Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən birinə çevrilib ŞƏRH

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən birinə çevrilib ŞƏRH

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, uzaqgörən, məntiqli daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirmiş, əlaqələrini daha da genişləndirmişdir. Reallıq odur ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən birinə çevrilib. Məlum olduğu kimi, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iyulun 18-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuat konfransında ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki tərəf öz iradələrini səsləndirdilər. Dövlətimizin başçısı çıxışında ikitərəfli əməkdaşlığı xüsusi dəyərləndirərək bu gün mövcud əlaqələrin Şərq Tərəfdaşlığı çərçivəsində də çox uğurla inkişaf etdiyini qeyd etdi. Avropa İttifaqının Azərbaycanın əsas ticari tərəfdaşı olduğunu vurğulayan cənab prezident gələn illərdə icrası planlaşdırılan layihələrin də ticari əməkdaşlığı daha da genişləndirəcəyini bildirdi. Hazırda gündəlikdə üstün yer tutan enerji sahəsində əməkdaşlıqdır. Dövlətimizin başçısı eyni zamanda imzalanacaq yeni sazişlə bağlı ətraflı məlumat verərək Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə edilən məsələlərin potensial əməkdaşlığın bütün sahələrini əhatə edəcəyini bildirdi. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də Avropa İttifaqının Azərbaycanla münasibətlərini daha da dərinləşdirmək istədiyini deyərək bu sənədin, ilk növbədə, hər iki tərəfin apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirdi. Məlumdur ki, Səfər çərçivəsində imzalanmış yeni Memorandum tərəflər arasında imzalanmış ilk sənəd deyil. Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə 15 ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzun müddətli, proqnozlaşdırılan və çox ehtibarlı əməkdaşlığa söykənən münasibətlərimizi böyük nailiyyət kimi dəyərləndirərək yeni imzalanan Anlaşma Memorandumunu gələcək üçün bir növ yol xəritəsi adlandırdı. Dövlət başçısı bir daha bəyan etdi ki, tərəflərin potensialı nəzərə alınaraq şəbəkənin qurulması üzərində daha fəal iş aparılmalıdır. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Beləliklə, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalanması olduqca uğurlu, əhəmiyyətli hadisə kimi tarixə yazıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə