Vətən müqəddəsdir. Heç bir məfhum bu qədər böyük mənanı ifadə edə bilməz. Sonu görünməyən bir sevgidir, vətən sevgisi. Dünyanın hansı qitəsində yaşasan da Vətən sənin üçün ən ülvi bir məkandır. Daşı da, qayası da sənə doğma və əzizdir. Vətən qarşısında hər kəs məsuliyyətlidir və onu müdafiəsidə durmaq isə hər kəsin borcudur. Şərəfli və məsuliyyətli bir vəzifədir onu qorumaq və müdafiə etmək, lazım gələrsə, qan tökmək. Tökülən qan hədər getməz... Vətən öz torpaqlarını, sərhədini qoynuna aldığı və yetirdiyi övladları ilə qoruyur. İnsana verilən yaşamaq hüququndan keçənlər, Vətən yolunda şəhid olanlar ən yüksək zirvəyə yüksəlirlər. Qəhrəmanlıq və ərənlik məktəbi bu torpağın tarixinə yazılıb. Odur ki, tarixdən dərs alanlar bu torpağın qəhrəmanına çevrilirlər. Tarixi dönəmlərdə olduğu kimi, müasir dövrümüzdə də Azərbaycan oğulları öz qanları ilə Azərbaycan torpağı üzərinə "VƏTƏN" sözünü həkk edirlər. Son otuz ilin hadisələri bunu bir daha deməyə əsas verir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində minlərlə Azərbaycan oğlunun vətənin müdafiəsinə qalxması tariximizin səhifəsində qürurlandırıcı bir salnamədir. Bir ailədən, bir obadan boy atanlar, Azərbaycan kimi məmləkətin əbədi dünyasının sakini oldular. Hər bir ailənin övladına çevrildilər.
26 İYULDA DOĞULANLAR
Həyatın qəribə gedişləri var. Ayrı-ayrı ailədə doğulub və bir xalqın övladına çevrilən, bir gündə anadan olub və eyni tale yaşayan oğullarımız var. Bu gün doğum günlərini qeyd etdiyimiz üç şəhidimiz haqqında söz açacağam. 26 iyul onların doğum günüdür. Vətəni harayına səs verən igid oğulların həyat hekayələrindən qısa bir şəkildə söz açacağam.
2016-cı il Aprel döyüşləri kimi tariximizdə yer alan hadisələr zamanı şəhidlik zirvəsinə yüksələn Rəşid Rövşən oğlu Mehdiyev. 26 iyul 1990-cı ildə Salyan rayonunda anadan olan Rəşid 26 yaşında ikən şəhidlik zirvəsinə yüksəlir. 2 aprel 2016-cı il onun şəhid olduğu tarixdir. 26 ildə qısa bir həyat yolu keçsə də, onu tanıyanların yaddaşında silinməz izlər salıb. Rəşid Mehdiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Arzularını artıq həyata keçirmək üçün addımlar atırdı. Əlbəttə ki, Rəşid orta təhsilini başa çatdırdıqdan sonra istənilən ali məktəbə daxil ola bilərdi. Lakin o, ali hərbi təhsil almağı, zabit kimi Vətənə xidmət etməyi, erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasında yaxından iştirak etməyi qərara alır. Bu istəyi reallaşdırmaq üçün Rəşid 2008-ci ildə Heydər Əliyev adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur və 2011-ci ildə həmin məktəbi bitirir.
Üzərinə düşən bütün vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirərək tez bir zamanda baş leytenant rütbəsini alır və Gəncədə yerləşən "N" saylı hərbi hissədə taqım komandiri kimi xidmət edir. 2016-ci il Aprel döyüşləri zamanı Rəşid ərizə yazaraq könüllü olaraq döyüşlərə qoşulur. Rəşid topcu kimi ordumuzun aprelin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklər yaxınlığında ermənilərin bir neçə texnikasını sıradan çıxarır. Nəticədə, baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olur.
Bir ananın dilindən süzülüb gələn bayatını vurğulamaq yerinə düşər:
Əziziyəm Salyana,
Rəşid gəlməz Salyana.
Necəsən bir ah çəkim...
Kür quruya, Sal yana.
Əzizim meyxanəyə,
Şeh düşüb meyxanəyə,
26 il bala saxladım,
Çıxarmadım toyxanəyə.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Rəşid Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
QISA VƏ ŞƏRƏFLİ YOL DİLLƏRDƏ DASTANA ÇEVRİLDİ
Elimdar Səlimxan oğlu Səfərov. Artıq şəhidlik zirvəsində yer alan vətən oğlunun keçdiyi qısa və şərəfli yol dillərdə dastana çevrilib. 26 iyul 1992-ci ildə dünyaya gəlib. Yardımlı rayonunda yayın isti günündə. Tale elə gətirir ki, o da Aprel döyüşünün şəhidinə çevrilir. 2 aprel 2016-cı ildə şəhid olur. Eyni gündə anadan olub, eyni gündə şəhid olan vətənin iki şəhid övladı: Rəşid və Elimdar. Cəmi 24 qış, 24 bahar yaşasa da, böyük bir hekayəsi var. Vətənə bağlı oğul idi. Deyilənə görə, çox güclü idi, onun qollarını heç kim qatlaya bilməzdi. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi. Vətənə, Bayrağa, İslami dəyərlərə çox bağlılığı onu ətrafında olan insanlara sevdirmişdir. Bu sevgi ondan düşmənə qisas almağa güc verdi.
Vətən torpağının azadlığı hər bir şeydən üstündür. Azərbaycan belə oğulları ilə fəxr edir. Azərbaycan Silahlı Qüvvələrinin giziri idi Elimdar. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
28 İLLİK ÖMRÜN ŞƏHİDLİK ZİRVƏSİ
Daha bir şəhid övladımız - Toğrul Səyyad oğlu Məmmədov. Toğrul da tarixin bu günü dünyaya göz açıb. Toğrul 14 iyul 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
Onun tərcümeyi-halına həkk edilən yazıları oxuyuruq: Toğrul Məmmədov 1988-ci ilin 26 iyul günündə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Orta təhsilini Şıxmahmud kənd tam orta məktəbində alıb, 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmiş və 2005-ci ildə buradan məzun olmuşdur. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə leytenant hərbi rütbəsi ilə burada təhsilin sonna yetirmişdir. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir.
Kapitan Toğrul Məmmədov 2016-cı ilin iyulun 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olur. İyulun 15-i isə Toğrul Məmmədov doğulduğu Babək rayonunun Şıxmahmud kəndində son mənzilə yola salınır.
Uşaqlıqda valideynlərini itirən Toğrul çox erkən ailəyə başçılıq edib. Balaca qardaş və bacısına ata, ana olmaq nə qədər çətin olsa da buna qatlaşmalı olur. Sonradan isə Azərbaycana oğul olur. Demək, sədaqət ocağa xidmətdən başlayır. Ailəsini, ocağını sevən, Vətənini də sevər. Ona oğul olar. Azərbaycanın qəhrəman oğlu Toğrul kimi.
Vətən sevgisi neçə-nəçə vətən oğlunun ömrünü, arzularını yarımçıq qoysa da, böyük bir arzularını gerçəkləşdirdi. 44 gülük Vətən müharibəsində bütün həşidlərimizin qisası alındı. İşğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Otuz ilə yaxın həsrətdən sonra doğma yurdlarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi dəmir yumruq olub düşmənin başını əzdi. Azad torpağımızda şəhidlərimizin ruhu da azadlığa qovuşub.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB