Xarici diplomatların işğaldan azad olunmuş ərazilərimizə səfəri səsimizi dünyaya çatdıracaq
Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. 44 günlük “Vətən müharibəsi”ndən sonra Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında dövlət xətti ilə mütəmadi şəkildə işğaldan azad olunmuş rayonlarımıza beynəlxalq təşkilat nümayəndələrinin və diplomatların səfərləri təşkil edilir. Səfərin məqsədi ermənilər tərəfindən törədilmiş dağıntıları, vəhşilikləri, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemləri diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırmaq və yerində tanış olmalarına şərait yaratmaqdır.
Şuşada keçirilən beynəlxalq konfransda 160-dan çox diplomat və hərbi attaşe iştirak edir
Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edib. Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar. Qeyd edək ki, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfəri Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Füzuli şəhəri, eləcə də rayonun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxıblar. Sonra Şuşa şəhərinə yola düşən heyət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə yolüstü baxış keçiriblər. Konfrans iştirakçıları daha sonra Şuşa şəhərinin görməli yerləri ilə tanış olacaqlar.
Hikmət Hacıyev: “Azərbaycan post-münaqişə reallıqları çərçivəsində çox unikal və miqyası görünməyən yenidənqurma layihəsini həyata keçirir”
“Bu gün Şuşa nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın diplomatik mərkəzlərindən, paytaxtlarından birinə çevrilməkdədir. Bu konfransın da əsas mahiyyəti diplomatik korpusun nümayəndələrini Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma və rekonstruksiya layihələri barədə yerində məlumatlandırmaqdır”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransla bağlı şərhində bildirib. Onun sözlərinə görə, bu səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, səfirlik əməkdaşları, hərbi attaşelər, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələri, həmçinin, Azərbaycanda qeyri-rezident əsnasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir: “Bura xüsusən Ankara, Tehran və Moskva şəhərlərindən gəlmiş səfirlər, diplomatik nümayəndələr daxildir. Diplomatik korpusun bütövlükdə 180-ə yaxın nümayəndəsi bu tədbirdə iştirak edir”.
Hikmət Hacıyev bildirib ki, diplomatik korpus nümayəndələri mütəmadi olaraq Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqda məlumat almaqda çox maraqlıdırlar: “Ona görə də, bu konfransda ilk növbədə Azərbaycan tərəfindən regionda sülhün gücləndirilməsi və ölkəmizin həyata keçirdiyi sülh gündəliyi barədə diplomatik korpus nümayəndələrinə məlumat vermək əsas hədəflərimizdən biri idi. Cənab Prezidentin Basqalda Azərbaycan mediasına verdiyi müsahibə əsasında ölkəmizin regional sülh gündəliyinin təfərrüatları barədə geniş məlumatlar çatdırıldı, vacib məqamlara və tezislərə toxunuldu. Bu xüsusda cənab Prezidentin qoyduğu xüsusi tapşırıq və tezislərdən irəli gələrək diplomatik korpus məlumatlandırıldı. Azərbaycan Respublikası regionda hərtərəfli sülhün tərəfdarıdır. Bu xüsusda da Ermənistanda sülh müqaviləsi üzrə danışıqlara tezliklə başlamağa hazırdır, Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir. Həmçinin də, Azərbaycan Respublikası dünya miqyasında post-münaqişə reallıqları çərçivəsində çox unikal və miqyası görünməyən yenidənqurma layihəsini həyata keçirir. Xüsusən, ölkəmiz öz resursları hesabına, özünün idarəetmə mexanizmi çərçivəsində bu layihə həyata keçirilir ki, bu da dünya miqyasında unikal bir xarakter daşıyan post-müharibə layihələridir. Beynəlxalq ictimaiyyət də buna xüsusi maraq göstərir. Çünki, bu təcrübə dünyanın digər yerlərində də həyata keçirilə bilər.
Prezidentin müşaviri: “ABŞ və Fransa nümayəndələri Azərbaycan xalqı qarşısında cavab verməlidir”
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev Qarabağın simvolik şəhəri Şuşada keçirilən beynəlxalq konfransda ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa səfirlərinin iştirak etməməsinə münasibət bildirib. Şuşada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya nümayəndələrinin iştirakı ilə keçirilən konfransın açılışından sonra mətbuata açıqlama verən H.Hacıyev deyib: “ABŞ və Fransa səfirləri konfransda iştirak etmədi. Başa düşə bilmirik ki, onlar niyə bu toplantıya qatılmadılar. Digər tərəfdən, əslində, Şuşanın onların iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəqin bundan sonra onları dəvət etməyəcəyik. Onlar ATƏT-in Minsk qrupunun üzvləri kimi Azərbaycanın torpaq bütövlüyünü həzm edə bilmirlər, yoxsa Şuşanın bərpa olunmasını? Bilmirəm. Şuşaya gəlməyən ABŞ və Fransa səfirləri Azərbaycan xalqı qarşısında cavab verməlidir. Azərbaycanın 30 illik danışıqlar prosesində onların hansı məqsədlərə xidmət etdikləri və hansı maraqları güddükləri onların Şuşaya gəlməmələrindən anlaşılır. Kimlərinsə Minsk Qrupunu dirçəltmək cəhdləri həm ikiüzlülükdür, həm də biabırçılıq. Məncə, Minsk Qrupu həmsədrlərinin ölkələri utanmalıdır. Çünki onlara ədalətsizliyi aradan qaldırmaq, işğalı sonlandırmaq səlahiyyəti verilmişdi. Amma Azərbaycanın bir qarış torpağı belə işğaldan qurtulmadı. 30 illik uğursuz fəaliyyətindən sonra ATƏT-in Minsk Qrupuna yeni təyinatlar vermək ayıbdır. Bizim üçün artıq belə bir təşkilat yoxdur. Azərbaycanın münasibəti belədir. Minsk Qrupu özü-özünü öldürən bir təşkilat, bizim üçün artıq tarixin bir parçasıdır".
ABŞ və Fransa səfirlərinin hərəkətləri regionda sabitliyin, sülhün, rifahın olmasını istəməməsinin təsdiqidir
Göründüyü kimi, Şuşada keçirilən konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirlərinin etinasızlığı belə deməyə əsas verir ki, onlar regionda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Qeyd edək ki, hazırkı reallıqlar elə bir geosiyasi vəziyyət yaradıb ki, kimsə istəsə də, istəməsə də, Azərbaycanın dünyada gördüyü işlər bütün dünya tərəfindən qəbul olunur. Bu, siyasətlə məşğul olan insanlar üçün aydın bir məsələdir. Ona görə də, işğaldan azad olunmuş ərazilərə səfər edən xarici diplomatların da sayı hər dəfə artır. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirlərinin bu səfərlərə qatılmamasına gəlincə, bunun müxəlif səbəbləri ola bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan bu ölkələrin nümayəndələri belə səfərlərin Azərbaycan xalqı üçün əhəmiyyətli olduğunu bilməlidirlər. Çünki Azərbaycan elə bir geosiyasi reallıq yaradıb ki, onun qəbul edilməməsi artıq mümkün deyil. Bu da real faktordur ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib və bu suveren hüquqlarını heç kim əlindən ala bilməz. Bu baxımdan, Azərbaycan artıq birmənalı mövqe ortaya qoyaraq, ümumiyyətlə, ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb.
Və bu gün bəşəriyyətə qarşı mənfur əməlləri ilə özlərini gələcəksizliyə məhkum etmiş ermənilərin illərlə dağıdıcılıq və cinayət əməllərinə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Çünki bu, haqqın, ədalətin bərpası uğrunda aparılan savaş davasıdır, soydaşlarımızın pozulmuş haqlarının bərpasının davasıdır. Həmişə Qalib olan Azərbaycan bu davada da mütləq zəfər qazanacaq. Media və diplomatik korpus nümayəndələrinin bu səfərlərində məqsəd də ondan ibarətdir ki, hər kəs erməni barbarlığını görsün. Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda, erməni faşizmini məhv edib. Bu baxımdan Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə nəinki bölgə üçün, dünya üçün də çox böyük əhəmiyyət daşıyır.
Bir sözlə, bu kimi səfərlər olduqca əhəmiyyətli olmaqla, həm də Azərbaycanın bu kimi məsələlərdə açıqlığını və şəffaflığını göstərir. Və səfər iştirakçıları Azərbaycanın haqq və ədalət zəfərinin Cənubi Qafqazda əbədi sülhü bərqərar etdiyinin əyani şahidi olurlar.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB