"ABŞ və Fransa dünyaya əsl simalarını nümayiş etdirmiş oldu" - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ və Fransa dünyaya əsl simalarını nümayiş etdirmiş oldu" - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ və Fransa Azərbaycan torpaqlarının 30 il işğal altında qalması ilə bağlı məsələyə təəssüf ki, heç bir praktiki addımlar atmadı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, iki dövlət tərəfindən Ermənistana qarşı hər hansı bir ciddi iqtisadi-siyasi sanksiyaların şahidi olmadıq: "44 günlük Vətən müharibəsi dövründə də ABŞ, Fransa və Qərb dairələri Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə erməni lobbisinin müdafiəsinə dururdular. Ona görə də düşünürəm ki, ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən konfransda iştirak etməməsi birbaşa erməni lobbisi ilə bağlıdır. Çünki həm Fransada, həm də Amerika Birləşmiş Ştatlarında bir çox yüksək rütbəli siyasətçilər erməni lobbist qruplarının maliyyə təsiri altındadır. Eyni zamanda həm ABŞ, həm də Fransa erməni diasporunun qərbdə ən çox toplandığı və ciddi şəkildə birləşdiyi ölkələrin əvvəlində gəlir. Ona görə də Fransanın və ABŞ-ın Azərbaycan-Ermənistan münaqişəsində ortaya qoyduğu mövqe hər zaman erməni lobbisinin maraqlarına xidmət edir. Bu baxımdan Şuşada keçirilən konfransda da bir çox səfirlərin iştirak etməsi və ABŞ-la Fransanın isə iştirak etməməsi bu ölkələrdəki erməni diasporunu narazı salmamaq üçün atılan addım kimi hesab edilə bilər. Yəni bütövlükdə insan haqlarından, demokratiyadan, dövlətlərin suverevliyindən danışan hər iki ölkə, əslində dəyərlərin necə riyakarcasına istismar edilməsini ortaya qoymuş oldu. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən hər iki ölkə Azərbaycan ərazisində keçirilən konfransda iştirak etməkdən imtina edir. Ona görə də düşünürəm ki, ABŞ və Fransa bu addımları ilə təkcə Azərbaycan xalqına deyil, həm də dünyaya əsl simalarını nümayiş etdirmiş oldular”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə