Bakı-Roma: yeni reallıqlar strateji inkişaf yolunda! ANALİTİK+AKTUAL
Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfər edib. Bu baxımdan, əsas məqamlardan biri kimi, iki ölkə arasında olan isti dostluq münasibətləri barədə də vurğulamaq yerinə düşərdi. Belə ki, tarixi faktlar da Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşının olduğunu sübut edir. Məsələn, hələ Xalq Cümhuriyyəti dövründə Azəbaycanın mandatı bu ölkəyə verilmişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf etməkdədir.
1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin, 2005-ci ilin fevralında, 2008-ci ilin noyabrında və sonrakı illərdən hazırkı dövrümüzə qədər - Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir. Eləcə də, Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər iki ölkənin parlamentləri daim dəstəkləyir və öz töhfələrini verməyə çalışırlar.
Yeni səfirlikdən yeni çağırışlara doğru!
Hələ 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqlədi. Səfər zamanı Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalandı və bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə yeni impuls anonsunu verdi. O cümlədən, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələri də qısa zamanda öz töhfələrini, bəhrələrini verəcəkdir. Bu baxımdan, Azərbaycan və İtaliya arasında imzalanan sənədlər, dostluq və sıx əməkdaşlıq reallıqları tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır.
Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, ölkələrimiz arasındakı münasibətlər daha sıx təməllərə söykənir. Buna misal kimi, sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışını da göstərmək olar.
Eyni zamanda, Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimini də Azərbaycan-İtaliya münasibətlərinin uğur tandemi kimi qiymətləndirmək olar. Daha bir vacib məqam bu oldu ki, sözügedən mərasim məhz Azərbaycanın Romada açılan yeni səfirlik binasında baş tutub. Dövlətimizin başçısı qeyd edib ki, Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək. SİTAT: “Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq.
Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək”.
Bu reallıq həm də belə nəticəyə gəlməyə əsas verir ki, bu gün təhsilə xüsusi diqqət ayıran Prezident İlham Əliyev Azərbaycan təhsilinin dünyanın aparıcı elm ocaqlarının yerləşdiyi İtaliya təhsili, eləcə də sistemi ilə paralellik təşkil etməsi üçün mühüm qərarlar verir.
Prezident İlham Əliyev: “İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq”
Söz yox ki, bu faktorda ADA Uinversitetinin də yeri və rolu kifayət qədər əhəmiyyət daşıyır. Belə ki, bu il İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı əldə olunub. Bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq.
“Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”, deyə vurğulayan ölkəmizin başçısı dostluq və tərəfdaşlığın strateji xətt üzrə inkişaf etdiyini xüsusilə qeyd edib.
Ölkələrimiz arasındakı ticarət dövriyyəsi 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb!
Səfər zamanı daha bir əhəmiyyətli məqam İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənədin imzalanmasıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanla İtaliya arasında çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur və İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Belə ki, keçən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Məhz bu inkişaf və tərəqqi təzahürləri və reallıqları qarşıdakı yaxın zamanlarda strateji xətt üzrə inkişaf edən münasibətlərə daha nəhəng töhfələrini verəcək, habelə yeni uğur gerçəkliklərini təqdim edəcək.
Beləliklə, Prezident İlham Əliyevin İtaliyaya növbəti tarixi səfərinin nəticələrini təhlil edərkən bir daha görürük ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Təcrübəyə əsasən, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət, elm, ixtira və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Məhz bu mənada Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB