Bakının irəli sürdüyü beş prinsipə qeyd-şərtsiz əməl olunmalıdır! ANALİTİK+AKTUAL
Azərbaycan və Ermənistan XİN başçılarının Gürcüstan görüşlərində Prezident İlham Əliyevin son müşavirədə bəyan etdiyi mesajları vurğulanıb - VAXT GETDİ!
Beləliklə, Azərbaycan və Ermənistan XİN başçılarının Gürcüstanın paytaxtı Tbilisidəki görüşləri başa çatdı və həmin görüşün üzərindən bir neçə gün keçdi və sual edilə bilər ki, həmin görüş nələri vəd edir?
Məhz həmin görüşdən dərhal sonra bir neçə amillər xüsusi diqqət çəkdi – ilk növbədə Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən reaksiyalar verildi, üstəlik, ABŞ-ın reaksiyası birbaşa Dövlət Departamentinin rəhbərindən oldu. Daha dəqiq desək, o ayrıca vaxt ayıraraq həmin görüşün əhəmiyyətli olduğunu nümayiş etdirdi. Əslində isə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşləri ABŞ üçün ona görə əhəmiyyətli idi ki, danışıqlar masasında Rusiya yox idi və əlbəttə ki, Blinken buna önəm verdiyini bir yolla nümayiş etdirməli idi və etdirdi də...

Qərb diplomatiyasının kiçik qələbəsi - Rusiya vasitəçi qismindəki total nəzarətini əlində saxlamaq istəyirsə ortada qalan problemlərin nəticəli həllini təmin etməlidir
Hələlik, Rusiya tərəfindən elə də ciddi reaksiya verilməyib. Belə ki, sözügedən görüş ilk dəfə idi ki, iki ölkənin XİN rəhbərlərinin ikitərəfli randevusu oldu və Moskva istər-istəməz “istənilən dialoqu alqışlamalı” kontekstində mövqeyini göstərməlidir. Baxmayaraq ki, ikitərəfli görüşün Rusiyasız baş tutması Qərb diplomatiyasının kiçik qələbəsi idi, amma Rusiya üçün ikitərəfli dialoqun Qərbin iştirakı olmadan keçirilməsi də onu qane etmir – yəni Ukraynada başının qarışıq olmasına rəğmən, Kreml bu məsələdə total nəzarət mexanizmini, eləcə də rıçaqlarını hər vəchlə saxlamağa çalışır. Fəqət, Rusiya vasitəçi qismindəki total nəzarətini əlində saxlamaq istəyirsə ortada qalan problemlərin nəticəli həllini təmin etməlidir.
İlham Əliyevin son mesajı budur - Əgər Ermənistan nala-mıxa döyəcləməyə davam etmək fikrində qalacaqsa bunu rəsmi qaydada, aşkar şəkildə desin və Azərbaycan dövləti də öz işini bilsin!
Qeyd edilənlərlə yanaşı, rəsmi Bakı Prezident İlham Əliyevin keçirdiyi müşavirəsindəki bəyanatları vasitəsi ilə açıq şəkildə və yalnız Rusiyaya deyil, bütövlükdə mövcud olan vasitəçilərə mesaj yolladı ki, bundan sonrakı müddətdə gözləmə mövqeyində qalmaq fikrində deyil və üçtərəfli Bəyanatda mövcud olan bütün bəndlər (!) qısa zamanda həll edilməlidir! Və əgər vasitəçilər həqiqətən də Ermənistanın yaxşılığını istəyirlərsə, ona yardım göstərmək fikirlərində ciddidirlərsə rəsmi İrəvana, bu ölkənin rəhbərliyinə bir reallığı çatdırmalıdırlar – odla oynamasın və özünü daha çətin, çıxılmaz vəziyyətə mübtəla etməsin.

Hətta belə desək, Ermənistan rəhbərliyinin sərgilədiyi oyunbazlığı da ona heç bir effekt vermir. Belə ki, 44 günlük müharibənin üzərindən 1,5 ildən artıq müddət keçməsinə baxmayaraq, təəssüf ki, hadisələr yenidən eskalasiya mərhələsində qalır, İrəvan isə hazırkı dövrə qədər uzatdığı vaxtı müqabilində bundan sonra uzatmaq şansını tamamilə itirib, zaman başa çatıb...
Prezident İlham Əliyev bu haqda bəyan edərkən də vurğuladı ki, əgər Ermənistan nala-mıxa döyəcləməyə davam etmək fikrində qalacaqsa bunu rəsmi qaydada, aşkar şəkildə desin və Azərbaycan dövləti də öz işini bilsin!
30 ilə yaxın dövr ərzində qeyri-işlək qalan BMT-nin 4 qətnaməsi Ermənistanın Azərbaycan qarşısındakı kapitulyasiyası kontekstində bu dəfə üçtərəfli Bəyanatla əvəzlənib
Artıq belə bir mühit formalaşıb ki, Ermənistan 44 günlük müharibədən sonra əldə edilmiş razılaşmalara məhəl qoymayaraq, üstəlik regionun nəqliyyat blokadasından çıxmasında guya ki, “maraqlı” olduğunu boğazdan yuxarı bəyan edərək sülh sazişinin imzalanması prosesini uzadırdısa, artıq bu şansını da itirib. Daha dəqiq desək, 30 ilə yaxın dövr ərzində qeyri-işlək qalan BMT-nin 4 qətnaməsi Ermənistanın Azərbaycan qarşısındakı kapitulyasiyası kontekstində bu dəfə üçtərəfli Bəyanatla əvəzlənib və Bakı bəyan edib ki, Bəyanatdan çıxmayacaq, çünki bu Bəyanat İrəvanın rəsmi məğlubolma sənədidir, üstəlik necə ki, 2020-ci ilin 27 sentyabr-10 noyabr aralığında BMT-nin qətnamələrini öz gücü ilə həll etdisə, üçtərəfli Bəyanatdakı tələblərin də yerinə yetirilməsini də həmin yolla həyata keçirilməsinə nail olmaq əzmindədir!
Hələlik isə Ermənistana və onun himayədarlarına sonuncu şans verilib ki, eskalasiya həddi yenidən konstruktivlik məcrasına geri döndürülsün...
Azərbaycan öz prinsiplərini və siyasi iradəsini ortaya qoyub və bütün vasitəçilərə mesaj verib ki...
Bu arada, onu da qeyd edək ki, ABŞ Tbilisi görüşündən sonra tərəflərin münasibəti ilə də maraqlanıb. Bazar günü Dövlət Departamentinin Avrasiya məsələləri üzrə rəhbərinin köməkçisi xanım Donfrid Azərbaycan və Ermənistan XİN rəhbərlərinə zəng edib. Yəni nümayiş etdirib ki, bu, ABŞ üçün mühüm bir məsələdir ki, həmin zəngi həftənin bazar ertəsi gününə saxlamayıb. Eyni zamanda qeyd etmək olar ki, ABŞ-ın və Aİ-nin fəallıqları Rusiyanı da fəal olmağa məcbur edib. Amma hər şeyə rəğmən, Azərbaycan öz prinsiplərini və siyasi iradəsini ortaya qoyub və bütün vasitəçilərə mesaj verib ki, Bakının irəli sürdüyü beş prinsipə qeyd-şərtsiz əməl olunmalıdır!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB