"Qarabağda hər hansı təxribat törətmək istəsələr,..." - DEPUTAT AÇIQLADI

"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə Ermənistan məğlub dövlət kimi kapitulyasiya aktına imza atmışdı. Ermənistan Qarabağ və Şərqi Zəngəzurda olan bütün silahlı qüvvələrini oradan çıxarmaq barədə üzərinə öhdəliklər götürmüşdü". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə işğaldan azad edilmiş torpaqlarda heç bir silahlı erməni dəstələri olmamalıdır: "Çox təəssüflər olsun ki, bu gün Qarabağda silahlı erməni yaraqlılarına təsadüf edirik.

Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə Ermənistan hakimiyyətinə, Qarabağdakı ermənilərə xəbərdarlıq etmişdi ki, əgər onlar Azərbaycana qarşı hər hansı təxribata yol versələr, çox sərt şəkildə cavablarını alacaqlar".

Deputat sözlərinə belə davam edib: "Bu il avqust ayının ilk günlərində ermənilərin təxribatı Azərbaycan Ordusu tərəfindən alındı. "Qisas" adlı anti-terror əməliyyatı zamanı çoxlu sayda erməni terrorçusu məhv edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərdə nəzarəti ələ keçirdi.

Ermənilər başa düşməlidir ki, Qarabağda hər hansı təxribat törətmək istəsələr, Azərbaycan dövləti bunun qarşısını alacaq. Onlar bizim qanunları qəbul edib bu qanunlar çərçivəsində yaşamaq istəsələr, onları təhlükəsiz həyat gözləyəcək. Azərbaycan dövləti Qarabağda mövcud olan sonuncu erməni terrorçusunu da qanun çərçivəsində cəzalandıracaq. Onu da qeyd edim ki, son günlər sosial şəbəkələrdə sadə ermənilər Azərbaycan qanunlarını və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə