Cari ilin, 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir sıra məqamlara aydınlıq gətirildi. Ələlxüsus ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin müşavirədə söylədiyi giriş nitqi maraqla qarşılandı və həmin nitq əsnasında toxunulan məqamlar geniş ictimaiyyətin diqqətini cəlb etdi. Ölkə rəhbəri bu ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atıldığını dilə gətirdi və real nəticələrin hələki əldə olunmadığını da qeyd etdi.
“Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir”, deməklə cənab Prezident həm Ermənistan tərəfinə xəbərdarlıq etdi, həm də sülhə çağırış etmiş oldu. Doğrudur, ölkəmizin təşəbbüsü ilə sərhədlərin delimitasiya üzrə işçi qrupların birinci görüşü də keçirildi və ölkə rəhbərimizin qeyd etdiyi kimi, bu formatdan tez bir zamanda nə isə gözlənilmir. Məsələ burasındadır ki, delimitasiya kimi uzun bir prosesdə Ermənstanın maraqlı olduğu görünmür, əksinə, Ermənistan tərəfinin maraqlı olmadığı özünü göstərir. “İkinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq”, deyən ölkə rəhbərimiz Ermənistan tərəfinə sadəcə xəbərdarlıq elədi və rəsmi İrəvan bundan nəticə çıxarmalıdır. Nəticə çıxarmalıdır ki, rəsmi Bakı Ermənistan tərəfinin vaxtı uzatması ilə belə razılaşmayacaq və bundan sonra 30 il də gözləmək kimi bir fikir yoxdur, yaxud artıq heç bir güzəştdən söhbət gedə bilməz.
Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş baza prinsipi Ermənistan tərəfindən qəbul edilib və bu barədə də sözügedən müşavirədə ölkə başçısı xatırlatma etdi. Bu isə əslində, Ermənistanın bu məsələdə konkret addımlar atmaq kimi bir öhdəliyi haqda xəbərdarlıq idi. Onu da qeyd edək ki, rəsmi Bakının irəli sürdüyü təklif, 5 baza prinsipi barədə cənab Prezidentin xatırlatma etməsi də təsadüfi sayıla bilməz. Ermənistan rəhbərliyinin qeyd-şərtsiz qəbul etdiyi təklif beynəlxalq hüquqi norma və prinsipləri əsasında formalaşıb, bu məsələni qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran, eyni zamanda Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları müzakirə edib və bəlli olur ki, bunu da ölkə rəhbərimiz əbəs yerə xatırlatmadı, öhdəliklərin yerinə yetirilməsinin vacibliyi barədə xəbərdarlıq etdi. Bu, həm də bir mesaj olaraq qəbul olunur və bu mesaj ondan ibarətdir ki, məsələ təkcə rəsmi Bakının deyil, regionda marağı olan dövlətlərin də diqqət mərkəzindədir.
Ölkə rəhbərinin müşavirədə öz çıxışı, giriş nitqi zamanı xatılamalar, eləcə də xəbərdarlıqlar etməsi yenə də, növbəti dəfə siyasi iradənin bariz nümunəsi kimi qəbul olunmaqdadır. Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixində imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmaq istəyi, niyyəti göz önündədir və cənab Prezidentin də bu barədə qeyd etməsi, işğalçı tərəfin məcburi şəkildə kapitulyasiya sənədinə imza atması barədə xatırlatması, 44 günlük müharibənin məntiqi nəticəsi olan məğlubiyyətlə qarşılaşmış Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetiməli olduğu xəbərdarlığıdır.
Bilirik ki, Ermənistanın məğlubiyyəti, Azərbaycanın isə Zəfəri ilə müharibə başa çatdıqdan sonra Rusiya sülhməramlıları bəzi ərazilərdə yerləşdirildi. Məqsəd erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması idisə də bu məsələ hələ də öz həllini təəssüf ki, tapmayıb. Təbii ki, bu da Azərbaycan tərəfini narahat etməyə bilməz və cari ilin altı ayının yekunlarına dair müşavirədəki giriş nitqində cənab Prezidentin bu barədə qeyd etməsi tam yerinə düşdü. Əlbəttə ki, 10 noyabr bəyanatının 4-cü bəndinin tələblərinin yerinə yetirilmədiyi, yəni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmadığı barədə ölkə rəhbərimizin diqqətə çatdırdığı məqamlar məsələnin ciddi xarakter aldığından xəbər verir və bir çox politoloqlar bunu regionda yeni hərbi əməliyyatlar barədə xəbərdarlıq kimi şərh edirlər. İşğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsini təmin edəcək sülhməramlılar öz missiyalarını yerinə yetirməyibsə, az qala iki il keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıbsa və bu barədə qeyd edilirsə, deməli, regionda yeni hərbi əməliyyatlara ehtiyac duyulur və söylənilənlər xəbərdarlıq olaraq qəbul edilir.
Azərbaycan Ordusunun Fərrux yüksəkliyini, Fərrux kəndini bu ilin mart ayında erməni separatçılarından təmizləməsini əslində, böyük bir mesaj, xəbərdarlıq kimi ermənilər də ruslar da dərk etməli idilər. Dərk etməli idilər ki, separatçıları istənilən vaxt Azərbaycan özü, öz gücü ilə qovmaq iqtidarındadır və əgər həmin erməni separatçılarının ölkəmizin ərazisindən çıxarılması həmin o sülhməramlılar tərəfindən təmin edilmədikdə, separatçılar ərazilərimizi tərk etmədikdə Azərbaycan bu işin öhdəsindən də müharibədə olduğu kimi, ən tez zamanda layiqincə gələ bilər. Bu, həm separatçı ermənilərə, rəsmi İrəvana, həm də bu missiyanı öz üzərinə götürən Rusiyaya bir mesajdır. Həmin mesajın mahiyyəti də ondan ibarətdir ki, əvvəla, əgər erməni separatçıları ərazilərimizi tərk etməsələr onlar hərbi əməliyyatlarla buna məcbur ediləcəklər. Digər tərəfdən də sülhməramlılar öz missiyalarını yerinə yetirə bilmədikləri üçün ümumiyyətlə regionu tərk etməli olacaqlar.
Göründüyü kimi, Azərbaycan tərəfinin səbr kasası daşır və Ermənistana xəbərdarlıq edilir. Bu xəbərdarıq elə hərbi əməliyyatların istənilən anda başlaya bilməsi barədədir. Ermənilərin indi kürkünə birə düşüb, çünki cari ilin ilk altı ayının yekunlarına dair keçirilən müşavirədəki giriş nitqində ölkə rəhbərimiz bir növ, yeni əməliyyatların anaonsunu verdi. Çox güman ki, bu sonuncu xəbərdarlıqdır və ən qısa zamanda ermənilər bundan nəticə çıxarmasalar hansı sonluqla qarşılaşacaqlarını gözlərinin önünə almalıdırlar. Dərk etməlidirlər ki, bütün hərbi kontingenti, silah-sursat arsenalı, hərbi texnikası ilə Azərbaycanın qarşısında 44 gündən artıq davam gətirə bilməyiblərsə, deməli sadalananlar əldə getmiş indiki hallarında bir gün belə müqavimət göstərə bilməyəcəklər və separatçıların ərazilərimizdən qovulması ermənilərə baha başa gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB