Rus politoloq: “Hər şey döyüş meydanında həll olunacaq!" - MÜSAHİBƏ

İqor Mintusov: Neftin və qazın qiyməti ucuzlaşmayacaq, əksinə artacaq

Tanınmış rusiyalı politoloq İqor Mintusov “Caliber.Az”-a müsahibəsində dünyada gedən prosesləri və iqtisadi blokalaşmanı şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rusiya iqtisadiyyatının sanksiyalar altında yaxın 2 ildə inkişafını necə görürsünüz?

- Rusiya iqtisadiyyatında sanksiyalarla bağlı təbii ki, resessiya olacaq. İnflyasiya yüksələcək. İnflyasiyanın nə qədər artacağını və iqtisadiyyatda tənəzzülün nə qədər davam edəcəyini proqnozlaşdırmağın mümkünlüyünü güman etmirəm, lakin hökumətin və Mərkəzi Bankın bu prosesin qarşısını almaq üçün göstərdiyi səyləri müsbət qiymətləndirirəm. Və bir şeyi də tam əminliklə deyə bilərəm ki, Qərblə demək olar ki, tamamilə qopmağa və Qərb bazarından təcrid olunmasına baxmayaraq, ölkə iqtisadiyyatı liberal bazar iqtisadiyyatı sistemi olaraq qalacaq, yəni sosialist iqtisadi rejiminə qayıtmayacaq.

- Bu müddət ərzində Rusiya yeni enerji bazarları tapa biləcəkmi?

- Bəli, düşünürəm ki, olacaq. Əsasən bunlar BRİKS üzvləri, xüsisən Hindistan və Çin kimi tərəfdaş ölkələr olacaq. Ola bilsin ki, bu yaxınlarda təşkilata üzvlük üçün müraciət edən Argentina da Rusiyanın enerji resurslarını alsın. Bunun Rusiya tərəfi üçün nə qədər faydalı olacağı hələ tam aydın deyil. O da göz qabağındadır ki, Rusiya xammalının alıcıları mövcud vəziyyətdən yararlanmağa və maksimum endirimlərə nail olmağa çalışacaqlar. Beləliklə, şübhəsiz ki, şərqdən olan tərəfdaşlarla sövdələşmələr Qərblə müqayisədə daha az sərfəli olacaq.

- Rusiyanın Hindistan, Çin, Türkiyə, Cənubi Afrika və digərləri kimi hazırkı tərəfdaşları Qərbin artan təzyiqi altında tərəfdaşlıq münasibətlərini qoruya bilirmi?

- Düşünürəm ki, Hindistan və Çin kimi böyük dövlətlər Rusiya və Qərb məhsullarının alınması arasında balansı saxlaya biləcəklər, bunun üçün onların kifayət qədər subyektivliyi və siyasi müstəqilliyi var. Türkiyə kimi kiçik ölkələrə gəlincə, bu tarazlığa nail olmaq və ikinci dərəcəli sanksiyaların qurbanı olmamaq üçün manevr etməli olacaqlar. Buna baxmayaraq, Türkiyənin indiki çətin geosiyasi şəraitdə fəal şəkildə bunu etməyə çalışdığını görürük.

- Görünən odur ki, Ukraynadakı müharibə uzadılır. Sizcə, münaqişə uzandıqca qaz və neftin qiyməti necə dəyişəcək?

- Neftin qiymətləri ilə bağlı bircə onu deyə bilərəm ki, qiymətlər qətiyyən düşməyəcək. Bildiyiniz kimi, “Şimal axını 2” bağlanıb və qıtlıq ABŞ-dan və digər alternativ mənbələrdən kütləvi şəkildə mayeləşdirilmiş təbii qaz tədarükünə qədər davam edəcək. Eyni şey neftə də aiddir, çünki Rusiyadan tədarükün şaxələndirilməsinin sürətli təşkili qeyri-mümkündür və illər çəkə bilər, ona görə də neftin qiymətləri də artacaq və ya ən azı düşməyəcək. Üstəlik, Brent markalı neftin qiymətinin formalaşması əsasən Rusiyanın Urals markalı neftinin qiymətindən asılıdır.

- Ukraynadakı “ xüsusi hərbi əməliyyat” postsovet məkanında inteqrasiya layihələrinə necə təsir etdi? Sizcə, Rusiyanın keçmiş Sovet respublikaları ilə münasibətlər daha da yaxınlaşıb, yoxsa əksinə? Mən ənənəvi olaraq Rusiyadan və onun təsirindən uzaqlaşmağa çalışan Baltikyanı dövlətləri nəzərdə tutmuram.

- Müxtəlif istiqamətlərdə təsirlənmişdir. Məsələn, Qazaxıstan getdikcə bir sıra siyasi məsələlərdə Rusiyaya “yox” deməyə başlayıb. Belarusa gəlincə, Lukaşenka Ukraynaya qarşı hərbi əməliyyatlara kömək etməklə Rusiya ilə dostluğuna sadiqliyini nümayiş etdirdi və bununla da Avropanın diqqətini özündən yayındıra bildi. Mərkəzi Asiya ölkələri ən yaxın güclü tərəfdaş axtarışı prinsipi ilə hərəkət edirlər. Bu gün bu, Rusiyadır, lakin son zamanlar həm Çin, həm də İran regionda öz rollarını gücləndirməyə çalışırlar. Gürcüstanla münasibətlər son vaxtlar çox pisləşib və bu, aşkar fakta çevrilib.

- SSRİ-nin yenidən qurulması ideyası Rusiya Federasiyasının rəhbərliyinin beynində yaşayırmı? Bu fikri nə dərəcədə real görürsünüz?

- Mən SSRİ-nin sosialist dövləti kimi bərpasını görmürəm, lakin keçmiş SSRİ-nin yerində hansısa mədəni, iqtisadi və siyasi xarakterli imperativ Avrasiya ittifaqının bərpası ideyası böyük əksəriyyət üçün elə ideyalardır. Rusiyanın hakim elitasının ideyaları ekzistensial xarakter daşıyır. Hakim elita bunu rusların gələcək nəsilləri qarşısında öz missiyası kimi görür, onların fikrincə, ölkə rəhbərlərinin bu istiqamətdə səylərini yüksək qiymətləndirməlidirlər. Bu layihə nə qədər realdır - hərbi əməliyyatların nəticəsi göstərəcək. Prezident Putinin və onun ətrafının çoxunun deməyi xoşladığı kimi: “Hər şey döyüş meydanında həll olunacaq!”. Ona görə də neo-imperiya layihəsinin taleyi, o cümlədən indiki məqamda, mən sizə müsahibə verərkən, Ukraynada döyüş meydanlarında həll olunur. Yenə deyirəm, bu ideyanın təşəbbüskarlarının düşündüyü kimi neo-imperiya nə SSRİ-nin coğrafi konturlarını, nə də siyasi quruluşunu təkrar etməyəcək, əksinə, XXI əsrin reallıqlarını nəzərə alan, müasir xüsusiyyətləri daşıyan bir ittifaq olacaq.

- Qafqazda sülhün bərqərar olmasında və regionun iqtisadi inkişafında Türkiyənin rolunu necə qiymətləndirirsiniz?

- Türkiyə, şübhəsiz ki, Qafqaz, Suriya, Şimali Afrika və hətta Ukrayna da daxil olmaqla, bir çox regionlarda siyasi təsirini artırıb. Bu, danılmaz faktdır, lakin Türkiyənin regionlara iqtisadi təsiri haqda qiymətləndirmə etmək istəmirəm. Mən bircə onu bilirəm ki, Türkiyə Gürcüstanda və Azərbaycanda ən böyük sərmayədarlardan biridir, amma bildiyimə görə Türkiyənin daxilində bir çox iqtisadi problemlər var, məsələn, qiymətlərin artması, inflyasiya sürətinin artması və s.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə