Azərbaycan dili dövlət müstəqilliyimizin rəmzidir - ŞƏRH

Azərbaycan dili dövlət müstəqilliyimizin rəmzidir - ŞƏRH

Dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir. Ana dilimizin saflığının qorunması dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü, ardıcıl işlər görülür, mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən ana dilimizi qoruyub və təbliğ edirdi.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Ulu öndər ana dili haqqında ibrətamiz fikir söyləmişdir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir". Bir faktı da xatırlatmaq yerinə düşər ki, Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyevin təşəbbüsü ilə dövlət mükafatı verilən ilk kitablardan biri məhz 1974-cü ildə çap edilmiş "Müasir Azərbaycan dili" dərsliyidir. O dövrdə uzun illər Azərbaycan dilinin tədqiqi ilə məşğul olan Ə.Dəmirçizadəyə, S.Səfərova, M.Hüseynzadəyə, Ə.Abdullayevə, Y.Seyidova və A.Həsənova dövlət mükafatı verildi. Azərbaycan dilinə, dilçiliyinə, azərbaycandilli təhsilə sovet dövründə dövlət qayğısı göstərmək asan məsələ deyildi. Dilşünas-alim Yusif Seyidov sonralar haqlı olaraq yazırdı ki, "Müasir Azərbaycan dili" dərsliyinin belə yüksək səviyyədə qiymətləndirilməsi, əslində, rus şovinizminə meydan oxumaq idi. O dövrdə ən mühüm məqamlardan biri isə budur ki, Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Bundan başqa, müstəqillik illərində də Ulu Öndər tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Belə ki, Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsbit olundu.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dil siyasətini uğurla davam etdirir. İlham Əliyev Azərbaycan dili haqqında düşüncələrini belə ifadə etmişdir: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.

Bundan başqa, dövlət başçısı tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın imzalanması da ayrıca qeyd edilməlidir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin ən ali borcudur. Eyni zamanda, Azərbaycan dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Cavid İsmayilov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə