Şuşa Bəyannaməsi - əməkdaşlıqdan müttəfiqliyə ANALİZ

PREZİDENT İLHAM ƏLİYEV: “Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxıb”

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

15 iyin 2021-ci il Türkiyə-Azərbaycan, «Bir millət, iki dövlət»i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda – Azərbaycannı mədəniyyət beşiyi olan Şuşa şəhərində qarşıladı və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Bir dövlətə çevrilmişik bu tarixi sənədin imzalanmasından sonra. Şuşa Bəyannaməsi qardaşlığın rəmzidir. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar.

AZƏRBAYCAN PREZİDENTİ: "Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir"

Bəli, bu gün dövlət başçımızın söylədiyi kimi: «Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir».Xüsusilə də, Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyinin göstəricisidir. Bu qardaşlıq və dostluq münasibətləri....

MARAQLARA DEYİL, DƏYƏRLƏRƏ ƏSASLANAN TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIQ BİRLİYİ

Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə atılan hər addım regional əməkdaşlığın inkişafına, təhlükəsizliyin güclənməsinə xidmət edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iki dövlətin əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbədən sonra Azərbaycana ardıcıl olaraq səfərlər etməsi bunu təsdiqləyir. Əslində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri bir neçə baxımdan əhəmiyyətlidir. O, bununla işğaldan azad edilən torpaqlara Azərbaycanın nəzarət etdiyini bütün dünyaya təbliğ edir, bu ərazilərə sərmayə qoyulmasının riskli olmadığını isbatlayır. Türkiyə liderinin səfərləri iki dövlət arasında əməkdaşlığın artıq səmərə verdiyinin göstəricisidir. Prezident İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib: “Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJ: “BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR”

Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirmişdir ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib: “Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir".

Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.

TÜRKİYƏ PREZİDENTİ: “ŞUŞA BƏYANNAMƏSİ İLƏ ƏLAQƏLƏRİMİZDƏ YENİ BİR DÖNƏM BAŞLATDIQ”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəmin başlandığını söyləmişdi: «Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq».

Bir sözlə, Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı əlaqələri tarixi maksimuma çatdıraraq bütün dünyaya iki ölkənin qardaşlığı ilə bağlı mesaj verilməsi baxımından da əlamətdar oldu: Belə ki, Türkiyə 44 günlük müharibə dövründə olduğu kimi sonrasında da, yəni Qarabağın dirçəldilməsi, bölgədə bütün kommunikasiyaların açılması və s. məsələlərdə də Azərbaycanı birmənalı olaraq dəstəkləyir və bundan sonra da qeyd-şərtsiz dəstəkləməyə davam edəcək. Artıq reallıqla barışmaq və gələcəyə baxmaq lazımdır. Və Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Ən əsası, bu Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə göz dağı verməklə yanaşı həm də Azərbaycanın gücünün, qüdrətinin nə qədər böyük olduğunu bir daha göstərdi.Bir sözlə, Şuşa Bəyannaməsi_- «Bir millət, iki dövlət»in müttəfiqliyini, qardaşlığını ən üst səviyyəyə qaldıran iki imzanın lider müəlliflərinin birliyidir.

Dövlət başçımızın dediyi kimi: «Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır».

RƏFİQƏ KAMALQIZ

Bütün xəbərlər Facebook səhifəmizdə