin Zatulun və onun kimi bir çox rusiyalı politoloqlar Ermənistana açıq-aşkar dəstəklərini nümayiş etdirirdilər. Halbuki, məhz həmin ərəfələrdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulamışdı. Bu baxımdan, bir ekstremist düşüncəli deputatın rəsmi məktub vasitəsi ilə separatçıları təbrik etməsinə rəğmən, yerdə qalan mövcud problemlərin tənzimlənməsində önəmli vasitəçi rolu oynayan Rusiyanın diplomatik strukturlarının həmin əmələ susqun qalmaları təəccüb və təəssüf hissləri doğurur.

Eyni zamanda, Zatulinin bu əməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanmış 40 bəndlik Müttəfiqlik Sazişinin tələblərinə cavab vermir və münbit, inkişaf edən ikitərəfli dostluq münasibətlərinə ciddi xələl vurur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə