Stepan Danielyan: “Minsk qrupu bizim üçün qəbuledilən meydançadan daha çox təhlükə mənbəyidir”

Erməni politoloqu Stepan Danielyan feysbuk səhifəsində analitik şərh yazaraq ABŞ-ın, Rusiyanın, Türkiyənin və İranın özlərinin milli maraqlarından çıxış etdiklərini qeyd edib, bunun təbii proses olduğunu bildirib. “Təbii olmayan isə budur ki, biz kimlərin maraqlarına üstünlük veririk”, deyən politoloq adları çəkilən ölkələrin milli maraqlarının analizini aparıb. SİA xəbər verir ki, bu barədə News.am yazır.

Rusiya ilə bağlı qeydində bu ölkənin Qafqazda qalmaq marağının olduğunu yazan Danielyan əlavə edib ki, məhz bunun üçün Rusiya Qarabağ məsələsinin dondurulmasını istəyir: “Belə ki, Qərb Qarabağ məsələsinə görə Qarabağa, oradan isə Orta Asiyaya və Şimali Qafqaza daxil olmasın, eyni zamanda, bu ətrafda o (Rusiya) İranla və Ərdoğan Türkiyəsi ilə anlaşmaya nail olub”.

İranla bağlı fikirlərini yazan Stepan Danielyan qeyd edib: “İrana lazım olan budur ki, Qərb və İsrail onun şimalına – Azərbaycana daxil olmasın və bu ətrafda onun Rusiya və müəyyən qədər Ərdoğan Türkiyəsi ilə razılaşmaları var. Və bununla yanaşı o (İran) istəyir ki, Azərbaycan güclənməsin, belə ki, bu amil onun ərazi bütövlüyünə təhlükə hesab olunur”.

Danielyana görə, Ərdoğan Türkiyəsinə də Qərbin Qafqazdakı fəallığının qarşısını almaq lazımdır, amma bunun üçün o (Türkiyə) Rusiya və İrandan böyük qiymət tələb edir. “Və bu da bizim hesabımızadır”, yazan erməni politoloqu sonrakı proseslərin necə olacağını Türkiyədə gələn il keçiriləcək seçkilərdən sonra bəlli olacağını bildirib.

Politoloq ABŞ və Böyük Britaniyanın da maraqlarına toxunub. Onun fikrincə, hər iki dövlətə güclü Azərbaycan lazımdır ki, bu vasitə ilə Orta Asiyaya daxil oluna bilinsin. Onun sözlərinə görə, ABŞ və Britaniya Rusiyada islamçılıq və türkçülük zəminində qarşıdurmaların yaşanacağını gözləyir. “Bunun üçün isə Qarabağ məsələsi birdəfəlik Azərbaycanın xeyrinə həll olunmalıdır. Həmçinin, Zəngəzur məsələsi də həll edilməlidir ki, bunun ardınca Rusiyanın və İranın süqutu prosesinə başlanılsın. Beynəlxalq ictimaiyyət “Azərbaycanla Ermənistan arasında birdəfəlik və uzunmüddətli sülh əldə olunmalıdır” deyərkən məhz bunu nəzərdə tutur.

Stepan Danielyan ATƏT-in Minsk qrupu ilə bağlı da ilginc fikirlə çıxış edib. SİTAT: “Minsk qrupu maraqların toqquşması vasitəsidir. Hazırda beynəlxalq hüquq, eləcə də beynəlxalq ictimaiyyət və beynəlxalq düzən anlayışı yoxdur. İndi hər şey mümkündür, necə ki, qaydasız döyüşlərdə olduğu kimi. Axı Minsk qrupu kimə lazımdır ki, bu da mənə aydın deyil. O (Minsk qrupu) bizim üçün qəbuledilən meydançadan daha çox təhlükə mənbəyidir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə