Dünya birliyi Cənubi Qafqazda baş verən müsbət dəyişikləri alqışlayır
Laçın şəhərinin və üç kəndin Azərbaycanın suverenliyi altına keçməsi, eləcə də orada qanunsuz yaşayan Yaxın Şərqdən olan ermənilərin, habelə, silahlılarının çıxarılması güclü və qüdrətli Azərbaycan dövlətinin növbəti qələbəsidir. Əbəs deyil ki, artıq bununla bağlı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, habelə, ayrı-ayrı tanınmış siyasilər sözügedən kontekstdə bir sıra mühüm fikirlərini irəli sürməkdədirlər.
Ərdoğanın təbriki: Türkiyə öz qardaşlıq bağlılığını bir daha isbat etdi!
İlk növbədə, dost və qardaş ölkənin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə zəng edərək onu təbrik etməsi qarşıda daha böyük uğurların olacağı müjdəsini verməkdədir. Belə ki, Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlət başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.
Prezident İlham Əliyev də öz növbəsində, həm öz adından, həm də Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirib.

Eyni zamanda, qardaş ölkə parlamentinin rəhbəri Mustafa Şentop da mühüm fikirlərini irəli sürüb. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda qəbul edilən bəndin icra olunmasını alqışladığını qeyd edən Şentop bildirib ki, bu proses Cənubi Qafqazda sabitliyin əldə edilməsinə öz töhfələrini verəcək.
Cənubi Qafqazda baş verən dəyişikliklərdə Azərbaycanla Türkiyənin yeri və rolu nəhəngdir
O cümlədən, Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb ki, ölkəsi bundan sonra da Azərbaycanın yanında olacaq. “Bu hadisə ilə bağlı xüsusilə vurğulayırıq ki, bundan sonra da Azərbaycan xalqı ilə bir yerdə olacağıq”, deyə Mustafa Şentop bildirib.
Söz yox ki, istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonra qardaş Türkiyənin mənəvi dəstəyi Azərbaycan xalqına, dövlətinə əlavə ruh yüksəkliyi verib və söz yox ki, qarşıda dayanan digər faktorlarla bağlı da ölkəmizlə, xalqımızla çiyin-çiyinə olacağını bəyan edən Türkiyə parlamentinin rəhbəri həm də beynəlxalq aləmə mesaj verib ki, artıq Cənubi Qafqazda baş verən dəyişikliklərdə Azərbaycanla Türkiyənin yeri və rolu nəhəngdir.
Türk dövlətləri təşkilatının bəyanatı xüsusi önəm daşıyır!
Laçın şəhərinin və üç kəndinin Azərbaycan dövlətinin suverenliyi altına keçməsi Türk dövlətlər təşkilatı tərəfindən də sevinc və dəstək hissləri ilə qarşılanıb. “Türk dövlətləri təşkilatının katibliyi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana geri dönməsini alqışlayır”, deyə vurğulanan bəyanatdan da göründüyü kimi, Azərbaycanın növbəti qalibiyyəti həm də Türk dünyasının qalibiyyəti kimi qiymətləndirilir.

Təbrik məktubunda çıxış edən Türk dövlətləri təşkilatının baş katibi Bağdad Amreyev bəyan edib ki, təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini göstərir və post münaqişə dövründə işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpasına, rekonstruksiyasına və reinteqrasiyasına öz töhfələrini verməyə hazırdır.
“Türk dövlətləri təşkilatı Cənubi Qafqazda sülhün, sabitliyin əldə olunmasında, məcburi köçkünlərin azad olunmuş ərazilərə geri dönmələrində və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yönündə diplomatik dəstəyini göstərəcək”, deyə təşkilatın baş katibi Amreyev bildirib.
Rusiyalı politoloqdan önəmli fikir!

Daim Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyini ifadə edən, Azərbaycanın dostu hesab edilən nüfuzlu Rusiya politoloqu, hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun da fikirləri kifayət qədər maraqdoğurucudur. Onun sözlərinə görə, Laçının Azərbaycanın nəzarətinə keçməsi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda əks edilib. Habelə, Azərbaycanın diplomatik və hərbi qərarlar verməsində üst-üstə düşən uğurlu meyarlar erməni tərəfini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etdi. “Azərbaycan üzərinə düşən öhdəlikləri dəqiq və vaxtında icra edir və onun diplomatik, eləcə də hərbi qərarlar verməsi İrəvanı üzərinə düşən vəzifəsini icra etməyə vadar etdi”, deyən Korotçenkoya görə, bundan sonra Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı qalan məsələləri həll etmək vacibdir.
Zəngəzurla bağlı məsələ artıq yetişib!
Rusiyalı politoloq hətta sözügedən məsələnin yetişdiyini də inkar etməyib. “Bununla bağlı məsələ artıq yetişib. Kifayət qədər aydındır ki, eksterritorial dəhliz olmalıdır və orada erməni sərhədçiləri, eləcə də gömrükçüləri olmamalıdırlar. Həmçinin, Zəngəzur dəhlizindəki hüquqi rejim tam şəkildə Laçın dəhlizinə müvafiq olmalıdır”, deyən Korotçenko hesab edir ki, qısa zamanda regionda sülh və sabitlik bərpa ediləcək, amma bunun üçün qarşıda görüləcək işlər də çoxdur.
Beləliklə, Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərini icra edir və bu məqsədlər, ilk növbədə, işğaldan azad olunmuş ərazilərimizin bərpasına, habelə, beynəlxalq dəstəyə də söykənir. Göründüyü kimi, artıq dünya birliyi də ölkəmizin gücünü və qüdrəti görür, qəbul edir. Habelə, Cənubi Qafqazda baş verən müsbət dəyişikləri alqışlayır. Söz yox ki, bu reallıqlar qarşıda daha nəhəng imkanlara yol açır və bu imkanlar dövlətimizin təməllərinin möhkəmlənməsində də öz sözünü deməkdədir.
Rövşən RƏSULOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB