Dil ən dəyərli milli sərvətimiz, bizi var edən ruhumuzdur. Dilimiz bizim mövcudolma səbəblərimizdən biri, birlik və həmrəyliyimizin ən vacib göstəricisi, mənsubiyyətimizin təməl daşlarındandır. Dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi dilimiz də müqəddəsdir. Onun dövlət dili statusuna yüksəldilməsi millətin öz taleyinə sahibliyinin, dövləti yaşatmaq və qorumaq gücünün, həmçinin onun qüdrətinin göstəricisidir.
70-ci illərdə milli dəyərlərin sıxışdırıldığı bir zamanda Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük iradə və qətiyyətli cəsarəti ilə ortaya qoydu. Onun təşəbbüsü ilə 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bu andan dövlət dilinin inkişafı və qorunması işi daha da gücləndirildi. Ulu Öndər tərəfindən müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi, inkişafı baxımından xüsusi əhəmiyyətə malik bir sıra Fərmanlar imzalandı, Qanunlar qəbul edildi. Bu rəsmi sənədlərdə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin azad dövlətçilik prinsiplərini özündə ehtiva etməsi ilə yanaşı, onun tətbiqi, qorunması, inkişafı istiqamətindəki siyasətə də xüsusi diqqət göstərilir. Ana dilimiz dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimizin özünüifadə ehtiyaclarının ödənilməsinə imkan yaradır.
Bu siyasət bu gün də dövrün reallıqları və tələblərini nəzərə alaraq davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı 2013-cü il 9 aprel tarixli Sərəncamı ana dilimizin saflığının və zənginliyinin qorunması yönündə atılan olduqca vacib bir addımdır. Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun şəkildə istifadə olunması, ona dövlət nəzarəti və qayğısının artırılması, dilin tətbiq dairəsinin genişləndirilməsi, bu baxımdan həm də elektron məkanda geniş istifadə olunması daim diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyevin “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”:- fikri bir daha bizi öz ana dilimizi sevməyə, onu qorumağa və sahib çıxmağa səsləyir.
İmmiyə Zamanova
YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB