"Azad edilmiş ərazilərdə kənd təsərrüfatı, maldarlıq, bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var" ŞƏRH

Azərbaycan böyük iqtisadi inkişaf potensialına malik olan dövlətdir və digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafı istiqamətində dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Ölkə Prezidenti Cənab İlham Əliyev avqustun 12-də İsmayıllı və Ağsu rayonlarında səfərdə olmuş, səfər çərçivəsində bölgədəki sosial-iqtisadi infrasturuktur layihələri ilə tanış olmuş və bir sıra əhəmiyyətli məsələlərə toxunaraq işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir. Prezident Cənab İlham Əliyev qeyd etmişdir ki, işğaldan azad olunmuş Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu da öz növbəsində gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının xarici idxal asılılığından azad olmasına öz müsbət təsirini göstərəcəkdir. Qeyd etmək lazımdır ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində Prezident Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə vermişdir və müsahibə zamanı Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçiliyin inkişaf etdirilməsi barədə məlumat verərək bildirmişdir: "Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq". Bu gün Azərbaycan iqtisadi baxımdan, həm neft və qeyri-neft sektorunun inkişafı və eyni zamanda, digər sahələr üzrə regionda böyük iqtisadi resurslara malik olan bir ölkədir. Bütün bu qazanılan uğurların təməlində isə ölkə Prezidenti Cənab İlham Əliyevin uğurlu iqtisadi və siyasi dövlət strategiyası dayanır. Sevindirici haldır ki, artıq bu gün işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır və bu amil ölkə iqtisadiyyatının gələcək dinamik inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Mansur QULİYEV,

YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə