“Mina xəritələri ilə bağlı üçüncü tərəflər səy göstərmir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini verməməklə ölkəmizə qarşı əlində hansısa uydurma təzyiqlərini saxlamağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, təbii ki, Ermənistanın bu tip davranışları regionda bundan sonra formalaşa biləcək sülh və etimad mühitinə vurula biləcək ən böyük zərbələrdən biridir: “Xüsusilə Azərbaycan ilə Ermənistan arasında birbaşa təmasların gücləndiyi indiki dövrdə hələ də Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana doğru-dürüst şəkildə təhvil verməməsi böyük problemlərdən biridir. Bugünə qədər həm Avropa İttifaqı tərəfindən, həm də Rusiya tərəfindən minalanmış ərazilərin xəritələrini Azərbaycana verilməsi ilə bağlı Ermənistana çağırışlar edilib. Təəssüflər olsun ki, Avropa İttifaqı Şurasının moderatorluğu altında qaytarılan minalanmış ərazilərin xəritələri, daha sonra isə Rusiyanın moderatorluğu ilə qaytarılan digər ərazilərin mina xəritələrinin böyük əksəriyyəti saxta çıxdı.
Digər bir tərəfdən hələ də Ermənistan işğaldan azad edilmiş bölgələrimizin tam olaraq bütöv mina xəritələrini Azərbaycana təhvil verməyib. Bu, Ermənistana regionda bundan sonrakı münasibətlər sistemində nə dərəcə provakativ mövqedə dayandığını göstərir. Lakin Azərbaycan Ermənistanın mina xəritələrini təhvil verməsini gözləmir. Bu gün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. İstənilən halda bu proses böyük vaxt və xərclər tələb edir. Çox təəssüflər olsun ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi barəsində üçüncü tərəflər səy göstərmir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB