Hərbi zəfəri diplomatik zəfərə dönüşdürən Azərbaycan

Hərbi zəfəri diplomatik zəfərə dönüşdürən Azərbaycan

Azərbaycan 44 günlük müharibədə 30 illik həsrətə son qoyaraq Şanlı Qələbə qazandı. Bütün gücünü dünyaya nümayiş etdirdi, xalqının ordusu və dövləti ilə birlikdə olduğunu əyani şəkildə sübuta yetirmiş oldu. Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarix yazdı. Ermənistan ordusu bu müharibədə demək olar ki, məhv edildi. Rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü. Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi diz çökməli oldu.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrində olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərinə, yeni meqalayihələrə start verilib. Bütün bunlarla yanaşı Azərbaycan tərəfi Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının maddələrində yazılanları həyata keçirilməsinə nail olmağa çalışır. Ölkəmiz isə üçtərəfli bəyanatın müddəalarını yerinə yetirir və qarşı tərəfdən də bu müddəalara sadiq qalaraq əməli addımlar atmasını istəyir. Cənab Prezidentimizin də dediyi kimi, müharibənin başa çatmasından 1 il 8 ay keçməsinə baxmayaraq rəsmi İrəvan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə çalışmır. “Əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir”.

Məhz bu kimi səbəblərdən Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması istiqamətində müəyyən addımlar atılsa da əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur.

Yeni geopolitik reallıqları nəzərə alaraq, Vətən Müharibəsindən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən işğaldan azad olunmuş sərhədyanı ərazilərdə yeni hərbi hissələr, komando birlikləri yaradılır. Silahlı Qüvvələrimiz daha müasir silahlarla təmin edilir, modernləşdirilir və hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılır. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu nəinki regionun, həmçinin Yaxın və Orta Şərqin, bütün post-sovet məkanının ən qüdrətli silahlı qüvvələrindən biridir.

Əlbəttə, bölgədə sabitliki, davamlı sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan öhdəlikləri tam olaraq yerinə yetirdiyi halda məğlub Ermənistan hələ də kimlərdənsə sifariş gözləyir, sülhün yaranması, ikitərəfli əlaqələrin genişlənməsi prosesini hələ də əngəlləməklə vaxtı uzatmağa çalışır. Prezident İlham Əliyev son müşavirədə məsələyə münasibət bildirərkən bird aha qeyd edib ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb: “Status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz - bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur”.

Bəli Cənubi Qafqazda cərəyan edən bütün proseslər Azərbaycanın diqtəsi, birbaşa iştirakı ilə həyata keçirilir. İqtisadiyyatının 75-80 faizinə sahib Azərbaycan Cənubi Qafqazda dominant ölkədir. Maliyyə imkanlarımız imkan verir ki, bölgədə istənilən layihələri reallaşdıraq. Bunu dünya ölkələri də, beynəlxalq təşkilatlar da yaxşı bilirlər, ona görə də bizimlə hesablaşmalıdırlar. O cümlədən Ermənistan da Azərbaycanın tam qanuni tələblərini yerinə yetirmək məcburiyyətindədir. 30 illik işğala son qoyan Azərbaycan Ermənistanın qanunsuz əməllərini dayandırmaqla yanaşı, həm də beynəlxalq terrorizmin erməni qolunu tamamilə sıradan çıxarıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına reallaşdırıb.

Bu il Azərbaycanda “Şuşa ili” olduğu kimi dünyada da Azərbaycan ilidir. Azərbaycan işğal amilinə son qoymaqla həm də haqlının haqsız üzərində qələbə qazanmasının yollarını da dünyaya sübut etdi.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə