“Azərbaycan dövləti bütün vətəndaşlarına sahib çıxır” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan dövləti bütün vətəndaşlarına sahib çıxır” - DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə və səsləndirilən fikirlər yalnız statistik nəticələrin qiymətləndirilməsi yox, həm də indiki vacib məqamda ictimai-siyasi proseslərə dövlətin mövqeyinin ifadəsi baxımdan mühüm əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyev xarici siyasətdən, Ermənistan-Azərbaycan münasibətlərinə, bölgədə sülh və təhlükəsizlik perspektivlərindən, digər qonşularla və tərəfdaşlarla münasibətlərə, daxili sosal-siyasi duruma qədər geniş spektrdə dövlətin iradəsini ortaya qoyaraq proseslərin axarı üçün yol xəritəsini bir daha ortaya qoydu: “Müşavirədən sonra bir neçə istiqamətdə aydın mənzərə açıldı. İlk növbədə istər daxili auditoriya, istərsə də beynəlxalq səviyyədə bölgəyə maraq göstərənlərə aydın oldu ki, Azərbaycan bütün istiqamətlər üzrə qarşıya qoyduğu vəzifələri uğurla icra edir. Qlobal iqtisadi böhran və dünyada gedən bahalaşma fonunda təsirlərə uğrasaq da Azərbaycan bu dövr ərzində iqtisadi müstəqilliyini möhkəmləndirib. Xarici borc asılılığı narahatlıq yarada biləcək həddən ən azı 7 dəfə daha yüksəkdə olmaqla bu istiqamətdə təhlükəni sıfıra endirib”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, eyni zamanda çətin qlobal geostrateji şəraitdə Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində qlobal təşəbbüskar kimi nüfuz qazanmış, Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatı başda olmaqla bir sıra beynəlxalq təsisatlar çərçivəsində fəal siyasət aparmış, eyni zamanda ikitərəfli diplomatik təmaslar hesabına bir sıra strateji məqsədlər, o cümlədən, yaranmış regional reallığın qəbul olunmasına nail olmuşdur.

Eyni zamanda ordu quruculuğu prosesi güclənmiş, ən müasir silahların alınması və istehsalı sahəsində ciddi addımlar atılmışdır ki, bu da Ermənistanla münasibətlərin sonrakı mərhələsində həlledici təsir imkanlarından biri kimi çıxış edə bilər. Ölkə daxilində isə sosial siyasət daha da güclənmiş, xüsusən şəhid ailələri və qazilərə diqqət və qayğı əməli formada artırılmışdır. Təsəvvür edin, yalnız bu il ərzində şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzil və ev verilmişdir. Bu kateqoriyadan olan və sağlamlığı imkan verən insanların işə cəlb etmək üçün ciddi addımlar atılmışdır və proses hazırda da davam edir.

Dövlət başçısı tərəfindən səslənən bu statistika, eyni zamanda həm də bu diqqət və qayğını ikinci plana keçirmək yaxud ümumiyyətlə pərdələyərək ölkə daxilində süni gərginlik yaratmaq istəyən, həssas təbəqəni alətə çevirmək niyyətinə düşən qüvvələr üçün tərs sillə oldu. Rəsmən açıqlanan və real faktlarda inikas olunmuş rəqəmlər tam mənada onu deməyə əsas verir ki, Azərbaycan dövləti şəhid ailəsi və müharibə əlilləri başda olmaqla bütün vətəndaşlarına sahib çıxır və şəxsən Dövlət Başçısının nümayiş etdirdiyi siyasi iradə bu diqqət və qayğının yüksələn xəttə inkişaf edəcəyini xəbər verir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə