Lerikdə "Nə? Harada? Nə zaman? " bilik yarışması keçirildi FOTOLAR

13 avqust 2022-ci il tarixində, şəhid Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbinin akt zalında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı zabiti, baş leytenantı, Şuşa fatehi, "Azərbaycan Bayrağı" ordenli şəhid Əliqismət Mükafat oğlu Yaqublunun əziz xatirəsinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" bilik yarışması keçirildi. Tədbirdə YAP Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hüseyn Hüseynov, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik Rayon Təşkilatının sədri Veysəl Məlikov, Lerik rayon Uşaq- Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Murad İskəndərov, şəhidin atası, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov iştirak etmişlər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra qonaqlar və yarış iştirakçıları baş leytenant Əliqismət Yaqublunun qısa, lakin şərəfli ömür yolu barədə hazırlanan videoçarxı izlədilər. Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov Şəhidin həyatı, hərbi təhsil illəri, döyüş yolu barədə məlumat verdi. Qeyd olundu ki, Xüsusi Təyinatlı baş leytenant, Kimya Xidmət rəisi Yaqublu Əliqismət 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsində iştirak etmiş, Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və Laçının bir neçə kəndinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarmışdır. Baş Leytenant Əliqismət Yaqublu noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Daha sonra çıxış edən şəhidin atası Mükafat Yaqubov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.11 komandanın iştirakı ilə Şəhid Əliqismət Yaqublunun xatirəsinə həsr olunmuş yarışa start verildi. Maraqlı və gərgin keçən bilik yarışmasında münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşdi. Qalib komandalar fəxri fərmanla və diplomlarla təltif edildilər.

Bütün xəbərlər Facebook səhifəmizdə