Ermənis mətbuatı isterik pessimizmə qapılıb ARAŞDIRMA+FOTOLAR

Ermənis mətbuatı isterik pessimizmə qapılıb ARAŞDIRMA+FOTOLAR

KİV-lər və ictimai rəy ölkədəki ağır ruh düşkünlüyünü ifadə edirlər

Ermənistanın mövcud vəziyyətini ən çox əks etdirən vasitələrdən biri də ölkə mediasıdır. Belə k, son dövrlərdə erməni KİV-ləri yalnız pessimizmə qapılan informasiya və məqalələrə yer verir, bununla ölkədə ruh düşkünlüyünün şkalaları aşdığını həmin vasitələrlə sərgiləyirlər.

Elə başlayaq sonuncu Brüssel görüşü başlamamışdan əvvəl, daha dəqiq desək, Brüsseldən dünyaya yayılan ilk fotolardan sonra erməni ictimai-siyasi rəyinin münasibətindən...

Aysor.am Armen Aşotyanın Nikol Paşinyanla bağlı fikirlərini işıqlandırıb: “Təkcə Body-language (bədən dili) bunu açıq ifadə edir... Axşama növbəti məğlubiyyət xəbərlərini gözləyin”

Beləliklə, Aysor.am saytı yazır ki, Ermənistanın Respublika partiyasının sədri Armen Aşotyan sosial şəbəkə səhifəsində üçtərəfli görüşdən əvvəl çəkilmiş fotonu paylaşıb. Fotoda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel yer alıblar. Prezident İlham Əliyevlə Aİ Şurasının rəhbərinin ruh yüksəkliyinə, Nikol Paşinyanın isə ruh düşkünlüyünə diqqət çəkən Armen Aşotyan qeyd edib ki, Brüsseldəki üçtərəfli görüşdən yayılan foto sıralamaları bir daha hər şeyi aşkara çıxarır.

“Bir daha deyirəm ki, məğlubiyyətin simvoluna çevrilmiş bir canlı (Paşinyanı nəzərdə tutur-R.R.) danışıqları davam etdirmək hüququnda deyil”, yazan Aşotyan əlavə edib ki, bir daha fotolardan hər şey aydın görünür: “Təkcə Body-language (bədən dili) bunu açıq ifadə edir. Axşama növbəti məğlubiyyət xəbərlərini gözləyin”, müxalifəti təmsil edən partiya sədri bildirib.

Verelq.am: “Rəsmi İrəvan “artsaxdan” imtina edir”

Armen Aşotyanın teleqram səhifəsində yazdığı fikirləri verelq.am saytında qeyd edilib. Belə ki, Aşotyan Brüssel görüşü və onun nəticələri ilə bağlı pessimist münasibətini açıqlayıb. Onun sözlərinə görə, Brüssel görüşü Nikol Paşinyan üçün birdəfəlik “artsaxdan” əlinin çəkilməsi üçün əsasdır. Müxalifətçi deputatın hökumətin xalqı axmaq yerinə qoyması iddiası da mövzuda yer alıb. Aşotyan bunu Şarl Mişelin bəyanatından çıxardığı nəticələri ilə əlaqələndirib və sıralayıb.

1.Faktiki olaraq Azərbayanın tələbləri yerinə yetirilib: tərəflər sülh sazişi üçün hazırlıq işinə başlayıblar və XİN rəhbərləri 1 ay ərzində mətnin layihəsi üzərində işləyəcəklər.

2. Qeyd edilən abzasda açıq-aydın görünür ki, bu razılaşma “artsax” məsələsinə aid olmayacaq, yəni rəsmi İrəvan “artsaxdan” imtina edir və onu ya Rusiyanın, ya da Azərbaycanın öhdəsinə buraxır.

3. Yeri gəlmişkən, əgər əvvəlki bəyanatda “Dağlıq Qarabağ” sonradan “Qarabağ” olubsa, artıq indiki halda onun haqqında, ümumiyyətlə, xatırlatma yoxdur ki, bu da açıq-aşkar Bakının nöqteyi-nəzərini tam ölçüdə ifadə edir.

“Bəyan edirəm: bu, növbəti dövlətə xəyanət aktıdır”, deyə Aşotyan ruh düşkünlüyünə və isterikaya qapılaraq bildirib.

“Hraparak”: “Birinci şəxslər müharibədən sonra, məlum olduğu kimi, “artsaxa” getmirlər, belə ki, bu İlham Əliyevin tələblərindən biridir”

“Hraparak” qəzeti isə Ermənistan parlamentnin spikeri Alen Simonyanın 31 avqustdan 5 sentyabra qədər məzuniyyətə çıxdığını, vitse-spiker Ruben Rubinyanın isə məzuniyyətdən geri dönməsi və onu məzuniyyətdə olduğu dövrdə əvəzləməsi ilə bağlı əmr yazdığını bildirir və diqqət çəkən daha bir məqama toxunur.

“Məsələ ondadır ki, 2 sentyabr – “artsaxın müstəqilliyi (görünür, bunlar hələ yuxudan ayılmayıblar-R.R.) günüdür” və Ermənistan rəhbərliyi, xüsusilə birinci şəxslər müharibədən sonra məlum olduğu kimi “artsaxa” getmirlər, belə ki, bu İlham Əliyevin tələblərindən biridir. Ötən ildə də Alen Simonyan “artsaxa” getmək yerinə, Yunanıstanın Mikos adasına dincəlməyə getdi...”, deyə adıçəkilən erməni nəşri yazır və artıq bir zamanlar erməni hakimiyyətlərinin “ənənələrinə” çevrilmiş məsələnin daha gündəmdə yer almadığını bildirir.

Vəkil Yerem Sarkisyan: “Mikael Arzumanyan gözlənildiyi kimi həbs edildi”

Erməni KİV-ləri Qarabağ separatçılarının “müdafiə ordusunun komandanı” və “prezidentin müşaviri” kimi qələmə veilən Mikael Arzumanyan barəsində həbs qətimkan tədbirinin görüldüyünü yazırlar. Onlara bu məlumatı Arzumanyanın vəkili Yerem Sarkisyan verib. Vəkil Facebook səhifəsində yazıb: “Gözlənildiyi kimi, məhkəmə öz missiyasını həyata keçirdi və Mikael Arzumanyanı həbsinə qərar verdi. Şou davam edir...”

“Joğovurd” Seyran Ohanyanın sorğuya çəkildiyini yazır

Ermənistanın “Joğovurd” qəzeti isə öz mənbələrinə istinadən yazır ki, parlamentin deputatı, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Qarabağ separatçılarının “müdafiə ordusunun komandanı” və “prezidentin müşaviri” kimi qələmə verilən Mikayel Arzumanyanın cinayət işi üzrə şahid qismində sorğuya çəkilib. Qəzetin yazdığına görə, Seyran Ohanyan istintaqa ifadə verdiyini təsdiq edib: “Əlbəttə, məni sorğuya çəkdilər və demək istərdim ki, mən orada, Şuşada olmuşam və imkanlarım çərçivəsində könüllü olaraq kömək etməyə çalışmışam, bu məsələdə məsuliyyət dövlətin və hərbi idarəçiliyin üzərindədir”.

Beləliklə, görünən budur ki, Ermənistanda ümumi vəziyyət gözlənildiyindən də ağırdır və bütün bunlar bilavasitə ölkə mediasının gündəmində, əsasən də, maneştlərində ermənilərə məxsus xüsusi isterikalarla müşahidə edilməkdə və görünməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə