Laçın şəhəri, Zabux kəndi: növbədə haradır? SİYASİ RAKURS+AKTUAL
Vaxt Azərbaycan xalqının və dövlətinin səmərəsinə işləyir!
“Bu gün Zabux kəndinin bütün sakinləri evlərini tərk ediblər”. SİA xəbər verir ki, bu haqda separatçıların “demokratik birlik” adlı “partiyasının” qondarma sədri Suren Petrosyan özünün Facebook səhifəsində yazıb.
Petrosyan özünün də Zabuxu tərk etdiyini bildirərək yazıb ki, o və ətrafı “qarşılarında dayanan məsələləri həll etmək gücündə” deyillər. Görünən budur ki, o, bu qeydini edərkən hansısa diversiya və ya təxribat planlarını icra edə bilmədiklərinə eyham vurub.
Onu da xatırladaq ki, üçtərəfli bəyanata əsasən, avqustun sonlarına qədər Laçın şəhərində, Zabuxda və Susda qanunsuz məskunlaşan bütün ermənilər bu əraziləri tərk etməlidirlər. Belə ki, Azərbaycan tərəfi Laçından yan keçməklə Qarabağla Ermənistanı birləşdirəcək avtomobil yolunu qısa müddətdə inşa edib.
Livan terrorçusu bir müddət əvvəl səsləndirdiyi iddiasını necə həzmi-rabeəsindən keçirib?
.jpg)
Yeri gəlmişkən, avqust eskalasiyasına - daha dəqiq desək, rəsmi Bakının ultimatumuna qədər özünü Zabuxun “kəndxudası” elan etmiş Livan ermənisi, terrorçu-quldur Andranik Çavuşyan vaxtilə başından böyük iddia ilə çıxış edirdi ki, “əgər azərbaycanlılar Zabuxa vertikal şəkildə daxil olsalar, oranı horizontal şəkildə tərk edəcəklər”. Ancaq fakt budur ki, hələ vaxta bir neçə gün qalmasına rəğmən, Azərbaycanın yanğınsöndürənləri, FHN dəstəsi artıq həmin kəndlərdədirlər və ermənilər tərəfindən törədilməsi mümkün görünən yanğınların qarşısını almağa hər an hazırdırlar. Amma Çavuşyan özü artıq dabanına tüpürüb qaçıb, hətta sürünə-sürünə separatçıların qaldıqları Xankəndinə tərəf sivişib. Bu isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Livan terrorçusu bir müddət əvvəl səsləndirdiyi iddiasını necə deyərlər, həzmi-rabeəsindən keçirib...
Mağaza sahibəsi Aida Balıkyan isə etiraf edir ki, o Laçına şəhərin işğalı dövründə yerləşib
Rusiyaya bağlı “Kavkazskiy uzel” isə yazır ki, Laçının sözdə “erməni administrasiyası” əhaliyə kəndləri avqustun 20-ə qədər tərk etmək tapşırığını verib. Hansı ailələr ki, öz məişət əşyalarını toplaya bilməyiblər, onlara uzağı avqustun 25-nə qədər zaman verilib. Üstəlik, bütün yaşayış məntəqələrinin rabitə, elektrik, internet və s. vasitələri kəsilib.
Adıçəkilən nəşrin qeydinə görə, 44 günlük müharibədən sonra Sus kəndində 4-5 ailə qalırdı, Laçın şəhəri və Zabux kəndindən isə hazırkı vaxta qədər 90 % erməni çıxıb. Laçından olan 3, Zabuxdan olan isə 5 ailə müvəqqəti olaraq Azərbaycan ərazilərində yerləşmiş Rusiya sülhməramlıları kontingentinin nəzarəti altındakı yerlərdə qalmaq qərarını veriblər. Onlara Xankəndiyə köçmək vədi verilib.
Özünü “Laçın administrasiyasının rəhbəri” adlandıran Muşeq Alaverdyan da bəyan edib ki, şəhər avqust ayının 25-də təhvil verilir. Onun “həmkarı” Andranik Çavuşyan isə bildirib ki, Xankəndiyə yerləşəcək və artıq öz ailəsini də oraya göndərib. “Hazırda Zabuxda 30 nəfər adam qalıb, onların hər biri öz yüklərini daşımaqla məşğuldurlar, sülhməramlılar da deyiblər ki, avqustun 25-nə qədər vaxtımız var”, deyə livanlı quldur bildirib.
Maraqlıdır ki, yuxarıda qeyd etdiyimiz Suren Petrosyan şəhərin və kəndlərin tamamilə boşaldığını deyir, amma digərləri hələ də qanunsuz ermənilərin qaldıqlarını bildirirlər...
“Kavkazskiy uzel”in jurnalistinə danışan mağaza sahibəsi Aida Balıkyan isə etiraf edir ki, o Laçına şəhərin işğalı dövründə yerləşib. “Ermənistan hakimiyyəti bizə dedi ki, bizi Laçına eksperiment qismində yerləşdirirlər. Biz hökumətə inandıq və bu yerlərə gəldik. İndi isə görünür ki, onların vədləri sadəcə yalanlar idi”, deyə erməni mağaza sahibi bildirib.
İtaliyanın tag43.it portalı yazır ki, ermənilər rus sülhməramlılarının üzərlərinə düşən vəzifələrinin öhdəsindən gələ bilmədiklərindən narazıdırlar
Bu arada, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlılarına qarşı narazılıqlar artmağa başlayıb və bu narazılıqlar xüsusilə sonuncu avqust eskalasiyasından sonra daha da çoxalıb. “Harada ruslar varsa, orada sülh var!” yazılı reklam lövhələri Qarabağın əsas yollarında vurulub. İndi isə həmin lövhələr uğursuz zarafat kimi görünür”, deyə italyan portalı yazır və xatırladır ki, sözügedən lövhələr Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından əvvəl yerləşdirilib. “İndi isə ermənilər rus sülhməramlılarının üzərlərinə düşən vəzifələrinin öhdəsindən gələ bilmədiklərindən narazıdırlar”, deyə portal qeyd edir. “Ermənilər buralara 44 günlük müharibədən sonra geri döndülər. Belə ki, ruslar onların təhlükəsizliklərinə zəmanət verirdi”, deyə tag43.it portalı Xankəndi sakinlərinin birinin dilindən yazır. “Əgər onlar buradadırsa, onda üzərlərinə düşən öhdəliklərini yerinə yetirməlidirlər. Lakin hər şey belə getməzsə onda biz burada beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik”, deyə Xankəndi ermənisi söhbətində bildirib.
Əslində isə bu gün bizləri Xankəndi, yaxud Laçında qeyri-qanuni yaşayan ermənilərin hansı fikirlər bildirmələri əsla maraqlandırmır. Fakt budur ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərini realizə edir və söz yox ki, bizi qarşıda Xocalı, Ağdərə, Əsgəran, Xocavəndin bir hissəsi, Kərkicahan kimi ərazilər də gözləyir, əlbəttə ki, Xankəndinin mərkəzində Azərbaycan bayrağının dalğalanması faktının tezliklə icra olunması reallığı ilə. Vaxt söz yox ki, Azərbaycan dövlətinin və xalqının səmərəsinə işləyir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB