Dövlət başçısının Sərəncamı ilə Reza Deqati "Dostluq" ordeni ilə təltif edilib
Reza Deqati... Bu ad hər bir azərbaycanlıya yaxış tanışdır və hər kəsin qəlbində ona böyük sevgi, ehtiram var. Azərbaycanın ən çətin anlarında onun ictimai-siyasi proseslərini diqqətlə izləyən və dünya ölkələrində təbliğində, beynəlxalq ictimaiyyətə çatdırılmasında yorulmadan çalışan ziyalının fotoqraf kimi fəaliyyət göstərdiyi 55 il ərzində dünyanın müxtəlif ölkələrində 460-dan çox sərgisi keçirilib. Əqidə və məsləki bəlli olan bir insan xoş niyyəti ilə Azərbaycanın yanında olaraq, ölümün gözünə dik baxaraq sərhədlər keçib və Azərbaycanın həqiqətlərinə biganə qalmayıb. Məhz onun nəticəsidir ki, Reza Deqati Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilib. Bu, onun bu günə qədər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə verilən böyük dəyərdir, qiymətdir.
KİÇİK ARAYIŞ…
Rza Diqqəti 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini isə 14 yaşında çəkən Rza bu fotosunu məktəbdə fəaliyyət göstərən "Pərvaz" adlı jurnalda yayımlayıb. Beləliklə, onun bu sahədə ilk uğurlu addımlarının təməli qoyulur. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Rza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Tərcümeyi-halında qeyd olunur ki, həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. O, "Newsweek" jurnalı ilə müqavilə imzalayır. 1979-cu ilin 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur. İnqilaba qədər olan hadisələri, eləcə də inqilab və inqilabdan sonra baş verən hadisələri qeyd alır. Lakin sonradan 1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedib. Maraqlı və ziddiyyətli bir ömür yaşayır. Ömrünün qaynar illərində 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti il əməkdaşlığa başlayır və cəmiyyətin bir çox layihələrini həyata keçirib. Onun çəkdiyi şəkillər 25 jurnalın üz qabığı olub. Belə bir şöhrətə sahib olan fotoqraf 1992-ci ildə öz həyat yoldaşı yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə "Webistan Foto" Agentliyinin əsasını qoyurlar.
Bir-birinin ardınca karyerasına yazılan fəaliyyəti onu şöhrətləndirir.
1990-cı ildə o fotojurnalist karyerasına ara verərək Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının məsləhətçisi olaraq ölkənin şimal əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərir. 1996-cı ildə o, YUNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlayır. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini və ya övladlarını itirmiş valideynlərə öz övladlarını tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasıdan olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmişdir.
AZƏRBAYCANA İLK SƏFƏRİ
Bəs Azərbaycana yollar necə açılıb? Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Azərbaycanın qanlı-qadalı günlərində ölkəmizin həqiqətlərini fotosunun yaddaşına köçürüb. Reza Deqati 20 yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza Diqqəti isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib. Özü bu haqda yazırdı: "Heç bir vəclə fotoları sərgidən yığışdıra bilməyən ermənilər bu dəfə sərgiyə gəlib həmin fotonu cırırlar. Təşkilatçılar isə mənə bildirdilər ki, şəkillər cırılıb, onları dəyişdirmək lazımdır. Mən söylədim ki, dəyişdirmək lazım deyil, necə var, eləcə də qalsın. Qoy onların hərəkətini hamı görsün, hamı bilsin."
FOTOSUNUN YADDAŞINA KÖÇƏN TARİXİ ANLAR
Daim narahat dünyaya sahib olan fotoqraf dünyanın hansı nöqtəsində bir gərginlik yaşanırsa, onu imkanı daxilində fotosunun yaddaşına köçürür.
Mənbələrdə göstərilir ki, o, 1990-cı ildə o fotojurnalist karyerasına ara verərək Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının məsləhətçisi olaraq ölkənin şimal əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərir. 1996-cı ildə o, YUNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlayır. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini və ya övladlarını itirmiş valideynlərə öz övladlarını tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasından olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmişdir. 1998-ci ildə Azərbaycanda qaçqın uşaqlar üçün məktəbin tikintisində iştirak etmişdir. 2001-ci ildə Əfqanıstandakı uşaq və qadınların təhsili məsələləri ilə məşğul olan AINA xeyriyyəçilik assosiasiyasının əsasını qoymuşdur. Bu assosiasiyanın tələbələrindən biri Məsud Hüseyni 2012-ci ildə Pulitser mükafatına layiq görülmüşdür. 2009-cu ildə assosiasiya tərəfindən təlimdə iştirak etmiş əfqanların sayı 1000 nəfəri keçdikdən sonra assosiasiya tamamilə azad olmuşdur. Hazırda bu məktəblərdə təlim görən əfqanlar Banqladeş, Çin, Fransa və digər ölkələrdə fotoqraf olaraq fəaliyyət göstərirlər. 2014-cü ildə "Alovun zərifliyi" və "Qara Yanvar", Qarabağ və Xocalı soyqırımı hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazmışdı. "Alovun zərifliyi" kitabında müəllifin Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. "Günahsızların qırğını" kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Həmçinin Parisdə Petit Palais-də "Alovun zərifliyi" adlı sərgi keçirmişdir. 2013-cü ildə isə Parisdə Rza Deqatinin "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.
ÇOX TƏSİREDİCİ ANI QARABAĞDA, XOCALIDAN QAÇAN YAŞLI QADININ TİMSALINDA YAŞAYIR
Xatirələrində belə yazır: "Bu günə qədər dünyanın 115 ölkəsində şəkil çəkmişəm. 1 milyondan çox fotonun müəllifiyəm. Onların hamısı mənə əzizdir. Necə demək olar ki, üç uşağım var, ancaq birini çox istəyirəm. Hamısını istəyərək, sevərək çəkmişəm. Bu fotoların hansına baxsan onun ayrı bir hekayəsi, nağılı var. Amma bütün bunlara baxmayaraq, çox təsiredici bir anı Qarabağda, Xocalıdan qaçan yaşlı qadının timsalında yaşadım. Faciədən 3 gün sonra oğlu və həyat yoldaşının cəsədini tapan, əllərini yuxarı qaldırıb ah-nalə edən qadının fotosu... Bütün dünya da bu əsərə məyus olmuşdu. Qadın qaça-qaça əllərini açaraq gəlir, amma görür ki, əzizləri həlak olub. O rəsmi Fransa, Amerika daxil olmaqla dünyanın bir çox ölkələrində sərgilədim, kitablarıma daxil etdim. Hətta Avropada buna görə ermənilərlə münaqişələrim də olub."
Dünyaşöhrətli fotoqraf Reza Deqati Şuşa haqqında film də çəkib. O, özünün instaqram səhifəsində film barədə paylaşım edib. Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb. Reza Deqati paylaşımında Xudayar Yusifzadə haqqında da məlumat verir. Bildirir ki, Xudayar Yusifzadə Bərdədəki Bülbül adına incəsənət məktəbinin parlaq yetirməsi olub. O, Qarabağın işğaldan azad olunması uğrunda müharibə zamanı bir çox cəbhələrdə döyüşüb. Vətənpərvərlik haqqında mahnını ifa etdiyi bu videonu ölümündən iki gün əvvəl anasına göndərib. Onun arzusu opera müğənnisi olmaq idi. "İndi onun bu ifası Azərbaycanda hər bir evdə məşhurdur. Ona görə də mən bu mahnını filmimin musiqisi olaraq seçdim", - deyə fotoqraf qeyd edib. Azərbaycan həqiqətlərinin carçısı olan Reza Deqatinin fotosunun yaddaşında böyük həqiqətlər yaşanır. Azərbaycan torpaqlarının işğalı dövründə, eləcə də Vətən müharibəsində 44 günlük müharibədə Azərbaycanın haqq səsini dünyaya çatdırması onun xarakterindən, bu torpağa, insanlığa olan məhəbbətində irəli gəlir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB