"ASAN xidmət": 10 il vətəndaş xidmətində TƏHLİL

"ASAN xidmət": 10 il vətəndaş xidmətində TƏHLİL

Sosial xarakter daşıyan "ASAN xidmət"in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Bu, vətəndaş məmnunluğunun ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılan "ASAN xidmət"in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılan "ASAN xidmət" mərkəzinin yaradılmasından 10 il ötür. Belə ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşma modelidir. "Vahid məkan" prinsipi əsasında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Əlbəttə ki, yaradılan imkanların nəticəsidir ki, vətəndaş məmnunluğu yaranıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir: "Yəni, "ASAN xidmət"in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq".

VƏTƏNDAŞLARA YÜKSƏK KEYFİYYƏTLİ XİDMƏTLƏR GÖSTƏRƏN "ASAN XİDMƏT" MƏRKƏZLƏRİ

Bu gün artıq "ASAN xidmət" mərkəzinin sayı artıb. 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirilməklə 15 yanvar tarixində fəaliyyətə başladı. Həmin tarixdən vətəndaşlara yüksək keyfiyyətli xidmətlər göstərilir. Və bu günə qədər ölkəmizin bir çox yerlərində mərkəzlərin sayı durmadan artır. Xronoloji ardıcıllığı nəzər salsaq görərik ki, 3 may 2013-ci ildə "Asan xidmət"in Sumqayıt mərkəzinin açılışı oldu. Bundan bir neçə həftə sonra, mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı həyata keçirildi. Bu mərkəz iyunun 5-də vətəndaşlara xidmət göstərməyə başlayıb. 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzin açılışı olub. 2013-cü ilin sonlarında, dekabrın 21-də Azərbaycanda sayca beşinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu mərkəz Gəncədə fəaliyyətə başladı. 23 yanvar 2014-cü ildə "ASAN xidmət" mərkəzlərindən istifadə edən vətəndaşların sayı 1 milyona çatdı. Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı isə 2014-cü ildə mayın 7-də oldu. Həmin ilin yayında "ASAN xidmət" səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Daha sonra Bərdədə, Bakıda, Masallı və Qəbələdə, Qubada, Mingəçevirdə, İmişlidə və Şəkidə, Şamaxıda, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "Asan xidmət" mərkəzləri fəaliyyətə başladı. Ümumilikdə, ölkə üzrə 23 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.

"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. 2013-cü ilin iyunun 1-dən etibarən artıq "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası da reallaşdırılıb. Bütün bunlar vətəndaşların rahatlığının təminatında, onlara şəffaf və nəzakətli xidmətin göstərilməsinin əsas faktorlarıdır. Dövlət başçısının 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı və qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər həyata keçirildi. "ASAN Kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir.

GÖRÜLƏN İŞLƏRƏ VERİLƏN QİYMƏT

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirlər: "BMT "ASAN"ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir". "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyasının qalibi olub. İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikatı alıb. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var.

"ASAN XİDMƏT" KİMİ, DOST MƏRKƏZLƏRİ DƏ BÜTÜN ÖLKƏMİZİ ƏHATƏ EDƏCƏK"

"ASAN xidmət" öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır". Bu fikirləri Azərbaycan Prezidenti Cənab İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib ki, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil, bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir: "ASAN"da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, "ASAN xidmət" bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir - DOST mərkəzləri fəaliyyətə başlayır və "ASAN xidmət" kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək. "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var". Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Mərkəzlərində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə 100-dən artıq xidmət göstərilir. 4 Saylı "DOST" Mərkəzinin tərkibindəki "Çağrı Mərkəzi" ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasını özündə ehtiva edir.

"DOST MƏRKƏZLƏRİNİN FƏALİYYƏTƏ BAŞLAMASI SOSİAL SAHƏDƏ GÖRÜLƏN İŞLƏRİN, APARILAN İSLAHATLARIN ƏYANİ TƏZAHÜRÜDÜR"

Dövlət başçısının bildirdiyi kimi, "Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür". Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. 2019-2025-ci illərdə istifadəyə verilməsi nəzərdə tutan DOST mərkəzlərinin 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində "bir pəncərə" prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Bu, "DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verir. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Cənab İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir. Bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verir, həm də şəffaflıq istiqamətində önəmli addımlar atılıb. Bu gün Azərbaycan təcrübəsi dünya ölkələrində öyrənilir. Dövlət başçısının vurğuladığı kimi, artıq "ASAN xidmət" "ASAN" adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb: "Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər". Əlbəttə ki, dövlətimiz tərəfindən bütün görülən işlərin arxasında insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi dayanır.

GÖRÜLƏN İŞLƏRİN ƏSASINDA DÖVLƏT MARAQLARI, ÖLKƏNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİNİN VƏ XALQIN FİRAVAN HƏYATININ TƏMİN EDİLMƏSİ DAYANIR

Bildiyimiz kimi, cari ilin mayın 28-də Bakıda 7 saylı "ASAN xidmət" mərkəzinin və "Bilim Bakı mərkəzinin açılışı oldu. Paytaxtda tikilmiş yeni "ASAN Həyat" Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzi və "INNOLAND", "Bilim Bakı" mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir. Kompleksin üçüncü hissəsi cari ilin sonunadək hazır olacaq. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb.

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə