Sağlam gəncliyi və sağlam gələcəyi olan dövlət TƏHLİL

Sağlam gəncliyi və sağlam gələcəyi olan dövlət TƏHLİL

Prezident İlham Əliyev "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib"

Azərbaycanda dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi dövlət proqramları uğurla icra olunur və öz müsbət nəticələrini verir. Bugünki gənclik azad fikirli və düşüncəli, cəsarətli, bilikli, vətənpərvər gənclikdir. Müstəqil dövlətin nümayəndəsi kimi dünyaya çıxan və müxtəlif səpkili tədbirlərin iştirakçısı olaraq qalibiyyət əldə edən, kreativ gənclikdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən böyük bir ordudur. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət də sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan gənclərinə diqqət və qayğı artdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması istiqamətində məqsədyönlü islahatlar həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması dövlət gənclər və idman siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmiş oldu. Gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə, ölkədə həyata keçirilən islahatlar proqramlarının gerçəkləşdirilməsinə səfərbər olunması əsas məsələlərdən birinə çevrildi. Fərmandan irəli gələrək gənclər arasında Azərbaycanın tarixi və mədəni irsini yaymaqla, onların vətənpərvərlik, Vətənə sədaqət, müstəqəlliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daimi hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində ciddi addımlar atıldı. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına təkan verib. Dövlətimiz tərəfindən silsilə olaraq həyata keçirilən tədbirlər gənclərin inkişafına stimul verdi. 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 Fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı dövlət proqramlarının qəbulu, 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında" Qanunun qəbulu Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğının və etmadın nümunəsidir.

GƏLƏCƏYİMİZİ ETİBAR EDƏCƏYİMİZ VƏTƏNPƏRVƏR GƏNCLƏR ORDUSU

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu baxımdan Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsi dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi də gənclərin ölkə həyatında fəallığını xeyli artırmışdır. Gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" gənclərə böyük imkanlar yaratmış oldu. Bu proqram respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsində əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardan oldu. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.

SABAHA VƏ UĞURLARA HESABLANAN GƏNCLƏR SİYASƏT

Gənclər siyasətindən söz açarkən, idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasını qeyd etməliyik. "Sağlam bədəndə sağlam ruh olar" prinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. Ölkəmizdə idmana qayğı bu sahənin inkişafına böyük töhfələr verir. Qeyd edək ki, müstəqilliyimizin ilk illərində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında aşılanmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi də diqqətdə duran məsələlər sırasında idi. Ulu Öndər Heydər Əliyevin hələ ölkəmizə sovet dövründə rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ümumilikdə, ötən əsrin 70-ci illərində Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük dönüş yaratmış oldu. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu.

"BİZ İDMANÇILARA ŞƏRAİT YARATMALIYIQ, ONLARDAN İSƏ NƏTİCƏ GÖZLƏMƏLİYİK"

Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, "Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik."

Dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələr qazanması xüsusi qeyd edilməlidir. Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, çox böyük uğurların əldə edildiyinin şahidi olarıq. "Atlanta-1996"da 1, "Sidney-2000"də 3, "Afina-2004"də 5, “Pekin-2008"də 7, "London-2012"də 10 medal qazanan Azərbaycan komandası "Rio-2016" Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq, 18 medal əldə etdi. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin nəticəsi olaraq, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün güləş də özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə müstəqillik əldə etdikdən sonra bütün olimpiya oyunlarında bu idman növü üzrə medallar qazanılıb. Bu, bir daha sübut edir ki, milli idman növü güləş Azərbaycan idmanının aparıcı sahəsidir. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Belə ki, bu yarışda idmançılarımız 16 medal qazanıb ki, onlardan 7-si qızıl medaldır. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir. Cənab Prezident "Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik", - deyərək bildirib ki, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir: "Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik". Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.

İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən, Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Son 19 ildə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. Bütün bunlarda Azərbaycan gəncliyi öz sözünü deyir.

Onu da bildirək ki, hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir.

"ƏSAS YÜKÜ, ƏSAS VƏZİFƏNİ GƏNC NƏSİL YERİNƏ YETİRDİ"

Qürurverici haldır ki, Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda formalaşıb. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən gənclərin şücaəti, mücadiləsi milyonlarla insanlarda qələbə sevincini yaşatdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərdir. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", - deyən Azərbaycan Prezident İlham Əliyev bildirib ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərdən olan vətəndaşlarımızın böyük zəhməti var, payı var: "Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Öz canları, qanları bahasına vətənimizin müdafiəsinə qalxan igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar. Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz böyük uğurlara imza atırlar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə