Enerji müharibəsi, yaxud HİBRİD MÜHARİBƏ - TƏHLİL

Enerji müharibəsi, yaxud HİBRİD MÜHARİBƏ - TƏHLİL

Qlobal müstəvidə, özü də mövcüd şəraitdə baş verən hadisələr həqiqətən də dünyanın diqqət mərkəzindədir və bu hadisələrin fonunda gözləntilər də, yanaşmalar da fərqlidir. Bununla belə, Qərb və Rusiya arasında qarşıdurmalar elə bir haldadır ki, tərəflərin bir-birinə qarşı hansısa addım atacağı hamı üçün gözləniləndir. Daha dəqiq desək, Qərb əgər Rusiyaya qarşı sanksiyalar tətbiq edirsə, deməli, Rusiyanın da adekvat şəkildə cavab verəcəyi əvvəlcədən düşünülən idi.

Məlum olduğu kimi, Rusiya, daha doğrusu, bu ölkənin “Qazprom” şirkəti Avropaya “Şimal axını” kəməri ilə gündəlik qaz tədarükünün çərşənbə günündən 33 milyon kubmetr azalacağını elan edib, hansı ki bu, 20 faizə qədər azalma deməkdir. Sözsüz ki, şirkət bununla bağlı müəyyən səbəblər də açıqlayıb. Bildirilib ki, səbəb işləyən iki turbindən birinin işinin dayanmasıdır, amma heç də buna birmənalı şəkildə yanaşılmır və müxtəlif yanaşmalar mövcuddur. Məsələn, buna Avropaya qarşı yeni qaz müharibəsi kimi baxanlar da var. Təbii ki, məsələnin əsl mahiyyəti olmalıdır, var və bunun nədən ibarət olduğu, həqiqətən də, maraq doğurur.

Heç şübhəsiz ki, sanksiyalarla qarşı-arşıya, üz-üzə qalan Rusiya da öz növbəsində Avropada enerji böhranının daha da genişlənməsini istəyir, hərçənd bunu etiraf etməsə də. Doğrudur, Rusiya tərəfi problemin yaranmasında onların günahının olmadığını bildirir. Hətta təmir məsələsində gecikməsinin də onların səhvi ucbatından olmadığı deyilir. Görəsən, həqiqətən də belədirmi və məsələnin mahiyyəti nə ola bilər? Rusiyanın da öz növbəsində qarşı tərəfi sıxışdırmaq niyyəti güdəcəyi bu məqamda mümkün hal hesab olunur. Bunu, bu halı nəzərə alan bir çox ölkələrdə sanksiyaların, məhz Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması çağırışları da var və bu heç də əbəs yerə deyil. Sözsüz ki, qarşılaşdığı sanksiyaların fonunda Rusiyanın adekvat addımlar atacağı ağlabatandır və məntiqlidir. Elə buna görə də sanksiyaların yığışdırılması çağırışları peyda olub və Rusiyanın Avropanı sıxışdırmaqda məqsədi də elə bu ola bilər.

Qeyd olunduğu kimi, vəziyyət heç də əvvəlki halda deyil və Avropa Birliyinin özündə belə vahid mövqedən çıxış etmək istəyən ölkələrin sayı azalmaqdadır və sanksiyaların götürülməsi çağırışına qoşulanların sayı artır. Məsələn, Macarıstan prezidenti Pal Şmitt özü də belə bir çağırış edib. Ümumiyyətlə, bir ölkənin prezidentinin belə bir çağırış etməsi movcud şəraitdə sıradan bir hal hesab oluna bilməz və maraqlı məqamlardan xəbər verir.

Uzun müddətdir ki, Rusiyaya Qərbdən təzyiqlər olduğu bəllidir və bu təzyiqlərin hələ çox davam edəcəyi proqnozu verilir. Məsələ burasındadır ki, Rusiya tərəfi buna, bu təzyiqlərə laqeyd yanaşmaq niyyətində deyil və rəsmi Moskvanın adekvat tədbirlər görəcəyinə şübhə belə yoxdur. Eyni zamanda, Ukraynaya qarşı da Rusiyanın güzəştə getməyəcəyi gün kimi aydındır. Deməli, Rusiya həm Ukraynaya, həm də Qərbə təzyiqləri bundan sonra daha da artırmaq məqsədi ilə bütün vasitələrdən istifadə edə bilər. Doğrudur, Qərbin də öz adekvat reaksiyası gözlənilir və bunun da yaxın zamanlarda şahidi ola bilərik, amma hal-hazırda Avropaya Rusiyadan qaz tədarükünün 20 faiz azaldılması, sadəcə, Moskvanın təzyiq mexanizmindən istifadəsi kimi başa düşülür.

Onsuz da enerji təhlükəsizliyi problemi ilə üz-üzə qalan Avropa ölkələri Rusiyadan qaz tədarükünün 33 milyon kubmetr azaldılması ilə çətin duruma düşmüş olur, hansı ki, bunu hər iki tərəf yaxşı başa düşür və hətta Qərb özü də birmənalı olaraq bunun təzyiq vasitəsi olduğunu qəbul edir. Qərb başa düşür ki, qaz tədarükünün əhəmiyyətli dərəcədə azalması qiymət artımı ilə nəticələnəcək və artıq bunun ilk əlamətləri müşahidə də edilir. Artıq qazın hər min kubmetrinin qiymətinin 1950 dollar həcmində olması deyilənləri təsdiq edir. Təsdiq edir ki, Rusiya artıq öz təzyiqləri ilə müəyyən nəticələrə də nail olub. Məsələ burasındadır ki, Rusiyanın bununla kifayətlənməyəcəyi də bir reallıqdır. Rəsmi Moskva tədarükün azalması səbəbindən qazın qiymətinin daha da yüksək olacağına inanır. Xatırladığımız kimi, bir vaxt, daha dəqiq desək mart ayında qazın hər kubmetrinin qiyməti təqribən 2500 dollar həddində idi. Bu baxımdan da qazın qiymətinin daha da artacağına Rusiyanın ümid etməsində qeyri-adi heç nə yoxdur. Yəni, həqiqətən də yaxın zamanda qazın qiymətinin daha da yüksək ola biləcəyi mümkün haldır, hətta həqiqətə daha yaxındır. Moskva da elə bunu səbirsizliklə gözləyir. Gözləyir ki, Avropa təzyiq altında olaraq Rusiya ilə hesablaşmaq məcburiyyətində qalsın.

Sözsüz ki, qaz ixracatçısı olan ölkələrdən əlavə qaz mənbəyi əldə etmək istəyən Avropa İttifaqını başa düşmək çətin deyil. Avropa ölkələrinin qaza olan tələbatının ödənilməsi üçün əvvəlcədən, yəni qış yetişmədən tədbirlər görülməsi təxirasılmaz tədbirlərdəndir. Hazırda Avropa Birliyinin Əlcazairdən, Misirdən, eləcə də Azərbaycandan əlavə qaz mənbələri əldə etmək niyyəti də anlaşılandır və ehtiyat tədbirləri kimi tam yerində atılan addım olaraq dəyərləndirilir. Məqsədlər arasında ən vacib olanı həm də qiymət artımının qarşısının alınmasıdır.

Heç şübhəsiz ki, Avropa ölkələrinin qazla təchiz olunması barədə indidən qayğılanmasalar qış mövsümündə, qaza olan tələbatın, enerjiyə olan ehtiyacların daha da artması fonunda vəziyyət daha da gərginləşdirə bilər. Elə enerji təhlükəsizliyi deyiləndə də, təbii ki, bu məqamlar göz önünə alınır. Həm də göz önünə alınır ki, soyuq fəsillərin başlaması ilə enerjiyə olan tələbatın daha da artması ən azından qiymət artımı ilə başlayacaq və əksər Avropa ölkələrində ciddi problemlər ortaya çıxacaq. Bu baxımdam da Avropanın sıxıntısı tam gözlənilən idi və bu məqamda qazın tədarükünün əhəmiyyətli dərəcə azaldılması Rusiya tərəfindən çox güman ki, əvvəlcədən hesablanılmışdı və bu məsələdə başlıca niyyət də Avropaya, ümumilikdə Qərbə sıxıntı yaşatmaqla təzyiqlər etmək hesab olunur.

Əslində, nələrin baş verdiyi, nələr düşünüldüyü aydın olur. Bir tərəfdən Qərb sanksiyalar fonunda Rusiyaya təzyiq etdiyi, digər tərəfdən də Rusiya tərəfi enerji təchizatını azaltmaqla adekvat cavab verdiyi qənaətindədir. Rəsmi Moskva Avropaya sıxıntı yaşatmağa fokuslanıb və qaz ehtiyatlarının tədarükü baxımından artıq bunu edir də. İndi Avropaya məhz Rusiyadan qaz tədarükünün azaldılmasına bir növ enerji müharibəsi, yaxud hibrid müharibə kimi baxılır. Bu müharibənin isə hələ nə qədər davam edəcəyi barədə proqnoz vermək çətindir. Ən azından qarşıda soyuq fəsillərin, ələlxüsus qış fəslinin gəlişi ilə qaza, enerjiyə olan tələbatla üz-üzə qalacaq Avropa ya indidən hər şeyə hazırlıq görməli, yeni mənbələrdən qaz tədarükünə nail olmalı, ya Rusiya ilə ümumi razılığa gəlməli, ya da enerji baxımından ciddi problemlərlə qarşılaşacağını göz önünə almalıdır. Hələlik isə enerji müharibəsinin, yaxud hibrid müharibənin davam etdiyi müşahidə edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə