“Xarici qüvvələrin Azərbaycanda müəyyən tör-töküntüləri var” AÇIQLAMA

“Azərbaycan ordusunun qısa müddət ərzində torpaqlarımızı azad etməsi və sərhədlərimizin bərpası üçün önəmli bir şərait yaratması bəzi xarici qüvvələri qıcıqlandırır. Xüsusilə də, erməniləri və ermənipərəst qüvvələri ciddi narahat edib”. Bunu “Səs” qəzetinə açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, xarici narahat qüvvələrin Azərbaycanda müəyyən tör-töküntüləri var: “Bəzi müxalif siyasi partiyalar öz fəaliyyətlərini xaricdən alınan maliyyə hesabına təmin edirlər. Belə bir misal var, “pulunu kim verirsə, musiqini də o sifariş verir”. Ola bilsin ki, bəzi müxalif qüvvələrə belə bir sifariş gəlib. Amma onların ordumuzla bağlı sosial şəbəkələrdə yanlış informasiyalar paylaşmaları tamamilə yolverilməzdir”.

T.Qənioğlu onu da bildirdi ki, bu gün sərhədlərin delimitasiya və demarkasiyası gündəmdədir: “Yəni Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması gündəmdədir. Bəzi xarici qüvvələr, xüsusilə də ermənipərəstlər bu prosesə mane olmaq istəyirlər. Ona görə də, ola bilsin ki, sözügedən qüvvələrə bu cür sifariş verilib ki, Azərbaycan ordusunu gözdən salınsınlar. Təbii ki, bu, yaxşı hal deyil və yolverilməzdir. Qətiyyətlə biz bu cür hərəkətləri pisləyirik. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq heç bir qüvvə Azərbaycan ordusunu gözdən sala bilməz. Çünki 44 günlük Vətən müharibəsi ordumuzun gücünü, qüdrətini bir daha bütün dünyaya göstərdi. Azərbaycan ordusu Azərbaycan xalqının qürur mənbəyidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə