Azərbaycan öz istəyinə nail olur ŞƏRH

Ölkə başçısı avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ermənistana ünvanlanmış sərt açıqlamalar və xəbərdarlıqlar etdi. Vətən müharibəsindən ötən iki ilə yaxın müddət ərzində Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəliklərdən yayınmaq, əlavə vaxt qazana bilmək üçün mütəmadi olaraq təxribatlara əl atır. Lakin hər dəfə bu təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən anındaca alınır və düşmənə lazımi dərs verilir. Ermənistan tərəfi avqustun əvvəllərində növbəti dəfə belə bir silahlı təxribata əl atdı. Təxribat nəticəsində bir hərbçimizin şəhid olması düşmən üçün çox ağır başa gəldi. Belə ki, Azərbaycan “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldı və qarşı tərəfi ciddi cəzalandırdı. Müsahibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu mövzuda danışarkən “Qisas” əməliyyatını bir neçə saat ərzində davam edən cəza tədbiri kimi xarakterizə etdi. “Qisas” əməliyyatı Azərbaycan Ordusunun gücünün yerində olduğunu bir daha düşmənə göstərməklə hər an təxribatların qarşısını almaq iqtidarında olduğunu da sübut etdi. Ümumiyyətlə, Azərbaycan Ordusu öz gücünü düşmənə iki il öncə göstərərək torpaqlarımızı işğaldan azad edib. Odur ki, Ermənistan unutmamalıdır ki, odla oynamaq olmaz və törədiləcək təxribat cəhdlərinin cavabı bundan sonra daha sərt olacaq. Müsahibəsində ölkə başçısı bildirdi ki, “Qisas” əməliyyatı nəticəsində təkcə şəhidimizin qisası alınmadı, eyni zamanda, qarşıya qoyulmuş bir sıra mühüm vəzifələr icra edildi. Ümumiyyətlə, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu və qətiyyətli siyasət nəticəsində öz istəyinə nail olur, bundan sonra da nail olacaq.

“Qisas” əməliyyatı Ermənistana həmçinin onu da göstərdi ki, Azərbaycanı heç kim və heç nə dayandıra bilməz. Odur ki, Ermənistan 44 günlük Vətən müharibəsində aldığı dərsi unutmamalıdır. Bu ölkə Azərbaycana qarşı olan ərazi iddialarından və təcavüzkar siyasətindən birdəfəlik əl çəkməli, yeni reallıqları qəbul etməlidir. Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır və heç zaman bu mövqeyindən geri çəkiləsi deyil. Prezident cənab İlham Əliyev 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiya aktı imzalayaraq öz üzərinə müvafiq öhdəliklər götürdüyünü növbəti dəfə bu ölkəyə xatırladaraq qanunsuz silahlı birləşmələrin Qarabağdan tamamilə çıxarılmalı olduğunu sərt formada bəyan etdi. Məhz “Qisas” əməliyyatından sonra da yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb.Prezident cənab İlham Əliyev müsahibəsində bir daha Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayaraq burada yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını dərk etmələrinin vacibliyini qeyd etdi. Onlar üçün heç bir status və müstəqillik olmayacaq. Burada yaşayan ermənilərin hüquqları Azərbaycanın digər vətəndaşları, eləcə də ölkəmizdə yaşayan digər xalqların hüquqları kimi qorunacaqdır. Odur ki, Qarabağda yaşayan ermənilər bütün bunları dərk etməli və Azərbaycan qanunları çərçivəsində yaşamalıdırlar.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə