Böyük Qayıdışın ilk karvanı TƏHLİL

Böyük Qayıdışın ilk karvanı TƏHLİL

Prezident İlham Əliyev: "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər"

Nəhayət ki, həsrətlə gözlədiyimiz o xoşbəxt, möhtəşəm günə şahidlik etdik. Nə yaxşı ki, bu günü görmək bizlərə nəsib oldu. Çox insanlar həsrətlə, cadar-cadar olmuş ürəklərində bu nisgili özləri ilə son mənzilə apardılar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılacaq Böyük Qayıdışın ilk karvanı əzəli torpağımıza yol aldı. Bu anları bizlərə yaşadan Azərbaycan Prezidenti Cənab İlham Əliyevə minnətdarıq. Hər bir azərbaycanlının arzusu çin oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətləndi və ardıcıllıqla həyata keçirilir.

"BİZ AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARI BƏRPA EDƏCƏYİK"

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdəki abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilmişdir. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Həmin ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Zəngilan rayonun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər verirdi.
Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Nəhayət, həmin günə şahidlik edirik. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident insanlara, oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını bildirib: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Belə də oldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Xüsusi olaraq vurğulayaq ki, Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının də təməlini qoydu. Şübhəsiz ki, bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaq. "Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır" – deyə Prezident onu da qeyd edib ki, Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilib. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.
Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Azərbaycan daha bir modelini ortaya qoyacaqdır.
Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağıdır. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Artıq Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentdə keçirilib.

KƏND SAKİNLƏRİNİN DÖVLƏT XİDMƏTLƏRİNƏ RAHAT ÇIXIŞI TƏMİN EDİLİB

Ağalıya köçürülən ilk sakinlər arasında müxtəlif yaş həddində olan insanlar var: təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək ki, kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin ediləcəkdir. Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri fəaliyyət göstərəcək ki, bu da əhalinin işlə təminatında mühüm rola malikdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

"AĞALI KƏNDİNİN YENİDƏN QURULMASI VƏ BELƏ MÜASİR VƏZİYYƏTƏ GƏTİRİLMƏSİ MÜSTƏQİLLİYİMİZİN MÖHKƏMLƏNMƏSİNDƏN ASILI İDİ"

"Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi də həyata keçirilmiş layihələr sırasındadır. Göründüyü kimi, "Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası onların ixtiyarındadır. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Cənab Prezident bildirib ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur: "Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur".
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi: "Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə