"Avropa İttifaqı Azərbaycandan yalnız neft-qaz deyil..." - POLİTOLOQ DANIŞDI
"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə görüşü, müzakirə olunan məsələlər, eləcə də 18 iyul tarixli birgə bəyanatları və “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndiriməsi və Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsi baxımından çox əhəmiyyətli oldu". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə münasibətlər həmişə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında olub və ölkəmiz Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir: "Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci ilin iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sabiq prezidenti Donald Tuskun iştirakı ilə təsdiq edilib. Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri (2018-2020) sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilə qədər uzadılıb. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa gəldikdə isə deməliyəm ki, bu münasibətlər tarixi uzun illərər dayanır. Hələ 2006-cı ildə Brüsseldə “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2011-ci ildə isə Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Daha sonra 2015-ci ildə isə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradıldı. Şuranın bu ilin 4 fevralında keçirilən iclasında Aİ və Azərbaycan arasında yeni enerji dialoqunun təsis edilməsi barədə razılıq əldə olunmuşdu və indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu da enerji diaoqunun nəticəsi olaraq qəbul etmək olar.
Heç şübhəsiz ki, “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” energetika sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar açır. Məlumdur ki, Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP kəməri ilə Azərbaycandan Avropaya təbii qazın nəqli 31 dekabr 2020-ci il tarixindən başlanıb. 2021-ci ildə TAP kəməri ilə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin yanvar-iyun aylarında isə 5,4 milyard kubmetr təbii qaz ixrac olunub. İmzalanmış memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Avropa İttifaqına çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Əsas hədəf kimi 2027-ci ilə kimi Avropa İttifaqına ən azı illik 20 milyard kubmetr qazın ixrac edilməsi götürülür.
Göründüyü kimi Avropa İttifaqı etibarlı tərəfdaş kimi məhz Bakıya üz tutub. Bu isə Cənub Qaz Dəhlizinin həm TANAP, həm də TAP seqmentinin genişləndirilməsi prosesinə dəstəyin təmin olunması deməkdir. Dəstək isə özündə təkcə genişləndirmə prossesini deyil, həm də maliyyə dəstəyinin verilməsini ehtiva edir. İmzalanan Memorandumla tərəflər həm də bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəliklərini növbəti dəfə xüsusi olaraq qeyd etdilər.
Onu da xüsusi olaraq qeyd etməyə ehtiyac var ki, Avropa İttifaqı Azərbaycandan yalnız neft-qaz deyil, yaşıl enerji də almağı hədəfləyir. Uzunmüddətli planda tərəflər arasında enerji əməkdaşlığının məhz yaşıl enerji üzərində fokuslanması real perspektivdir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmiz xüsusilə külək enerjisi baxımından nəhəng potensiala malikdir. Bu potensial həm quruda, həm də dənizdə mövcuddur və artıq Avropa şirkətlərinin bu sahəyə marağının sürətlə artması müşahidə olunur. Bu baxımdan, memorandumda bərpa olunan enerji sahəsində tərəflər arasında mümkün əməkdaşlığın qeyd olunması Avropa İttifaqını ölkəmiz üçün yeni bazara çevirə bilər. Prezidentin də qeyd etdiyi kimi Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialının 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialının 157 qeqavat olduğunu nəzərə alsaq bu, Azərbaycan üçün bərpa olunan enerjinin də Aİ-yə ixrac olunması imkanları yaradır.
Son olaraq qeyd edim ki, memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə Avropa İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi üçün də geniş imkanlar açır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB