"Sülh barəsində danışmaq hələ tezdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Sülh barəsində danışmaq hələ tezdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əvvəla onu deyim ki, Rusiya-Ukrayna müharibəsində döyüş əməliyyatlarında son bir həftədir ki, müəyyən dönüşün baş verdiyi müşahidə olunur. Uzun müddətdir Ukraynanın istədiyi, amma ala bilmədiyi müəyyən silahlar artıq tədricən də olsa ABŞ və müttəfiqləri tərəfindən təmin olunmaqdadır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

Onun sözlərinə görə, söhbət MLRS və HİMARS raket sistemlərindən, ABŞ və Norveçin NASAMS hava hücumundan müdafiə sistemlərindən, həmçinin Almaniyanın İris-T sistemləri və eləcə də M30 və M31 raketlərindən gedir: "Bu isə öz növbəsində Ukrayna tərəfinə həm yaxşı müdafiə olunmaq, həm də əks-hücum əməliyyatlarını həyata keçirmək imkanı verir. Məhz bunun nəticəsidir ki, son bir həftə ərzində Rusiya Ukraynanın əlavə bir metr belə torpağını işğal edə bilməyib. Əksinə biz, Ukrayna tərəfinin Rusiyanın nəzarəti olan ərazilərə xüsusən də Xerson vilayətinə hücumlarının şahidi oluruq. Artıq qırxa yaxın kəndin işğaldan azad edilməsi ilə bağlı məlumatlar var. Bu isə öz növbəsində Rusiyanı daha da aqressivləşdirir və elə dünən Venitsada yaşayış binalarının hədəf alınması, mülki insanların, içlərində uşaqlar da olmaqla qətlə yetirilməsi bu aqressivliyin təzahürüdür.

Həm ABŞ, həm də Avropa başa düşdü ki, Rusiya ilə ancaq güc dilində danışmaq lazımdır. Çünki sanksiyalar hər nə qədər Rusiya iqtisadiyyatına ciddi təsir göstərsə də onların hələ ki, müharibəni aparmaq üçün yetərli qədər maliyyə imkanları var və tək sanksiyalarla Kremli dizə gətirmək uzun vaxt tələb edir. Vaxt isə yoxdur və sanksiyalardan əziyyəti təkcə Rusiya deyil o cümlədən də sanksiyaları tətbiq edən tərəflər, yəni ABŞ və Avropa da təsirlənir. Elə dünən ABŞ tərəfindən kənd təsərrüfatı, energetika, tibb sahəsi və s. bəzi sahələrlə bağlı sanksiyaların aradan qaldırılması da bunun göstəricisi hesab oluna bilər. Mən tamamilə əminəm ki, Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının maneəsiz daşınması ilə bağlı Rusiya ilə əldə edilən razılaşma da məzh elə Ukrayna tərəfinin həmin gücü nümayiş etdirməsinin nəticəsində mümkün oldu".

Politoloq həmçinin qeyd edib ki, sülh barəsində danışmaq hələ tezdir: "Belə ki, Rusiya ilə Ukrayna arasında sülh yalnız və yalnız Rusiyanın öz işğalçılıq siyasətindən əl çəkməsi halında mümkün ola bilər. Bu isə yalnız sülhə məcbur etmə nəticəsində mümkün ola bilər. Yəni, Rusiya öz qarşısında elə bir güc görməlidir ki, minimum hədəflərə qane olaraq müharibəni dayandırsın və geri çəkilsin. Ukrayna da indi məhz elə həmin gücü formalaşdırmaqla məşğuldur. Məlumdur ki, Selinskinin təlimatı əsasənda milyonluq ordunun yaradılması ilə bağlı işlər gedir və əgər ABŞ və müttəfiqləri də bu ordunun təchizatı üçün tələb olunan silah və texnikanın təminatını həyata keçirsələr o zaman biz çox böyük əks-hücum əməliyyatlarının şahidi olacağıq və yalnız o zaman Rusiya nəhayət ki, danışıqlar masasında oturmağa razı olacaq. Düşünürəm ki, ilin sonuna qədər Rusiya-Ukrayna cəbhəsində bir çox dəyişikliklərin şahidi olacağıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə