Brüssel görüşündən konkret nəticələr gözləmək mümkündür – DEPUTATIN ŞƏRHİ

Brüssel görüşündən konkret nəticələr gözləmək mümkündür – DEPUTATIN ŞƏRHİ

“Bu gün Brüsseldə razılaşdırılan görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən sayca üçüncüdür. Brüssel görüşləri də əvvəlki formatlarda keçirilən görüşlər kimi olsa da effektifliyi ilə seçilir. Bugünkü görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün lazım olan məsələlərin müzakirə olunacağı gözlənilir. İnanmaq olar ki, Ermənistan tərəfi Azərbaycanın beynəlxalq standartlara uyğun gələn təkliflərinə müsbət reaksiya verəcək və bölgədə davamlı sülh yaranacaq. Brüssel görüşündən konkret nəticələr gözləmək mümkündür”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, əslində Ermənistanın başqa çıxış yolu da yoxdur: “Əvvəla, Azərbaycan haqlı tərəfdir, işğal altındakı torpaqlarını işğaldan azad etmək üçün 44 günlük müharibəyə qatılıb və qələbə qazanıb. Ermənistan işğalçı dövlətdir, nə qədər “xalqların öz müqəddəratını təyin etmək hüququ”nu beynəlxalq təşkilatlar qarşısında qaldırsa da, 30 il yalan üzərində qurulmuş siyasət aparsa da, göz yaşı töksə də nə dünya ictimaiyyətini, nə də dünya dövlətlərini öz yalanlarına şərik edə bilmədi. Ölkələrin ərazi bütövlüyünün bütün hüquqlardan üstün olduğunu İrəvan da başa düşməyə başladı. Bu gün ermənilər beynəlxalq təşkilatların Azərbaycana qarşı hər hansı tədbir görmələri üçün ortaya arqument qoya bilmirlər. Çünki beynəlxalq hüququn bütün maddələri Azərbaycanın haqlı olduğunu deyir. Görüş ərəfəsində çox önəmli hadisələr də baş verdi. Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizi yeni salınmış yolla əvəzləndi, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Dünən Moskvada Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib. Bütün bunlar Brüssel görüşünün məhsuldar olacağından xəbər verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə