Ümummilli Liderimizin Qayıdışı ilə nələr oldu, nələrin qarşısı alındı… - TƏHLİL
Ötən əsrin sonlarına doğru Sovet İttifaqının süquta uğraması ictimai-siyasi vəziyyəti ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmışdı. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırır, əsassız torpaq iddialarını irəli sürürdü. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı.
Azərbaycan rəhbərliyinin edə bilmədiyini Ulu Öndər Naxçıvanda həyata keçirdi
Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilməsi xalq tərəfindən böyük sevinclə qarşılandı.
Böyük Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmiş, hamı onun timsalında böyük xilaskarını tapmışdır. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil olmuşdur. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, ulu öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi.
Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq ... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”, – deyən dahi rəhbər xalqın imdadına çatdı. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda gənclərlə görüşdə ulu öndərin dediyi aşağıdakı sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.
1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edilmişdir. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvan parlamentində qaldırılmış, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülmüşdür.
Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan addımlar bununla məhdudlaşmamış, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendum boykot edilmişdir. Bütün bu proseslər onun göstəricisi idi ki, ulu öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar müstəqilliyimizin bəhrələrini bizə hər gün daha da yaxınlaşdırırdı. Bir də onun göstəricisi idi ki, ulu öndər ozamankı Azərbaycan rəhbərliyinin cəsarət edə bilmədiklərini Naxçıvanda həyara keçirirdi.
3 sentyabr 1991-ci il: milli dövlətçiliyimizin əsaslarının qoyulduğu gün
Azərbaycanın ən yeni tarixində mürəkkəb proseslərin getdiyi həmin vaxtda ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün-3 sentyabr 1991-ci il müstəqilliyini yenicə qazanmış bir ölkənin tarixin təlatümlü burulğanından qurtarmaq missiyasının başlanğıcı, eyni zamanda milli dövlətçiliyimizin əsaslarının qoyulduğu, xalqımızın varolma, özünü dünyada təsdiq etmək kimi arzu və amallarının başlanğıc tarixi idi. Sonralar dahi şəxsiyyət bu barədə demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. ...O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.
Həmin dövrdə qarşıda duran əsas vəzifə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də Türk dünyasının böyük oğlu Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması və şəxsi heyətin çıxarılması təmin edilmişdir. Əhalinin mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini də ümummilli liderimiz diqqət mərkəzində saxlayırdı. Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyəti təmin olunmuşdur.
Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur.
Bərpa etdiyimiz müstəqilliyimiz ümummilli lider Heydər Əliyevin sayəsində əbədilik qazandı
Ulu öndərin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Dahi siyasətçi Heydər Əliyevin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimizin təməli möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı.
Xüsusilə vurğulanmalıdır ki, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada görkəmli dövlət xadimi tərəfindən hazırlanmışdır.
Bəhs olunan dövrdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız və təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Hadisələr kulminasiya nöqtəsinə çatmış, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə almışdı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
Görkəmli dövlət xadimi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Ulu öndərin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.
Bu gün də müstəqil Azərbaycanımız etibarlı əllərdədir. Azərbaycan xalqı çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır.
Biz ötən illərdə şüurlu şəkildə dərk etdik ki, həqiqətən də, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən dəfələrlə çətin imiş. Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonra yaranan vəziyyətlə tanış olduqda, ona uzanan əlləri, gözügötürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.
Zaman sübut etdi ki, ümummilli liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi. Məhz ulu öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi.
Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bildi
1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət xadimlərinin ulu öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə dahi şəxsiyyət 8 gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda” tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır.
Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi: respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Bu partiya yalnız xalqın istəyi ilə, xalqın təşəbbüsü ilə yaranan partiyadır”.
Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Ötən dövr bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli iradəsini əks etdirən dünənin, bu günün və gələcəyin partiyasıdır.
Artıq bu bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan bütün sahələr üzrə uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”.
Ulu öndər qayıtmasaydı, Naxçıvan da Qarabağ kimi işğal olunacaqdı
Tarix də, zaman da göstərdi və sübut etdi ki, Ulu Yaradanın bu xalqın xilaskarı olaraq yer üzərinə göndərdiyi, həyatını Azərbaycana və azərbaycançılığa həsr edən, xalqımızın qeyrətli övladı, müstəqilliyimizi uzunömürlü edən ümummilli liderimiz Heydər Əliyev olmasaydı, Naxçıvan Muxtar Respublikası da 1990-cı illərdə işğal olunan əzəli torpaqlarımızdan biri olacaqdı.
1988-ci ildən etibarən sovet imperiyasının laxlaması nəticəsində ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, imperiya hərislərinin xalqın başına açdığı bəlalara qarşı çıxan ulu öndər haqq səsini bəyan edərək Vətənə qayıtmağı qərarlaşdırır. Bu qayıdış xəbəri çoxlarının yuxusuna haram qatır. Bu qayıdışın onlara heç bir cəhətdən sərf etməyəcəyini düşünən imperiyanın sadiq qulları qruplaşaraq ulu öndərin Azərbaycana -Vətənə gəlməsinə əngəl törətmək istəyirdilər. Bu həmin qruplaşma idi ki, onların xəyalları yaranan boşluqdan istifadə edib bu xalqı yenidən əsarət zəncirlərinə bənd etmək, bunun da sayəsində ölkədə yüksək kürsülərdə əyləşmək, xalqın sərvətlərini mənimsəmək idi. Böyük Heydər Əliyev təbii ki, belələrinə göz yuma bilməyəcəkdi. Bu xalqın çəkdiyi bəlalar qarşıında onları yerlərində oturdacaqdı. Elə bütün bu düşüncələrlə də ulu öndərin Bakıya gəlməsini özləri üçün böyük təhlükə hesab edərək bunun qarşısını almağa çalışırdılar. Bu, tariximizin qara bir səhifəsidir və Azərbaycan xalqının həmin qruplaşmaya heç vaxt bağışlamayacağı bir günahdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünü belə xarakterizə etmişdir: “Tale ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən ulu öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.
İki ilədək dövr Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir
Ümummilli liderimiz Heydər Əliyevin blokada Naxçıvanında yaşadığı, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Blokada ilə bağlı araşdırmalar apararkən böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarındakı çıxışlarını, Naxçıvana gələn qonaqlarla söhbətlərini, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlarla qarşılaşdım. Bunlardan birincisi, ulu öndərə baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərəfindən təzyiqlər var idi, lakin o, Azərbaycan rəhbərliyinə həmişə böyük hörmət hissi ilə yanaşırdı. Bu, dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyətinin, insanlığının, alicənablığının nəticəsi idi. İkincisi, dahi insanın qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarixi faktlarla izahının şahidi oldum. Üçüncüsü, onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimai-siyasi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermənistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlaını nə qədər dəqiqiliklə analiz etdiyini gördüm. Ümumilikdə isə ulu öndərin hər bir çıxışı, söhbəti bu günün bir tarix dərsidir ki, gələcək nəslin ozamankı Azərbaycan haqqında məlumat alacağı bundan güclü ikinci bir mənbə yoxdur.
Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyətinə görə neçə-neçə onilliyə nümunədir. Ümummilli liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanı xaricdəki mənfur havadarlarına arxalanan bədnam ermənilərin işğal etməsinə imkan verməmiş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi möhtəşəm fəaliyyətinin hər biri bir kitabı təşkil edən bəzi məqamları: 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, “hakimiyyət xalq üçündür” prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması... Sadalamadığımız yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi.
Torpaqlarımızın azad olunması ulu öndərin ən böyük arzusu idi
Hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin sədrliyi ilə keçirilən sessiyalarında tez-tez Qarabağ problemi müzakirə olunurdu. Bu isə onun göstəricisi idi ki, dahi şəxsiyyət böyük bir xalqın bütün problemlərini diqqətdə saxlayır, onların həlli yollarını axtarırdı.
Ümummilli liderimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi idi. Lakin ölkənin ozamankı iqtisadi vəziyyəti, ordumuzun yetərli gücə malik olmaması və onlarla çətinlik bu arzunun reallaşmasına mane olurdu. Bunun üçün illər lazım idi. Ulu öndər deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə, o biri il Ağdamda, o biri il Füzulidə, o biri il Cəbrayılda, Zəngilanda, Qubadlıda qeyd edəcəyik, Əminəm ki, belə olacaq”.
Belə də oldu. Ulu öndərin haqqında “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söylədiyi mənəvi və siyasi varisi cənab İlham Əliyev dövlətçilik qabiliyyəti, idarəetmə bacarığı, siyasi-hərbi savadı, dünyanın həsəd apardığı liderlik qabiliyyəti ilə ümummilli liderimiz Heydər Əliyevin arzusunu gerçəkləşdirdi. Ata vəsiyyətinə əməl etməklə 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsinə nail oldu.
30 il əvvəlki I Qarabağ müharibəsi nə zamansa II Qarabağ müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri alacaqdı. Həmin günün ulu öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Həmin 44 gündə Azərbaycan döyünən ürəyinə, bir parçasına qovuşdu, 30 illik həsrəti, nisgili bitdi. 10 noyabr 2020-ci il “Qarabağ” dastanının yazıldığı gün oldu. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixində yazdığı yeni salnamə oldu.
Bəli, bu gün torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa olunub. Müstəqilliyimiz əbədilik qazanıb. Ölkəmiz sürətlə inkişaf edir, işıqlı sabahlara doğru irəliləyir. Bütün bunların təməlində isə Heydər Əliyev ideyaları dayanır. O ideyalar ki, ona əsaslanan siyasətin bu gün ölkəmizdə ardıcıl şəkildə həyata keçirilməsi ilə uğur üzərinə uğur gəlir.
Mətanət MƏMMƏDOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili-Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB