"Görülən bütün işlər Ali Baş Komandanın nəzarəti altındadır" - DEPUTAT ŞƏRH ETDİ

"Görülən bütün işlər Ali Baş Komandanın nəzarəti altındadır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Ermənistan işğalından azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri gedir. Hələ Vətən müharibəsinə qədər hökumət dairələrində Böyük Qayıdış planı hazırlanırdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra görüləcək əsas işlər, bunlara hazırlıq mərhələsi ciddi sürətdə işlənilirdi. Ona görə də, Vətən müharibəsindən dərhal sonra həmin torpaqların minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması, vəziyyətə görə yaşayış məntəqələrinin təmiri və ya bərpası məsələlərinə ciddi start verildi. Amma gözlədiyimizdən daha çox ərazi minalanmışdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bütün şəhər və kəndlər tamamilə dağıdılmışdı: "Praktiki olaraq Azərbaycan işğaldan azad olunan torpaqlarda həm infrastrukturun qurulmasına, həm vətəndaşlarımızın evlərinin tikilməsinə, həm sosial obyektlərin bərpasına tamamilə sıfırdan başladıq. Görülən bütün işlər Ali Baş Komandan İlham Əliyevin nəzarəti altındadır. Vaxtaşırı onun işğaldan azad olunmuş ərazilərə səfər etməsi, görülən işlərlə tanış olması, ayrı-ayrı regionların baş planını təsdiq etməsi onu göstərir ki, artıq vətəndaşlarımız öz dədə-baba torpaqlarına qayıda biləcək. Artıq Zəngilanın Ağalı kəndinə birinci köç bu ay başlayacaq və sentyabr ayının 15-də kənd məktəbində dərslər başlayacaq. Ağdam, Füzuli və Cəbrayılın rayon mərkəzində inşa işləri davam edir. Hesab edirəm ki, çox çəkmədən artıq rayon mərkəzlərinə vətəndaşlarımız qayıda biləcək.

Şuşada artıq yeni yaşayış kvartalı salınır. Eyni zamanda az dağıdılmış evlərin bərpası işləri gedir. İşğaldan azad edilmiş torpaqlarda təkcə evlər və sosial obyektlər tikilmir, eyni zamanda geri qayıdan vətəndaşlarımızın iş yerləri məsələsi də ciddi şəkildə işlənilir.

Vətəndaşlarımız bu torpaqlara geri qayıtdıqda hamısı işlə təmin ediləcək. Həmçinin bərpa işlərinə özəl sektorun da cəlb edilmısi daim gündəlikdədir. Artıq həmin zonada özəl sektor çox sayda obyektlər tikmək, iş yerləri yaratmaq barəsində təkliflər vermişdi. Biz artıq bu ildən başlayaraq vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasının şahidi olacağıq. Azərbaycan öz torpağına sahib çıxmağı fəaliyyəti ilə bütün dünyaya sübut etdi. Azərbaycan yeni bir tarix yazdı və bu tarixi cənab Prezident İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirdir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə