"Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə günümüzün ən aktual məsələlərinə toxunaraq ölkəmizdə görülən və görüləcək işlərdən danışdı. Hər şeydən öncə ərzaq və qida təhlükəsizliyi mövzusunda bir sıra məsələlərə aydınlıq gətirdi. Hər kəsə aydındır ki, dünyada mövcud olan kəskin hərbi-siyasi qarşıdurma və tüğyan edən pandemiya bəşəriyyəti aclıq təhlükəsi ilə üz-üzə qoyub. Belə olan vəziyyətdə hər bir milli dövlətin ən əsas prioritetlərindən biri özünün ərazaq təhlükəsizliyi problemini həll etməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əgər hər hansı bir ölkə bu mühüm məsələnin öhdəsindən gələ bilmirsə, zamanla iqtisadi sonra isə siyasi müstəqilliyini itirməyə məhkum olur: "Çünki milli iqtisadi və maliyyə resurslarının böyük əksəriyyətini istehlak tələbatını ödəməyə xərclənir. Nəticədə, milli gücün iqtisadi komponentləri tükənir və dövlət zəifləyir. Bu isə yaşadığımız indiki mürəkkəb tarixi mərhələdə əsla yol verilməzdir. Üstəlik, nəzərə almaq lazımdır ki, ərzaq və qida məhsulları bazarı, həm də hibrid müharibələrin bir komponentidir. Bəzən səssiz müharibə komponenti o qədər təsirli olur ki, uzunmüddətli perspektivdə milli genetik fondu belə təhlükə altına alır. Ona görə də Azərbaycan Prezidenti həmişə ölkəmizin öz-özünü təmin edən imkanlara sahib olmasına diqqət yetirib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə də bu vəzifənin yerinə yetirilməsi üçün olduqca əlverişli şərtlər yaranıb. Şübhəsiz ki, ərzaq təhlükəsizliyi dedikdə ilk ağıla gələn təməl qida maddələri, buğda, ət, yağ, içməli su və.s kimi məhsullardır. Zəfər müharibəmizdən sonra bu təməl qida vasitləri ilə təmin olunmamız üçün işğaldan azad edilmiş torpaqlarımız olduqca geniş potensiala sahibdir. İstər içməli və suvarma su ehtiyatları baxımından, istərsə də əkinə yararlı torpaq ehtiyatlarımızda qida vasitələri istehsal etmək baxımından hazırda ölkəmizdə çox böyük işlər görülür.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Özlüyündə bu yaxşı göstərici hesab edilsə də, ancaq məqsəd bu göstəriciləri daha da yaxşılaşdırmaqdır. Bunun üçün olduqca əlverişli imkanlar və perspektivlər artıq təmin edilib. Başqa bir mühüm xüsus ondan ibarətdir ki, Zəfər savaşımızdan sonra suveren ərazilərimizdə Azərbaycan qanunlarının tam tətbiqi nə zaman və hansı yollarla mümkün olacaq. Bu mövzuda Azərbaycan Prezidentinin fikirlərindən aydın olan məntiq odur ki, indiki vəziyyət tamamilə milli maraqlarımıza cavab verir və faktiki vəziyyətdə Azərbaycan öz imperativ mövqeyi ilə regionumuzun gələcəyi ilə bağlı şərtləri diqtə edir. Bu, əlbəttə qürurvericidir. Doğrudan da, Qarabağ ətrafında baş verən son hadisələr və onun nəticələri bir daha göstərdi ki, Azərbaycanın iradəsinə qarşı durmaq çox baha başa gəlir. Azərbaycanda yaşayan, ya da yaşamaq istəyən hər kəs Azərbaycan qanunlarına qeyd-şərtsiz əməl etməlidir. Qarabağda yaşayan ermənilərin davranışları və onların gələcək mümkün perspektivlərinə toxunan Prezident İlham Əliyev ilk dəfə idi ki, bəzi məsələləri açıq şəkildə ictimailəşdirdi. Bəlli oldu ki, ermənilər müxtəlif vasitələrlə Azərbaycandan müxtəlif tipli xahişlər edirlər. Bu isə özlüyündə Azərbaycan qanunlarına tabe olmağın və cəmiyyətimizə inteqrasiya olunmağın ilkin addımları kimi qiymətləndirilə bilər. Ona görə də Prezident İlham Əliyev bir daha çox konkret şəkildə Azərbaycanın mövqeyini bəyan edərək bir sıra ünvanlara olduqca ciddi mesajlar verdi. Prezident İlham Əliyev bildirdi ki, “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Bu fikirdən belə aydın olur ki ,ermənilərin törətdikləri avqust təxribatlarından sonra Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi "Qisas" əməliyyatı onlara çox baha başa gəlib və Azərbaycanı durdurmaq üçün çoxsaylı ünvanlara çoxsaylı yalvarışlar ediblər. Ancaq bunun heç bir xeyri olmayıb. Bu hadisədən ermənilər yaxşı və düzgün dərs çıxarmağı bacarmalıdırlar. Ona görə də hazırkı vəziyyəti təsvir edərkən Prezident bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Şübhəsiz ki, bu reallıq son nəticədə hər qarış ərazimizdə Azərbaycan dövlətinin suveren hüquqlarının təmin olunması reallığına gətirib çıxaracaq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə