Qalib Prezidentin qətiyyətli mövqeyi ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin göstəricisidir. Cənab Prezidentin regionlara etdiyi səfərlərin iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan dövlət başçımızın bölgələrə müntəzəm xarakter alan səfərləri zamanı görülən işlərin icra vəziyyəti ilə şəxsən maraqlanır və ölkə ictimaiyyətini məlumatlandırır. Dövlət başçısı İlham Əliyevin avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı səsləndirdiyi fikirlər, müəyyənləşdirilən hədəflər, eyni zamanda, Ermənistana ünvanladığı ciddi mesajlar və xəbərdarlıqlar bu gün də geniş müzakirə olunur. Dövlət başçısınin müsahibəsində Ermənistana ünvanladıgı xəbərdarlıqlar Azərbaycan dövlətinin gücünün, qüdrətinin, ölkə Prezidentinin qətiyyətli mövqeyinin göstəricisidir. Cənab Prezident postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək iki il ərzində nə qədər dəyişikliklərin baş verdiyini bildirdi. Prezident bildirdi ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Ölkəmizin atdığı addımlar, həmçinin Ermənistana təklif etdiyi sülh modeli beynəlxalq səviyyədə dəstəklənir. Baxmayaraq ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edir, amma hələ də sülh danışıqlarına başlanması istiqamətində heç bir addım atmayıb. Ermənistan açıq-aşkar Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini, vaxt qazanmaq üçün müxtəlif vasitələrə əl atdığını təsdiqləyir. Aydındır ki, bu cür davranış hərbi və hüquqi məsuliyyətə səbəb olacaq. Ya Ermənistan nəticə çıxaracaq, ya da öz məntiqsiz hərəkətlərinin qarşılığını görəcək. Dövlət başçısı İlham Əliyev hədəflərə yüksək səviyyədə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialı da xüsusi qeyd edib. Prezident bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılır. Hazırda Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün infrastruktur layihələri həyata keçirilir və yaşamaq üçün hər cür şərait yaradılır. Ərazilərimizin hər biri özünəməxsus iqtisadi imkanlara malikdir. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Qarabağ və Şərqi Zəngəzurdakı iqtisadi layihələrin qlobal dünya iqtisadiyyatına inteqrasiyası üçün bütün lazımi şərait yaradılır. Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin işə salınması mühüm əhəmiyyət kəsb edir və onun işə salınması an məsələsidir. Hazırda işğaldan azad edilmiş torpaqlarda əkin işləri aparılıb. Bu əminlik ifadə edilir ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılığın, o cümlədən üzümçülüyün, meyvəçiliyin, fındıqçılığın inkişaf etdirilməsi əsas hədəflərdəndir. Müzəffər Ali Baş Komandanın müsahibə zamanı toxunduğu önəmli məsələlərdən biri də Qarabağda yaşayan ermənilərə qarşı Azərbaycan dövlətinin münasibəti idi. Cənab Prezident bir daha bəyən etdi ki, Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Qarabağda yaşayan ermənilərdə bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti artıq Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Dövlət başçısı İlham Əliyevin bəyan etdi ki, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Danışıqlar masasında hər hansı bir statusdan söhbət belə getmir. Bu çağırış da edildi ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, o, erməni xalqının birinci düşmənidir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, həm tarixi nöqteyi-nəzərdən, həm də beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Ona görə də Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə! Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Ona görə də Prezident İlham Əliyevin ünvanladığı xəbərdarlıqlardan Ermənistan rəhbərliyi nəticə çıxarmalı, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmalıdır.

Fidan Hüseynova,

YAP Quba rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...