İrəvan “yuxarı tüpürür bığ, aşağı tüpürür saqqal” vəziyyətində ANALİTİK

İrəvan “yuxarı tüpürür bığ, aşağı tüpürür saqqal” vəziyyətində ANALİTİK

Bu kimi məsələlər yalnız hərbi deyil, həm də iqtisadi fonda özünü nümayiş etdirməkdədir

44 günlük İkinci Qarabağ müharibəsində uğradığı ağır və sarsıdıcı məğlubiyyətindən sonra həm təhlükəsizlik, həm də daxili sabitliyin pozulması baxımından çıxılmaz vəziyyətə düşən Ermənistan üçün Rusiya ilə ikitərəfli münasibətlərin həlledici əhəmiyyət kəsb etməsini ölkə rəhbərliyi yaxşı bilir. Ancaq Qərbin də Ermənistana ardıcıl təzyiqlər göstərməsi fonunda Nikol Paşinyan hakimiyyətinin “yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal” məsələsində də çaş-baş vəziyyətdə qalması göz önündədir. Həmçinin, bu kimi məsələlər yalnız hərbi deyil, həm də iqtisadi fonda özünü nümayiş etdirməkdədir.

Məsələn, Rusiya 30 ildir ki, Ermənistanın enerji təchizatını öz monopoliyasına alıb, buna Ermənistanın boru kəməri və təbii qazpaylayıcı şəbəkəsinə “Qazprom”un birbaşa sahibliyi, eləcə də Rusiya hökuməti ilə güclü əlaqələri olan etnik erməni sahibkarın elektrik enerjisi şəbəkəsinə nəzarət etməsini, eləcə də dəmir yolunun da Rusiya şirkətlərinin inhisarında olduğunu göstərmək olar. Həmçinin, Ermənistan faktiki olaraq xarici yardımlar hesabına ayaqda qalmağı bacarır, amma bunun da sonsuza qədər davam edəcəyini düşünmək yersizdir. Çünki müharibədən sonra Rusiya qarışıq, digər ölkələrdə fəaliyyət göstərən erməni diasporları mövcud hakimiyyətlə əlaqə saxlamaqdan imtina edirlər. Hazırda Ermənistanın əsas iqtisadiyyatı xeyli dərəcədə Rusiyada çalışan ermənilərin pul köçürmələrindən asılı olsa da, onun bu qapısı da çöldən bağlanmaq üzrədir. Belə ki, son vaxtlar, xüsusilə Rusiyanın Ukraynaya geniş miqyaslı hücumu başlayandan indiyə qədər bənzər köçürmələrin sayı xeyli azalmağa başladı.

Ermənistan sadəcə Rusiyanın öz hərbi-siyasi məqsədləri üçün əyalət funksiyasını rolunu oynayır və illərdir ki, İrəvanın Kremlin forpostu olması iddiaları da əbəs yerə səsləndirilməyib

Digər tərəfdən, Ermənistanın Rusiyanın Ukraynaya qarşı siyasətini dəstəkləməsi də ölkə rəhbərliyi üçün ən həssas məsələlərdən biridir. Məsələn, Rusiya Gümrüdəki 102-ci hərbi bazasındakı qoşunlarının bir hissəsini Ukraynaya köçürmək üçün İrəvanın razılığını almadı və bu fakt erməni tərəfini ciddi narahat etməyə başladı. Halbuki, bunun üçün rəsmi qaydalarda müraciət edilməli, ikitərəfli razılıq əsaslandırılmalıydı. Bu isə göstərir ki, Ermənistan sadəcə Rusiyanın öz hərbi-siyasi məqsədləri üçün əyalət funksiyasını rolunu oynayır və illərdir ki, İrəvanın Kremlin forpostu olması iddiaları da əbəs yerə səsləndirilməyib.

Eləcə də, İrəvan öz bəyanatlarında davamlı şəkildə Moskvanın dominantlıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi zərurətindən bəhs etsə də belə bununla bağlı praktiki səylərin az olduğunu görmək olar. İrəvan sadəcə söz yığnağı xarakterli bəyanatları ilə necə deyərlər, baş aldatmağa çalışır.

İrəvanın çəm-xəm etməsi də diqqətlərdən yayınmır və o hər vəchlə yaxasını kənara çəkməyə çalışır, çünki onu bunu etməyə vadar edən digər cinah da var – Qərb!

Rusiya isə iddia edir ki, Qərbin tətbiq etdiyi sanksiyaların məqsədi Rusiyanı zəiflətmək və ABŞ-ın qlobal hegemonluğunu təmin etməkdir. Nəticə etibarilə Rusiya və onun keçmiş sovet müttəfiqləri “həmrəylik” nümayiş etdirməli və sanksiyaların təsirini azaltmaq üçün Aİİ ilə birgə addımlar atmalıdırlar. Bu məsələdə İrəvanın çəm-xəm etməsi də diqqətlərdən yayınmır və o hər vəchlə yaxasını kənara çəkməyə çalışır, çünki onu bunu etməyə vadar edən digər cinah da var – Qərb!

44 günlük müharibə zamanı və ondan sonra Rusiyanın Ermənistana minimal dəstəyi, Rusiyanın Avropa İttifaqının himayəsi altında Ermənistan-Azərbaycan danışıqlarına etimadsızlığı, eləcə də erməni müxalifətinin aqressiv və rusiyayönlü ritorikası kimi digər məsələlər də potensial olaraq Moskva və İrəvan arasında ikitərəfli münasibətləri gərginləşdirə bilər.

Çoxsaylı fikir ayrılıqları çox güman ki, İrəvana ciddi problemlər gətirəcək. Xüsusilə, gözlənilən Brüssel görüşündən qıcıqlandığını gizlətməyən və dərhal erməni hökumətinə dolayı xəbərdarlıqlar edən Kreml rəhbərliyi hələ ki, gözləmə mövqeyini tutur. Amma onun anidən fikir dəyişkənliyinə düşərək daha kəskin addım atmayacağına da kimsə zəmanət verə bilməz. Hər halda, son günlər Ermənistanla Rusiya arasındakı görünən gərginlik də deyilənlərə aid oluna bilər. Qalır hadisələrin məhz Brüssel görüşündən sonra necə və hansı şəkildə cərəyan etməsinə ki, bunu da zaman göstərəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə